2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olundu.
Oktyabrın 22-də Astara rayon İcra hakimiyyətində Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Şura iclası keçirilmişdir.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Şura iclasında qeyd etmişdir ki, oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Dövlətimizin başçısı iclasdakı geniş nitqində ölkədə 9 ayda qarşıya qoyulan vəzifələrin uğurla icra edildiyini, bütün makroiqtisadi göstəricilərin yüksək səviyyədə olduğunu xüsusi vurğulamışdır. İqtisadiyyatımız 9 ay ərzində 5,4 faiz, qeyri-neft sektoru 10,4 faiz artmışdır. Kənd təsərrüfatı 5 faiz, əhalinin pul gəliri 7,6 faiz artmış, inflyasiya cəmi 2,3 faiz olmuşdur.
Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətinə görə 39-cu yerdədir.
Bu ilin 9 ayında ölkə iqtisadiyyatına 17.7 milyard dollar investisiya qoyulmuşdur. Bunun 10.5 milyardı daxili investisiyalardır. İl ərzində 25 milyard investisiya qoyuluşu gözlənilir. Valyuta ehtiyatları artaraq 49.4 milyard dollar təşkil edir.
Son 10 il ərzində maaşlar və pensiyalar dəfələrlə artırılmışdır. Beləliklə yeni sosial proqramların həlli daim diqqət mərkəzindədir.
Təkcə bu ilin 9 ayında 200-ə yaxın məktəb binaları əsaslı təmir edilmişdir. 90 minə yaxın yeni iş yerləri açılmışdır.
Regional inkişaf proqramında nəzərdə tutulmuş bütün məsələlər uğurla icra olunmuş, Respublikanın bütün rayonlarında sürətli inkişaf, quruculuq-abadlıq işləri hər yerdə geniş vüsət almışdır. Rayonlar, kəndlər abadlaşır, böyük sənaye müəssisələri yaradılır, işsizlik aradan qaldırılır. Son 10 il ərzində 1 milyon iki yüz mindən çox iş yeri açılmışdır. Ondan 910 mini daimi iş yeridir. Bu dövrdə 2708 məktəb, 500-ə yaxın tibb ocağı, 40-a yaxın olimpiya idman kompleksi, 14 elektrik stansiyası, 7 aeroport, 10 min kilometrə yaxın avtomobil yolları tikilib istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Respublikanın bütün rayonlarına, o cümlədən Astara rayonuna ardıcıl səfərləri və bu səfərlər zamanı mühüm əhəmiyyətli sosial obyektlərin açılışında şəxsən iştirak etməsi, ictimaiyyət nümayəndələri ilə səmimi görüşləri, verdiyi tapşırıq və tövsiyələri rayon sakinlərinin hədsiz sevincinə və işgüzarlığının artmasına səbəb olmuşdur. Xüsusilə, səfərlər zamanı əhalini narahat edən problemlərin həlli ilə bağlı edilən müraciətlər əsasında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar imzaladığı sərəncamlar, rayonda tikinti-quruculuq, abadlıq işlərinin aparılmasına və Astaranın gündən-günə abadlaşması və gözəlləşməsinə şərait yaratmışdır.
Astaraya səfərindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 sentyabr 2013-cü il tarixli Sərəncamları ilə Astara rayonunun sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə 2 milyon manat və 12 min əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayırmışdır.
Möhtərəm Prezidentimiz qısa müddətdə imzaladığı sərəncamlarla rayonumuza 20 milyon manata yaxın vəsait ayırmışdır. Bu vəsaitlə şəhər, qəsəbə və kəndlərimiz abadlaşdırılmış, kəndləri birləşdirən yollar asfaltlaşdırılmış, yaşayış məntəqələrinin qazlaşdırılması təmin edilmiş, mühüm sosial obyektlər tikilib əhalinin istifadəsinə verilmişdir. Görülən işlər əhalinin sosial-məişət, maddi-rifah halının, ümumilikdə onların güzəranının daha da yaxşılaşmasında mühüm rol oynamışdır.
Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, ötən prezident seçkiləri ilə müqayisədə seçicilər daha yüksək əhval-ruhiyyədə siyasi fəallıq göstərərək xalqımızı xoşbəxt gələcəyə, inkişafa, tərəqqiyə aparan ən layiqli namizədə sevimli prezidentimiz cənab İlham Əliyevə təkrar ümumxalq məhəbbətini ifadə etmiş yekdilliklə ona səs vermişlər.
