Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Ramazan bayram münasibətilə rayon əhalisinə təbrik.

06 avqust 2013 | 15:00

Əziz astaralılar!

Sizi Müqəddəs Ramazan ayının başa çatması, bu gözəl bayram münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzularımı bildirirəm.

Ramazan ayının müqəddəsliyini təcəssüm etdirən, yüksək mənəvi və əxlaqi keyfiyyətlər çoxdur. Müqəddəs Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanları xoş niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir.

Azərbaycanda sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsi ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olmuşdur. Ümummilli lider Heydər Əliyevin möhkəm təməl üzərində qurduğu ölkəmiz bütün sahələrdə yeni uğurlar qazanmaqdadır. Bu tərəqqini  təmin edən o nurlu yolun davamçısı Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevdir. Ölkə başçısının hər il bu müqəddəs ayda iftar mərasimində iştirak etməsi, müsəlman dövlətlərinin səfirləri ilə görüşməsi, müdrik fikirlərini bildirməsi dünyada analoqu olmayan ənənədir. Son bir il ərzində ölkəmizdə aparılan davamlı quruculuq işlərinin bütün sahələr kimi, mənəviyyat sahəsini də əhatə etməsi bütün xalqımızı hədsiz sevindirir. Məscid və ziyarətgahlarımızın  dövlətimizin başçısı İlham Əliyevin yaxından köməkliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulması, əsaslı təmir edilməsi ilin çoxsaylı əlamətdar hadisələrindəndir. Bütün bunların sayəsində Azərbaycan mədəni-mənəvi və dini dəyərlərə ehtiram məkanına çevrilmişdir.

Hər il olduğu kimi, bu gün də xalqımız, o cümlədən astaralılar Ramazan ayını böyük ruh yüksəkliyi ilə, könül xoşluğu ilə yola salır, bu gözəl ayın sınaqlarından layiqincə çıxdıqlarını nümayiş etdirirlər. Bu əziz günlərdə dövlətimizin rifahı və tərəqqisi naminə diləklərini söyləyir, ulu öndər Heydər Əliyevin, Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızın ruhuna dualar edir, xoş arzu və niyyətlərini bildirirlər.

İyulun 24-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında təşkil etdiyi iftar mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında haqlı olaraq qeyd etmişdir ki, müstəqil Azərbaycanın ən böyük sərvətlərindən biri də Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri rahat, bir ailə kimi yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Bu gün bizim dini bayramlarımız dövlət səviyyəsində qeyd edilir. Ramazan bayramı, Qurban bayramı, əsrlər boyu yaşatdığımız, ürəyimizdə saxladığımız Novruz bayramı bizim böyük sərvətimizdir.

Əziz astaralılar!

Bu əziz Ramazan bayramı münasibətilə hamınızı bir daha təbrik edir, evlərinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.

Allah orucunuzu qəbul etsin!

 

Qəzənfər Ağayev,

Astara rayon İcra Hakimiyyətinin başçısı   

Keçidlər