Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

RİH-nin başçısı Q.Ağayev Gürcüstanda keçirilən beynəlxalq turnirdə yüksək nəticələr qazanan yeniyetmə boksçularımızla görüşmüşdür.

23 oktyabr 2013 | 15:00

 

Gürcüstanda məşhur boksçu Çabuki Çiqladzenin xatirəsinə həsr olunmuş yeniyetmə boksçuların beynəlxalq turnirində astaralı gənc idmançılar uğurla iştirak etmişlər. Gürcüstan Respublikasının Saçxeri rayonunda keçirilən bu yarışda Azərbaycan və Gürcüstanın 160-dan çox yeniyetmə boksçusu qalıb adı uğrunda mübarizə aparmışdır. Azərbaycan “Baku Fires” (Bakı atəşi) komandasının, Gəncə və Astara yığma komandalarının gənc idmançıları bu yarışda sevinc doğuran uğurlar əldə etmişlər.

İcra başçısı Q.Ağayevin təşəbbüsü və yaxından köməkliyi ilə Ərçivan qəsəbəsində tikilib istifadəyə verilən Astara Boks Mərkəzi idmançılarımızın böyük ruh yüksəkliyinə səbəb olmuşdur. Çox fərəhlidir ki, bu il sentyabrın 4-də Astara rayonuna səfəri zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev bir sıra mühüm obyektlərin,           o cümlədən Astara Boks Mərkəzinin də açılışında iştirak etmiş, burada yaradılan şəraitlə tanış olmuş, tövsiyə və tapşırıqlarını vermişdir.    

Hazırda Astara Boks Mərkəzində idmançılar həvəslə məşğul olur. İdmançılarımızın xoş sorağı Gürcüstandan gəlir. Burada yeniyetmələr arasında keçirilən beynəlxalq turnirdə Boks Mərkəzinin yetirmələrindən Elmar Bəhram oğlu Məmmədov      60 kq, Əli Lüftəli oğlu Xaniyev 52 kq, Füzuli Məzahir oğlu Tağıyev 50 kq, İmaməli Eldar oğlu Məmmədov 46 kq, Hüseyn Cahid oğlu Sadıxov 43 kq çəkilərdə birinci yerə, İmaməli Nəsimi oğlu Həsənov 44,5 kq və Kamil Kamal oğlu Kərimzadə 38,5 kq çəkilərdə üçüncü yerə layiq görülmüşlər.

Astaralı idmançılarının bu yarışda uğurlu iştirakı və yüksək intizam və mütəşəkkillik nümayiş etdirmələri Gürcüstanda böyük razılıqla qarşılanmışdır. Saçxeri idman məktəbinin direktoru M.Qaprindaşvilinin imzası ilə Astara rayon İcra Hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevin ünvanına təşəkkür məktubu göndərilmişdir. Bu məktubda məşhur boksçu Ç.Çiqladzenin xatirəsinə həsr olunmuş turnirdə yüksək təşkilatçılıq və intizam nümayiş etdirən boksçularımıza, boks qrupunun rəhbəri Tofiq Salmanova və ümumilikdə bu yarışda idmançıların iştirakını təmin edən rayon rəhbərliyinə təşəkkür və minnətdarlıq ifadə olunmuşdur.

Oktyabrın 22-də rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev turnirdə iştirak etmiş qalib idmançılarla görüşmüşdür.

Görüşdə İcra başçısı ölkəmizdə möhtərəm Prezident İlham Əliyevin bütün sahələrlə yanaşı idmana göstərdiyi qayğı və diqqətdən ətraflı söhbət açmışdır. Son illərdə Astarada Olimpiya İdman kompleksinin və Astara Boks Mərkəzinin istifadəyə verilməsi və hər iki obyektin açılışında möhtərəm Prezidentimizin şəxsən iştirakı bu qayğı və diqqətin parlaq sübutudur. Q.Ağayev qeyd etmişdir ki, gələcəkdə digər qəsəbə və kəndlərimizdə idman qurğuları və meydançaların tikintisi də nəzərdə tutulmuşdur.

İcra başçısı gənc idmançılara uğurlar diləmiş, gələcəkdə Azərbaycanın, o cümlədən Astaranın idman şöhrətini daha da ucaltmağı arzulamışdır.

Rayon Gənclər və İdman idarəsinin rəisi Ərçə Əliyev, yeniyetmə boksçulardan Elmar Məmmədov, Əli Xaniyev və başqaları idmançılara göstərilən qayğı və diqqətə görə möhtərəm Prezident İlham Əliyevə, icra başçısı Qəzənfər Ağayevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.

Beynəlxalq turnirdə fərqlənən boksçulara hədiyyələr təqdim edilmişdir.

Sonda yarış qalibləri ilə xatirə şəkli çəkdirilmişdir.

Keçidlər