Şura iclasında qeyd olunmuşdur ki, Rayonda da 2013-cü ilin doqquz ayında sosial-iqtisadi sahədə də nəticələr uğurlu olmuşdur. Xüsusilə, tikinti-quruculuq və yol-abadlıq işlərinin aparılması diqqətdə saxlanılmışdır.
2013-cü ilin astaralılar üçün ən əlamətdar və uğurlu olması möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” imzaladığı 15 iyul 2013-cü il tarixli Sərəncamı olmuşdur. Bu sərəncamla 45 yaşayış məntəqəsini birləşdirən Ərçivan-Şuvi–Alaşa-Qapıçıməhəllə və Siyaku-Rinə avtomobil yollarının asfaltlaşdırılması üçün 3,3 milyon manat vəsait ayrılmışdır. Qısa müddət ərzində həmin yaşayış məntəqələrini əhatə edən 17,5 km yolun asfaltlaşdırılması başa çatdırılmışdır.
Möhtərəm Prezidentimizin 4 sentyabr 2013-cü il tarixdə həmin yolun açılışında şəxsən iştirak etməsi rayon ictimaiyyətinin hədsiz sevincinə səbəb olmuş, bu qayğı və diqqətinə görə ölkə rəhbərinə dərin minnətdarlıqlarını bildirmişlər.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rayonumuza səfəri, ictimaiyyətimizin nümayəndələri ilə səmimi və mehriban görüşü, dərin məzmunlu çıxışı, bir sıra mühüm obyektlərin açılışda iştirakı astaralıların qəlbində dərin qürur və sevinc duyğuları yaratmışdır. Astaralılar bu tarixi səfərin hər bir anını böyük fəxrlə xatırlayır və rayonumuza göstərdiyi bu qayğı və diqqətdən hədsiz fərəh və minnətdarlıq hissi keçirirlər. Rayonumuza səfər edən Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoymuş, abidənin yerləşdiyi parkda aparılmış abadlıq quruculuq işləri ilə tanış olmuşdur. Ərçivan-Şuvi-Alaşa-Qapıçımıhəllə avtomobil yolunun, Rayon Mərkəzi xəstəxanasının Poliklinika şöbəsinin, Sərhədçilər üçün tikilən 6 mərtəbəli yaşayış evinin və Ərçivan qəsəbəsində “Astara Boks Kompleksi”nin açılışlarında iştirak etmiş, tapşırıq və tövsiyələrini vermişdir. Rayon ictimaiyyəti ilə görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev son dövrdə Astara rayonunda görülən işlərdən razılığını bildirmişdir.
Astaraya səfərindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 sentyabr 2013-cü il tarixli Sərəncamları ilə Astara rayonunun sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə 2 milyon manat və on iki min əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsindən nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayırmışdır.
Beləliklə, son illərdə cənab Prezident Astara rayonunun sosial-iqtisadi inkişafı ilə əlaqədar 10 sərəncam imzalamışdır. Bu sərəncamlarla ümumilikdə rayona 20 milyon manat vəsait ayırmışdır. Ayrılmış vəsaitlər hesabına Astara ölkəmizin ən gözəl, abad rayonuna çevrilmişdir.
Rayonumuza göstərdiyi böyük qayğı və diqqətə görə, bizə hədsiz sevinc bəxş etdiyinə görə möhtərəm cənab Prezident İlham Əliyevə bütün astaralılar adından dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Astaralılar möhtərəm cənab Prezidentimizin müdrik və uzaqgörən siyasətini ürəkdən bəyənir və onun ətrafında sıx birləşdiklərini əməli fəaliyyətləri ilə nümayiş etdirirlər. Onlar 9 oktyabr 2013-cü ildə keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində yüksək fəallıq göstərərək yekdilliklə cənab İlham Əliyevə səs verməklə onu dəstəkləmişlər. Rayon üzrə seçicilərin böyük əksəriyyəti, yəni 84,92 faizi sevimli Prezidentimiz möhtərəm İlham Əliyevə səs vermişlər.
