Artupa kənd sakinləri ilə görüş
Səncərədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə 5 kənd daxildir ki, bunlardan əhalisinin sayına və ərazisinə görə ən böyüyü Artupa kəndidir. Kənddə 448 təssərrüfatda 2150 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti çəltikçilik, heyvandarlıq və sitrusçuluqdur.
Elə bu kəndə gəlişimiz də çəltik yığımı vaxtına təsadüf etdi. Sarı kəhrəbaya bənzər çəltik sahələrində zəhmətkeş insanlar əkib becərdikləri məhsulun yığımı ilə məşğul idilər. Torpağa baş əyən sünbüllərin görüntüsündən və kənd əməkçilərinin çöhrəsindəki sevincdən bol məhsulun olduğu duyulurdu.
22 avqust tarixində rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin kənd sakinləri ilə görüşündə vətəndaşlar bu barədə söhbət açaraq çəltik əkini üçün kənd təsərrüfatı texnikası olduğu halda daha çox çəltik əkə biləcəklərini söylədilər. Bu işdə təcrübəsi olan Nadir Quliyev çıxışında qeyd etdi ki, əl əməyini yüngülləşdirən texnika ilə kömək olunarsa, bütün sakinlər daha ürəklə işə girişər və çəltik bitkisinin becərilməsi üçün olduqca əlverişli olan bu torpaqlarda bir qarış da əkilməmiş sahə qalmayacaq.
Kənd sakinlərindən Fəxrəddin Məhərrəmov torpaq islahatı zamanı buraxılmış nöqsanların aradan qaldırılması üçün bu işə yenidən baxılmasının vacibliyi, Qarakişi Əsədullayev əkin sahəsinə gedən yolda suötürücü borunun qoyulması, Xeyrulla Qəhrəmanov kənddə poçt binasının, Sakitə Əliyeva Artupa kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə köməklik edilməsi barədə arzu və təkliflərini bildirdilər.
Rayon İcra hakimiyyətinin başçısı Q.Ağayev səmimi görüşə görə kənd sakinlərinə minnətdarlıq edərək qeyd etdi ki, nümayəndəliyin bütün kəndlərində vaxtaşırı əhali ilə səyyar qəbul və görüşlər keçirmiş, təkliflərini dinləmiş, qaldırılan məsələlərin həlli üçün tapşırıqlar vermiş və icrasına nail olunmuşdur. Ona görə də ərazidə həllini gözləyən qlobal problemlər qalmamışdır. Bütün kəndlərə təbii qaz və fasiləsiz elektrik enerjisi verilməsi təmin olunmuş, əsas yollar asfaltlaşdırılmış, yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. Buna baxmayaraq yenidən əhali ilə yerində görüşərək onları dinləməyi özünə borc bildiyini deyən icra başçısı söylənən təkliflərə münasibət bildirmişdir:
- Kəndin əkin sahəsinə gedən yolda qısa müddətdə suötürücü boru qoyulacaq ki, bu da hər cür hava şəraitində məhsulunuzu sahədən çıxarmağa imkan verəcəkdir. Yeni çəltik toxumu və çəltik əkini üçün müəyyən texnikaların əldə olunmasında da əlimizdən gələni edəcəyik. Məktəb tikintisi isə dövlətimizin həyata keçirdiyi vacib layihələrdən biridir ki, icrası uğurla təmin olunur. Elə təkcə rayonumuzda son illərdə 30-dan çox məktəb binası tikilmiş, bu dərs ilində daha 5 məktəb yeni simada sakinlərini qəbul edəcəkdir. Daha bir neçə yeni məktəb binasının tikintisi də davam edir. Ölkəmizdə, o cümlədən, rayonumuzda həyata keçirilən tədbirlər yalnız bununla məhdudlaşmır. Yollar asfaltlaşdırılır, xəstəxana binaları, diaqnostika mərkəzləri, idman kompleksləri, mədəniyyət sarayları və başqa obyektlər inşa edilərək əhalinin istifadəsinə verilir. Rayonumuzda hazırda aparılan tikinti quruculuq işləri də göz qabağındadır. İctimai yaşayış binaları və inzibati binalar təmir edilir, şəhərin küçə və prospektlərində yeni işıqlandırma sistemi quraşdırılaraq müasir üslubda hasarlar hörülür. Qısa müddətdə ucqar dağ kəndlərinin yolları təmir edilmiş, ən ucqar sərhəd kəndlərinə ilk dəfə olaraq avtomobil yolu çəkilmiş, elektrik enerjisinin verilməsi təmin olunmuşdur. Ərçivan qəsəbəsində boks idman kompleksində və Mərkəzi Xəstəxanasının ikinci korpusunda son tamamlanma işləri aparılır. Bütün bunlar insanların maddi rifah halının yaxşılaşdırılmasına, firavan yaşamasına xidmət edən işlərdir. Bu inkişafın, bu tərəqqinin təməli isə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin uğurlu fəaliyyəti ilə müvəffəqiyyətlə davam etdirilir. Bir vaxtlar ordumuzda xidmət edən əsgərləri geyimlə təmin etməkdə çətinlik çəkirdiksə, hazırda Azərbaycan ordusu Cənubi Qafqazda ən qüdrətli bir orduya çevrilmişdir. Ölkə rəhbərinin dediyi kimi ölkəmizdə neft kapitalının insan kapitalına çevrilməsi ideyası müvəffəqiyyətlə həllini tapır. Ölkəmizin iqtisadi gücü artıqca vətəndaşlarımızın firavan yaşaması üçün daha yeni layihələr həyata keçiriləcəkdir. Əlbəttə, böyük inkişaf və tərəqqi yolunda olan ölkəmizin qüdrətlənməsinə birliyimizlə, mətin iradəmizlə, dövlətə və dövlətçiliyə, Heydər Əliyev siyasətinə və bu siyasəti uğurla həyata keçirən ölkə rəhbərinə olan sədaqətimizlə nail ola bilərik.
Sizin hər birinizə bu yolda uğurlar arzulayıram.