Prezident İlham Əliyev Astarada Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 15-də Astarada Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı Mərkəzin açılışını bildirən lenti kəsdikdən sonra yaradılmış şəraitlə tanış oldu.
Bildirildi ki, Azərbaycanın bütün bölgələri kimi, Astara rayonunun da inkişafının bütöv bir mərhələsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin yenidən ölkənin siyasi rəhbərliyinə qayıdışı bütün respublikada olduğu kimi, Astaranın da inkişafında mühüm rol oynamışdır. Ümummilli liderin vətənimiz və xalqımız qarşısındakı xidmətlərini Astara rayonunun ictimaiyyəti daim ehtiramla yad edir, onun xatirəsinin əbədiləşdirilməsi üçün tədbirlər görülür. Astarada inşa olunan Heydər Əliyev Mərkəzi də ulu öndərin zəngin həyat yolunun səhifələrini vərəqləməyə, Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmağa imkan verir.
Prezident İlham Əliyevə məlumat verildi ki, orijinal memarlıq üslubunda tikilən Heydər Əliyev Mərkəzinin inşasına bu ilin yanvarında başlanılmışdır. İkimərtəbəli binanın girişində ulu öndərin büstü qoyulmuşdur.
Dövlətimizin başçısı Mərkəzin birinci mərtəbəsində ümummilli liderin mənalı həyatını və zəngin siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillərin və məlumatların yer aldığı tablolara, geniş ekranlı monitora baxdı.
Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan bölmələrdə ulu öndərin uşaqlıq və gənclik dövrlərini əks etdirən fotoşəkillər, 1969-1982-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı ilə bağlı gördüyü işlər, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatındakı quruculuq işlərindən bəhs edən materiallar toplanmışdır. Qiymətli eksponatlar arasında ümummilli liderin respublikamıza rəhbərlik etdiyi müxtəlif illərdə geniş ictimaiyyətin nümayəndələri, əmək adamları ilə görüşlərini əks etdirən fotolar yer almaqdadır. Burada dahi rəhbərin təhsil, mədəniyyət, səhiyyə, idman, ordu quruculuğu və neft strategiyasına göstərdiyi qayğını əks etdirən fotolar da nümayiş olunur.
Sonra dövlətimizin başçısı Mərkəzin ikinci mərtəbəsində yaradılmış şahmat, təsviri sənət, dekorativ tətbiqi sənət studiyaları və elektron kitabxana ilə tanış oldu.
Məlumat verildi ki, elektron kitabxananın fondunda 3500 kitab toplanmışdır. Buradakı 20 kompyuter vasitəsi ilə oxucular Milli Kitabxananın elektron kitabxanasında olan 11 min 416 elektron kitabdan istifadə edə bilərlər. Elektron kataloqda isə 149 min 983 kitabın biblioqrafik göstəricisi üzrə axtarış aparmaq mümkündür. Burada, həmçinin Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı Sərəncama əsasən latın qrafikalı əlifba ilə nəşr olunmuş 500-dək kitabın elektron versiyasından istifadə etmək mümkündür. Kitabxanada "Avropa kitabxanaları" elektron kataloqdan 48 ölkənin toplu kataloqu vasitəsilə axtarış aparmaq mümkündür. Milli Kitabxananın saytı vasitəsilə 21 xarici ölkə kitabxanaları ilə əlaqələr mövcuddur. Dekorativ tətbiqi sənət studiyasında miniatür xalçalar toxunacaq, həmçinin gənclər üçün xalçalıq kursları təşkil ediləcəkdir. Dekorativ tətbiqi sənət studiyasında gün ərzində 20-30 gənc bu qədim sənətə yiyələnmək üçün kurs keçəcəklər. Vurğulandı ki, bu addım həm də Astarada xalçaçılıq sənətinin inkişafına xidmət edəcəkdir. Şahmat studiyasında isə uşaqlar həm şahmat, həm də dama ilə məşğul olacaqlar. Burada məşğələlərlə yanaşı, yarışlar da keçiriləcəkdir. Gənclərin rəssamlıqla məşğul olmaları üçün Mərkəzdə təsviri sənət studiyası yaradılmışdır. Buradakı hərtərəfli şərait, eyni zamanda, 14 nəfərin təsviri sənətlə məşğul olmasına imkan verir. Mərkəz gənc nəslin dünyagörüşünün, bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayacaqdır.
Prezident İlham Əliyev Mərkəzin xatirə kitabına ürək sözlərini yazdı.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.