İcra başçısının rayonun ucqar kəndlərində əhali ilə görüşləri müntəzəm xarakter almışdır.
Rayon İcra hakimiyyəti başçısı Qəzənfər Ağayev avqustun 15-də Siyaku ərazi nümayəndəliyinin Siyakeş, Şağlazüzə, Həsın və Şıxəməhəllə kəndlərinin sakinləri ilə görüş keçirmişdir.
Siyaku inzibati ərazi dairəsi üzrə nümayəndə Xanəhməd Zahirov kənd sakinləri ilə görüşə gələn icra başçısını, inzibati orqanların, ayrı-ayrı idarə, müəssisə və təşkilatların rəhbərlərini salamlamış və yaşayış məntəqələri haqqında məlumat vermişdir.
Siyakeş kəndində 92 təsərrüfatda 488 nəfər, Şağlazüzə kəndində 52 təsərrüfatda 275 nəfər, Həsın kəndində 73 təsərrüfatda 388 nəfər, Şıxəməhəllə kəndində 56 təsərrüfatda 297 nəfər, cəmi 273 təsərrüfatda 1448 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti sitrusçuluq, arıçılıq və heyvandarlıqdır.
İcra başçısı ərazidə yerləşən yaşayış məntəqələrinin sakinlərini salamlayaraq onlarla bir neçə dəfə nümayəndəliyin bir sıra kəndlərində səyyar qəbul və görüş keçirdiyini bildirmiş və mövcud problemlərlə tanış olduğunu, onların yerinə yetirilməsi istiqamətində görülən tədbirləri diqqətə çatdırmışdır.
Sakinlərdən İmaməddin Fətəliyev, Mirzəqulu Mahmudov, Süleyman Zahirov, Saleh Mahmudov və başqaları çıxış edərək ən ucqar ərazidə yerləşən və əhalisi az olan yaşayış məntəqələrinin sakinləri ilə görüşə gəldiyinə görə icra başçısına təşəkkür və minnətdarlıqlarını ifadə etmiş, elektrik xətt təsərrüfatında mövcud problemlər, qaz xətti çəkilişinin vacibliyi, odun yanacağı ilə təminata köməklik göstərilməsi barədə təklif və qeydlərini bildirmişlər.
Kənd sakini Süleyman Zahirov çıxışında 5 kilometr Siyaku-Rinə yolunun asfaltlaşdırılmasının yerli əhali üçün çox böyük və qiymətli hədiyyə olduğunu bildirərək bu qayğı və diqqətə görə ölkə başçısı möhtərəm prezident İlham Əliyevə minlərlə kənd sakini adından hədsiz məhəbbət və ehtiramlarını çatdırmışdır. Digər sakinlər də çıxışlarında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində ölkədə və rayonumuzda aparılan geniş abadlıq və quruculuq işlərindən məhəbbətlə söhbət açmış, qarşıdan gələn prezident seçkilərində alternativsiz və ən layiqli namizəd olan ilham Əliyevə səs verəcəklərini inamla bildirmişlər.
Rayon Elektrik şəbəkəsinin rəisi Azad Hüseynov, Qaz İstismar Sahəsinin rəisi Zahir Rzayev görüşdə qaldırılan məsələlərlə əlaqədar görüləcək tədbirlər barədə məlumat vermişlər.
Rayon icra hakimiyyətinin başçısı Q.Ağayev çıxış edərək bu görüşdən məmnun olduğunu, qaldırılan məsələlərin həlli istiqamətində qısa müddətdə konkret və əməli tədbirlərin görüləcəyini bildirmişdir. Son dövrdə ölkənin hər yerində olduğu kimi rayonumuzda və hətta ən ucqar yaşayış məntəqələrində belə quruculuq və abadlıq işləri geniş vüsət almışdır. Şəhər, qəsəbə və kəndlərimizdə görülən müxtəlif məzmunlu çoxmiqyaslı işlər-küçə və parkların abadlaşdırılması, yeni işıqlandırma sisteminin qurulması, yolların asfaltlaşdırılması, təbii qaz xətlərinin əsaslı təmiri və çəkilişi, elektrik təsərrüfatının yeniləşdirilməsi istiqamətində aparılan işlər yalnız və yalnız əhalinin xoş güzəranının təmin edilməsi, rifah halının yaxşılaşdırılmasına xidmət edir. Təkcə bunu demək kifayətdir ki, Siyaku kənd ərazi nümayəndəliyində artıq bütün məktəblər üçün yeni binalar tikilmiş, müasir avadanlıqlarla təmin olunmuşdur. Miki, Rinə, Şağlazüzə tam orta, Marzəsəy kənd ümumi orta məktəblərindən sonra Siyaku və Vaqo kənd tam orta məktəbləri də sentyabr ayında yeni binalarda şagirdləri qəbul edəcəklər. Siyaku-Rinə yolunun yüksək tələblər səviyyəsində asfaltlaşdırılması doğrudan da yerli əhalinin böyük sevincinə səbəb olmuşdur. Gələcəkdə bu işlər daha geniş miqyasda davam edəcəkdir.
Əlbəttə, yaxın keçmişdə ucqar kəndlərdə problemlər, xüsusən elektrik enerjisinin verilməsində çətinliklər var idi. Bu gün həmin problemlər öz həllini tapmışdır. 2014-cü ildə ucqar ərazidə yerləşən yaşayış məntəqələrinə təbii qazın verilməsi də təmin ediləcəkdir. Bütün bu uğurlar ilk növbədə Ulu Öndərimizin siyasi varisi ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin gərgin və səmərəli fəaliyyətinin ürəkaçan bəhrələridir.
Astaralılar möhtərəm Prezidentimizin bütün fəaliyyətini dəstəkləyir, onun ətrafında sıx birləşdiklərini əməli işləri ilə sübut edirlər. İnanıram ki, bu birlik, bu inam xalqımızın xoşbəxtliyinin əbədi təminatçısına çevriləcəkdir.