Doqquz ay ərzində rayonda abadlıq və quruculuq işləri daha geniş vüsət almışdır. Heydər Əliyev prospektinin girişində genişləndirmə işləri aparılmış, yolun hər iki tərəfində yeni hasarlar hörülmüş, 9500 m2 travertin materialından üzlüklər çəkilmiş, Giləkəran məscidinin dam örtüyü təmir edilərək dəyişdirilmişdir. Şəhər 1 saylı tam orta məktəbin qarşısında genişləndirmə işləri aparılmış, yeni dizaynda bağ salınmışdır. Astara Uşaq Musiqi məktəbinin dam örtüyü dəyişdirilmiş, fasadı yenidən işlənmişdir. S.Vurğun küçəsində 2, Z.Bunyadov küçəsində 3 ictimai yaşayış binasının dam örtüyü tam dəyişdirilmiş, Azərbaycan küçəsində 4 ictimai binanın fasadı yenidən qurulmuşdur. Nizami və Qum küçəsindəki hasarlar yenidən hörülmüş, Bayraq meydanının ətrafında geniş abadlıq işləri aparılmış, küçələrdə küvetlər təmir edilmişdir. Şəhərin küçə və meydanlarının işıqlandırılmasını daha da yaxşılaşdırmaq məqsədilə Heydər Əliyev prospektində elektrik dirəkləri yenisi ilə əvəz edilmiş, müasir işıqlandırma sistemləri quraşdırılmışdır.
Tikinti-quruculuq, abadlıq işləri qəsəbə və kəndlərimizdə də sürətlə davam etdirilir.
Dövlət Proqramının icrası ilə əlaqədar Telman, Sağlazüzə, Motlayataq Şuvi, Vaqo, Siyaku, Hamoşam, Rudəkənar və Asxanakəran, kəndlərində yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. Suparibağ, Əzərud və Anboba kəndlərində məktəb binalarının tikintisi davam etdirilir.
Kijəbə qəsəbəsində Heydər Əliyev Parkı tikilib istifadəyə verilmiş, orada Ulu öndərin büstü qoyulmuşdur.
Lovayın su anbarının əsaslı təmiri, və Ərçivan qəsəbəsində boks idman kompleksinin tikintisi və yeni parkın salınması başa çatdırılmışdır. Ərçivan qəsəbəsində 1 km, Pensər kəndində 1,4 km, Şiyəkəran kəndində 1,6 km, Seləkəran kəndində 1,3 km kənd ara yolları və şəhər 4 saylı orta məktəbinə gedən yolun 0,5 km asfaltlaşdırılmışdır.
Rayon icra hakimiyyətinin dəstəyi ilə Hamoşam, Asxanakəran və Pəlikəş ərazi nümayəndəliklərinə və Ojəkəran-Pəlikəş-Şəvqo kəndləri istiqamətində gedən yolların təmiri başa çatdırılmışdır. Pəlikəş ərazi nümayəndəliyinin Çükəş və Şümrüd çayları üzərində yeni körpülər inşa edilmişdir. Doli kəndinə elektrik enerjisi verilməsi təmin edilmişdir.
2013-cü ilin 9 ayında əhalinin qaz təchizatının daha da yaxşılaşdırılması məqsədi ilə 1539 evin qazlaşdırılması həyata keçirilmiş, 21499 p/m müxtəlif diametrli qaz xətlərində təmir-bərpa işləri aparılmış, 46 ədəd qaz tənzimləyici şkaf təmir olunaraq saz hala gətirilmiş, 23 ədəd yenisi quraşdırılmışdır. 14 ədəd yeni siyirtmə quraşdırılıb istifadəyə verilmişdir. 1018 ədəd sayğac həyətlərdən çölə çıxarılmışdır. Rayonda 680 ev olmaqla Şuvi, Sərək, Vəznəş kəndləri qazlaşdırılmışdır. 800 nəfərdən çox abonenti olan Şahağacı kəndinin qaz təchizatı başa çatmışdır. 300 nəfər abonenti olan Telman kəndə paylayıcı qaz xətləri quraşdırılmışdır. Züngüləş kəndinin qazlaşdırılması davam etdirilir. Təngərüd, Pensər, Kakalos, Bala Şahağac kəndlərində yeni massivlərin qazlaşdırılması həyata keçirilir. Rayonda qazlaşmanın səviyyəsi 73 %-i keçmişdir. Astara şəhərinin və Ərçivan qəsəbəsinin qaz şəbəkəsi yenidən qurulur. Siyaku kəndindən Pensər kəndinə qədər 4,5 km uzunluğunda polietilen boru ilə əvəz olunmuşdur.
