Cənab İlham Əliyev “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinin xidməti binalar kompleksinin açılışında iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsinin “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinin, sərhəd komendantlığının və sərhəd zastavasının şəxsi heyəti üçün yeni inşa olunan yaşayış şəhərciyi, həmçinin sərhəd komendantlığı və sərhəd zastavasının əsaslı təmir olunmuş xidməti binalar kompleksinin açılışında iştirak etmişdir.
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Ali Baş Komandana məlumat verdi ki, yeni şəhərciyin ərazisi 5 hektara yaxındır. Buradakı səkkizmərtəbəli binada 77, digər iki binanın hər birində isə səkkiz mənzil vardır. Şəhərcikdəki 93 xidməti mənzildə də hər cür şərait yaradılmışdır. Burada 50 yerlik uşaq bağçası və istirahət parkı da vardır.
Prezident İlham Əliyev yeni mənzillərin orderlərini sərhədçilərə təqdim etdi.
Burada 25,3 kilometr məsafədə dövlət sərhədinin mühafizəsinə cavabdeh olan “Astara” sərhəd komendantlığının ikimərtəbəli qərargah binası da əsaslı təmir edilmişdir. “Astara” sərhəd zastavasının üçmərtəbəli xidməti binası da yenidənqurmadan sonra müasir standartlara cavab verir. Ətrafda əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.