Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Respublikanın ali məktəblərinə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş

28 avqust 2013 | 15:00

 

27 avqust tarixində rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin respublikanın ali məktəblərinə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüşü keçirilmişdir. Görüşdə rayonun ümumtəhsil məktəblərinin direktorları, tələbə adını qazanmış gənclər və valideynlər iştirak etmişlər.

Rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova təhsil göstəriciləri barədə statistikanı iştirakçıların nəzərinə çatdırmışdır.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev tələbə adını qazanmış gəncləri, onların valideynləri və müəllimlərini təbrik edərək qeyd etmişdir ki, rayonumuzda ali məktəblərə daxil olan gənclərin sıralarının ildən-ilə artması həm də elmə, biliyə olan marağın artması deməkdir.  Respublikamızda təhsilə və onun inkişafına hələ Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi dövründə xüsusi diqqət yetirilmişdir. O, təhsili millətin gələcəyi adlandırmışdır. Bu ənənə ölkə prezidenti cənab İlham Əliyevin fəaliyyəti ilə müvəffəqiyyətlə davam etdirilir. Ölkə rəhbəri tərəfindən təhsilin inkişafı üçün mühüm tədbirlər həyata keçirilmiş, təhsil islahatlarının, təhsil haqqında qanunun və təhsilin inkişafı ilə əlaqədar Dövlət Proqramlarının hazırlanması və yerinə yetirilməsi daim diqqətdə saxlanılmışdır. Bütün respublikada olduğu kimi rayonumuzda da təhsilin inkişafı ilə bağlı görülən işlər göz qabağındadır. Son illər rayonumuzda 37 məktəb binası yeni tikilmiş və ya əsaslı təmir olunmuşdur. Yeni dərs ilində daha 6 məktəb binası istifadəyə veriləcəkdir.

Bu diqqətin nəticəsidir ki, rayonumuzda təhsilin inkişafında uğurlu nəticələr qazanılır. Bunu bu gün görüşünə toplaşdığımız tələbə gənclərin nailiyyətləri bir daha sübut edir. Bu il rayonumuzun orta məktəblərini bitirən məzunlardan 172 nəfər tələbə adını qazanmışdır ki, bunlardan 20 nəfər 500-dən, 6 nəfər 600-dən yuxarı bal toplayaraq ali məktəblərə daxil olmuşlar. Bu çox yüksək nailiyyətdir. Mən tələbə adını qazanmaq şərəfinə nail olduğunuza görə hər birinizi ürəkdən təbrik edirəm. Eyni zamnda sizin yüksək hazırlığınızda əməyi olan müəllimlərinizi və valideynlərinizi təbrik edirəm. Arzu edirəm ki, siz ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanımızın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr verəsiniz.

Müstəqil dövlətimiz bu gün yüksək inkişafı, tərəqqisi ilə dünyada tanınır. Siz belə bir ölkənin vətəndaşı olmağınızla qürur hissi keçirməli, əməli fəaliyyətinizlə ölkəmizin daha da çiçəklənməsi üçün əlinizdən gələni etməlisiniz. Buna isə yüksək təhsil və böyük vətənpərvərlik mövqeyinizlə nail ola bilərsiniz.

Tələbə adı şərəfli, tələbəlik illəri isə insan ömrünün ən gözəl çağlarıdır. İnanıram ki, siz bu adı şərəflə daşıyacaq, elinizə, obanıza, sizə dərs deyən müəllimlərə və valideynlərinizə daim başucalığı və şöhrət gətirəcəksiniz. Bu yolda hamınıza uğurlar arzulayıram.

Tədbirdə Pensər kənd 2 saylı tam orta məktəbin direktoru Asif Əsədullayev, valideynlərdən Malik Əliyev, Mirzə Şükürov, Mübariz Teleyev çıxış edərək gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılıqlarını bildirərək ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə və tələbələrlə görüşə görə İcra başçısı Q.Ağayevə minnətdarlıq etmişlər. Tələbə adını qazanmış Siyaku kənd tam orta məktəbin məzunu Rəmzi Hacızadə, Astara şəhər 2 saylı tam orta məktəbin məzunu Nərmin Mütəllimzadə dövlətin gənclərə bu cür diqqət və qayğısına mükəmməl təhsilləri və gələcəkdə yüksək vətəndaşlıq mövqeyi ilə cavab verəcəklərini söyləmişlər.  

Yekunda ali məktəblərə qəbulda yüksək bal toplamış tələbələrə rayon İcra hakimiyyətinin başçısı tərəfindən hədiyyələr verilmiş, xatirə şəkli çəkilmişdir.

  

Keçidlər