Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Sərək kəndində əhali ilə görüş keçirmişdir.
Şuvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə daxil olan Sərək kəndi ərazidə iri yaşayış məntəqələrindən biridir. 1805 nəfər əhalisi və 436 təsərrüfatı olan bu kənddə 1 tam orta məktəb, mədəniyyət evi, seçki məntəqəsi fəaliyyət göstərir.
Tarixən çox qədim olan Sərək kəndində əhalinin əsas məşğuliyyəti sitrusçuluq, çayçılıq, arıçılıq və heyvandarlıqdır. Son dövrdə kənddə çayçılığın inkişafı diqqət mərkəzindədir.
Sentyabrın 13-də rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Sərək kəndində sakinlərlə görüş keçirmişdir.
Görüş iştirakçılarını salamlayan İcra başçısı Ərçivan-Sərək-Şüvi-Alaşa-Qapıçıməhəllə avtomobil yolunun yenidən qurulması ilə əlaqədar tez-tez bu kənddə olması və sakinlərlə səmimi görüşlərini qeyd etmişdir.
Şuvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Səfail İmaməliyev görüş iştirakçılarına ətraflı məlumat verdi.
Milli qəhrəman Yalçın Nəsirov adına Sərək kənd tam orta məktəbin direktoru Tərlan Ramazanov, kənd sakini Mühəddin Məmmədov çıxış edərək kənd sakinləri ilə görüşə gəldiyinə görə icra başçısına minnətdarlıqlarını bildirmişlər. Onlar böyük razılıq hissi ilə qeyd etdilər ki, ulu öndər Heydər Əliyev siyasətini layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində respublikamızın bütün sahələri misilsiz inkişaf yolundadır. Biz bunu Astaramızın timsalında aydın görürük. Son dövrdə rayonumuzun mərkəzində, qəsəbə və kəndlərində aparılan geniş abadlıq və quruculuq işləri hamını sevindirir. Xüsusilə diqqətə çatdırmaq istəyirik ki, yaşadığımız Sərək kəndində təbii qaz xəttinin istifadəyə verilməsi və rahat, geniş, yüksək keyfiyyətli asfalt yolun çəkilişi hər birimizdə sonsuz fərəh hissi yaratmışdır. Bütün sakinlərimiz bu xeyirxah işlərə görə möhtərəm Prezidentimiz İlham Əliyevə, rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə dərin təşəkkür və minnətdarlıqlarını bildirirlər.
Görüş iştirakçıları ölkə Prezidentinin Sərəncamı ilə Astara rayonunda sosial-iqtisadi inkişafın sürətləndirilməsi və Deqədi-Pəlikəş yolunun yenidən qurulması ilə əlaqədar vəsaitin ayrılması barədə xəbəri böyük sevinc və razılıq hissi ilə qarşıladıqlarını diqqətə çatdırdılar.
Səyyar qəbul zamanı kənd sakinləri kənddə görülən geniş tikinti və abadlıq işləri ilə yanaşı məktəbə gedən ara yolların təmiri, elektrik xətlərinin dəyişdirilməsi və yeni məktəb binalarının tikilməsi barədə təkliflər vermişlər.
İcra başçısı Qəzənfər Ağayev çıxışında son illərdə Azərbaycanın dünyada aparıcı dövlətlərdən birinə çevrilməsini və ulu öndər Heydər Əliyev siyasətinin parlaq sübutu olduğunu vurğulayaraq bu istiqamətdə gələcəkdə daha da qlobal problemlərin həll olunacağını diqqətə çatdırmışdır.
Bu gün ölkəmizin bütün bölgələrində sosial-iqtisadi inkişafda yüksək nailiyyətlər qazanılırsa, əhalinin rifah halının yaxşılaşdırılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keşirilirsə, sosial infrastrukturun yenidən qurulması və müasir tələblər səviyyəsinə çatdırılması üçün ənənəvi işlər görülürsə bütün bunlar ölkə başçısının ciddi və səmərəli fəaliyyəti nəticəsində mümkün olmuşdur.
Sentyabrın 4-də Azərbaycan Respublikasının prezidenti möhtərəm cənab İlham Əliyev cənub bölgəsinə səfəri çərçivəsində Astaraya gəlmiş, əsaslı təmir olunmuş və müasir tibbi avadanlıqlarla təmin edilmiş rayon Mərkəzi xəstəxanasının, Sərhədcilər üçün çox mərtəbəli yaşayış binasının, Astara Boks mərkəzinin və yenidən qurulmuş Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə avtomobil yolunun açılışında iştirak etmişdir. Möhtərəm Prezidentimiz 12 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə Astara rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, habelə Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi ilə əlaqədar vəsait ayırmışdır. Biz bütün bunlara görə Azərbaycan Przidenti möhtərəm cənab İlham Əliyevə rayonumuzun ictimaiyyəti adından dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
İcra başçısı görüşdə qaldırılan məsələlərlə əlaqədar müvafiq tədbirlərin görüləcəyini bildirmiş, ərazi nümayəndəsinin, bələdiyyənin, kənd sakinlərinin birgə fəaliyyət göstərməsinin vacibliyini diqqətə çatdırmışdır.