Seləkəran kəndində əhali ilə görüş.
Seləkəran kəndi Suparibağ inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxildir. Burada 1000 nəfərə yaxın əhali yaşayır. Əsas məşğuliyyətləri əkinçilik və heyvandarlıqdır.
2 avqust tarixində rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevin Seləkəran kəndində əhali ilə görüşündə sakinlərdən Səhərbanu Məmmədova kənddaxili suötürücü kanalların lildən təmizlənməsi, Seləkəran ümumi orta məktəbin direktoru Səfərəli Teymurzadə yeni məktəb binasının tikintisi, Əmən Cabbarov Seləkərandan Giləkəran yaşayış massivinə gedən yolun, Kürsüm Babayeva Seləkəran-Suparibağ yolunun asfaltlaşdırılması barədə arzu və təkliflərini bildirdilər.
Rayon icra hakimiyyətinin başçısı cənab Q.Ağayev qeyd etmişdir ki, rayonumuzun bütün qəsəbə və kəndlərinin problemləri bizə bəllidir. Amma yerlərdə əhali görüşmək və onları narahat edən məsələlərlə tanış olub həlli yollarını birgə axtarmaq daha məqsədəuyğundur.
İlk növbədə qeyd etməliyəm ki, bütün sahələrdə sürətlə inkişaf edən müstəqil respublikamızın timsalında rayonumuzun siması da gündən-günə dəyişir. Yeni məktəb binaları tikilir, yollar abadlaşdırılır, şəhərin ayrı-ayrı küçələrində hasarlar ən müasir qaydada hörülür, işıqlandırma sistemi yenilənir, ictimai-yaşayış binaları əsaslı təmir olunur. Bu görülən işlər artıq şəhər hüdudunu aşaraq qəsəbə və kəndlərə, ucqar yaşayış məntəqələrinə keçmişdir. Təkcə bu yarımildə rayonumuzun şəhər və kəndlərində 20 km-dən artıq yol asfaltlaşdırılmış, on kilometrlərlə yol təmir edilərək avtomobillərin rahat hərəkəti təmin olunmuşdur. Bir neçə istiqamətdə kəndlərə təbii qaz çəkilişi davam etdirilir. Bu cür geniş miqyaslı işlər yalnız yüksək iqtisadi bazası olan ölkələrdə mövcuddur.
Suparibağ nümayəndəliyinin ərazisində də ciddi bir problem qalmayıb. Sosial-iqtisadi inkişaf və abadlıq sahəsində müəyyən işlər görülmüşdür. Suparibağ kənd tam orta və Rudəkənar kənd ümumi orta məktəblıəri üçün yeni binalar tikilmiş, əsas yollara asfalt döşənmiş, işıq və qaz problemləri həllini tapmışdır. Bunlar Ulu Öndərimiz Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi, möhtərəm Prezidentimiz İlham Əliyevin Astaraya göstərdiyi diqqət və qayğısı sayəsində mümkün olmuşdur.
Sadaladığınız məsələləri də diqqətlə dinlədik. Məktəb tikintisi dövlətin əsas diqqət yetirdiyi sahələrdən biri olduğuna görə əmin ola bilərsiniz ki, Seləkəran kənd ümumi orta məktəbi üçün yeni binanın tikintisi lap yaxın gələcəkdə həllini tapacaqdır. Söylədiyiniz istiqamətlərdə kənddaxili yolların asfaltlaşdırılması üçün də tədbirlər həyata keçiriləcəkdir.
Qeyd etməliyəm ki, müəyyən problemləri də özünüz yaratmısınız. Kanalların doldurulması və mühafizə zolağının zəbt edilməsi, ətraf mühitin çirkləndirilməsi, hamımızdan asılı olan məsələlərdir. Bu neqativ hallar baş verəndən sonra qaldırdığınız problemlərin həllində də çətinliklər yaranır. Belə halların baş verməməsi üçün əhali arasında təbliğat işi gücləndirilməli, ictimai qınaq vasitələrindən istifadə olunmalıdır. Tikilən hər bir obyekt, salınan yollar, aparılan digər abadlıq işləri yüksək səviyyədə qorunmalı, mühafizə olunmalıdır.
Bu kəndə əhali ilə yeni görüşlərə gələcəyini söyləyən icra başçısı Seləkəran kənd ümumi orta məktəbin yeni dərs ilinə hazırlığının vəziyyəti ilə də tanış olmuşdur.