Rayonun daha bir kəndinə təbii qazın verilməsi bərpa olundu.
Gündən-günə inkişaf edən, iqtisadi qüdrəti artan müstəqil Azərbaycan respublikasında əhalinin sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir. Geniş quruculuq və abadlıq işləri aparılmaqla yeni-yeni məktəb binaları, xəstəxanalar, mədəniyyət və idman obyektləri inşa olunur, rahat yollar çəkilir, körpülər salınır. Görülən işlər sırasında şəhər, qəsəbə və kəndlərin qazlaşdırılması da mühüm yerdə durur.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən bu tədbirlər ölkə vətəndaşlarının həyat şəraitinin yaxşılaşdırılması, firavanlığının təmin edilməsinə yönəldilən mühüm işlərdir.
Rayonumuzda son dövrdə məktəb tikintisi, qəsəbə və kənd yollarının asfaltlaşdırılması və digər abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Əhalinin təbii qaza olan ehtiyacının ödənilməsi sahəsində görülən işlər daha sevindiricidir.
1450 təsərrüfatı, 4560 nəfər əhalisi olan Şahağac kəndi sovet dönəmində təbii qazla təmin olunsa da, bu sistem ləğv olunandan sonra rayonun digər yaşayış məntəqələri kimi bu kənddə də qaz xətləri tamamilə dağılmış, sıradan çıxmışdı. Uzun illər idi ki, kənd sakinləri təbii qaz almadığına görə ciddi çətinliklərlə üzləşirdilər.
Son 10 ildə rayonun qaz təsərrüfatının bərpası və yenidən qurulması istiqamətində aparılan mühüm işlər bir sıra yaşayış məntəqələrinə təbii qazın verilməsini gerçəkləşdirdi. Nəhayət 18 sentyabr tarixində Şahağac kəndi təbii qazdan istifadə edən rayonun 33-cü yaşayış məntəqəsi oldu.
Şahağac kəndində təbii qazın açılış mərasiminə rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevlə yanaşı, “Azəriqaz” İstehsalat Birliyi Tikinti Deportamentinin rəis müavini Kamran Cəfərov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və rayonun qaz təsərrüfatının işçiləri toplaşmışdı.
800-dən çox evə təbii qazın verildiyi bu gün kənd sakinləri üçün əsil bayram idi.
Şahağac kəndində keçirilən tədbiri icra nümayəndəsi Tərifə Ərəbova açmış, kənd sakinlərindən Şəməddin Əsədov, Elçin Əsədullayev, Famil Abdullayev, Sakit Mürsəlov və başqaları çıxış edərək payız-qış mövsümü ərəfəsində kənd sakinlərinə belə bir xoşbəxtliyi bəxş etdiyinə görə möhtərəm Prezidentimiz İlham Əliyevə hədsiz təşəkkür və minnətdarlıqlarını bildirmişlər. Çıxış edənlər son aylarda rayonumuzun ayrı-ayrı yaşayış məntəqələrində geniş abadlıq işlərinin görülməsini yüksək qiymətləndirmiş və bütün bunlara görə ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab İlham Əliyevə ən xoş arzularını ifadə edərək oktyabrın 9-da keçiriləcək Prezident seçkilərində bütün Azərbaycan xalqı kimi astaralıların, xüsusilə Şahağac kənd sakinlərinin yekdilliklə İlham Əliyevi dəstəkləyəcəklərini vurğulamışlar.
Rayon İcra hakimiyyətinin başçısı Q.Ağayev kənd sakinlərini əlamətdar hadisə-kəndə təbii qaz verilməsi münasibətilə səmimi qəlbdən təbrik etmiş, onlara ən xoş arzularını bildirmişdir. Rayon əhalisinin artıq 75 %-nin təbii qazdan istifadə etdiyini qeyd edərək bildirmişdir ki, ölkəmizdə Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla icra olunur. Yaşayış məntəqələri təbii qazla təmin edilir, yollar çəkilir, təhsil və səhiyyə müəssisələri istifadəyə verilir və digər sosial problemlər həll edilir.
Ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin müstəqil Azərbaycanın çiçəklənməsi üçün mümkün olan bütün tədbirləri həyata keçirdiyini qeyd edən icra başçısı, ölkə rəhbərinin sentyabrın 4-də rayonumuza tarixi səfəri zamanı Astara Mərkəzi Xəstəxananın, Şuvi-Alaşa-Qapıçıməhəllə avtomobil yolunun, Astara Boks Mərkəzi və sərhədçilər üçün inşa edilmiş yaşayış binasının açılışlarında iştirak etməsini, 12 sentyabr tarixində rayonumuzun sosial-iqtisadi inkişafının sürətləndirilməsi və Deqədi-Pəlikəş yolunun tikintisi ilə əlaqədar vəsait ayırmasını möhtərəm Prezidentin astaralılara böyük diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğulamışdır.
Rayonumuzun ən ucqar dağ kəndlərinə gedən yolun tikintisi üçün vəsaitin ayrılmasının, yeni dərs ilində bir gündə 6 məktəb binasının açılışının ölkəmizin böyük iqtisadi qüdrətindən xəbər verdiyini qeyd edən Q.Ağayev rayonun bütün sakinləri adından bu diqqət və qayğıya görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıq etmiş, ölkəmizin inkişafı naminə gördüyü möhtəşəm işlərdə uğurlar arzulamışdır.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev təbii qaz verilməsini nümayiş edən məşəli yandırmışdır.