Rayonun elektrik təsərrfatınında ilin əvvəlindən aparılan təmir-bərpa işlərində 510 ədəd ağac və dəmir dayaq və 21 min müxtəlif markalı kabellər istifadə olunmuşdur. Rayon üzrə Şahağac, Pensər, Siyaku, Şuvi, Pəlikəş, Deqədi və Marzasəy kəndlərində, Ərçivan və Kijəbə qəsəbələrində, Astara şəhərində yanıb sıradan çıxmış elektrik transformatorları Şirvan şəhərində təmir edilərək yenidən quraşdırılmışdır. Siyaku ərazi nümayəndəliyinin Miki kəndində tikintisi yarımçıq qalmış xətti çəkilmiş və transformator quraşdırılmışdır. Pəlikəş ərazi nümayəndəliyinin Dolu kəndinə 4,5 km yeni hava xətti çəkilmiş, transformator quraşdırılmışdır. Kijəbə qəsəbəsində yeni elektrik xətti çəkilmiş, transformator abonentlərə yaxın məsafədə quraşdırılmışdır. Pəlikəş, Siyatük kəndlərində və Astara şəhərinin S.Vurğun küçəsində az gücdə olan transformator yüksək gücdə olan transformatorla əvəz edilmişdir.
İlin əvvəlindən Alaşa, Suparibağ, Maşxan, Səncərədi, Artupa, Ərçivan, Şahağacı, Təngərüd, Kakalos, Balaca Şahağac, Şiyəkəran və Pensər təsərrüfatlarında ümumilikdə 5 min 500 p/m kanal lil və palçıqdan təmizlənmiş, sel sularının normal axıdılması təmin edilmişdir. Rayonda bir neçə təsərrüfatın əkin sahələrinə xidmət edən ümumi uzunluğu 27 km olan “Kələdəhnə” kollektorunun 5 min p/m-dən çox hissəsi lil və palçıqdan təmizlənmişdir. Rayon ərazisindən keçən çaylarda sel təhlükəsini aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlər görülmüşdür. Ərçivan çayında 2500 p/m məsafədə təmizlənmə və genişləndirmə işləri aparılmış, Astara çayında 2500 p/m, Pensər çayında 1800 p/m məsafədə təmizləmə işləri görülmüşdür.
Rayonda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində də uğurlar qazanılmışdır. Çay plantasiyalarından, tərəvəz, taxıl, kartof sahələrindən bol məhsul yığılmışdır. Bu il 379 ton buğda, 42 min 634 ton tərəvəz, 10 min 664 ton kartof, 343 ton yaşıl çay yarpağı, 674 ton çəltik istehsal edilmişdir.
Bu il 172 nəfər Respublikanın müxtəlif ali məktəblərinə daxil olmuş, 6 nəfər məzunumuz 600-dən yuxarı, 20 nəfər isə 500-dən yuxarı bal toplamışdır ki, bu da ötən illə müqayisədə xeyli yüksəkdir. Ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsil müəssisələrinin zəruri avadanlıqlarla təmin edilmişdir. Əhalinin müraciətləri əsasında rayonun Düriyyə kəndində ümumi orta, Reqluba kəndində ibtidai və Maşxan kəndlərində tam orta məktəb şəbəkəsinin açılması ilə əlaqədar məsələ qaldırılmışdır.
2013-cü ildə Rayon Mərkəzi xəstəxanasının Poliklinika şöbəsinin yenidən qurulması və əsaslı təmirdən sonra açılışında Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirakı, səhiyyə işçiləri ilə səmimi söhbəti, verdiyi tövsiyə və tapşırıqları rayon əhalisinin sağlamlığına göstərilən yüksək diqqət və qayğının əyani təzahürüdür. Artıq sakinlərimiz müalicə və müayinədən ötrü başqa rayonlara və xarici ölkələrə getmədən müasir tibbi avadanlıqlarla təchiz olunmuş, bütün şəraiti olan xəstəxanada tibbi xidmətlərdən yararlana biləcəklər.
Rayonun mədəniyyət müəssisələri ötən müddət ərzində əlamətdar və tarixi günlərlə əlaqədar əhaliyə mədəni xidmətin göstərilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirmişlər.
Rayonda gənclərlə iş və idman sahəsində tədbirlər keçirilmiş, Respublika və zona final mərhələlərində idmançılarımız qızıl, gümüş və bürünc medallar, fəxri fərman və diplomlara layiq görülmüşlər.
Rayonda vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüşdür. Şəhər, qəsəbə və kəndlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar ictimaiyyət arasında böyük maraq doğurmuş və razılıqla qarşılanmışdır. Dağlıq ərazidə yerləşən yaşayış məntəqələrində keçirilən səyyar qəbul və görüşlərdə vətəndaşlar tərəfindən qaldırılan məsələlər qısa müddətdə həllini tapmışdır.
2013-cü ilin 9 ayında rayon İcra hakimiyyətinə 1103 ərizə və şikayət qeydə alınmış, keçən ilin müvafiq dövrü ilə müqayisədə 64 müraciət azalmışdır. Bu müddətdə 32 səyyar qəbul keçirilmiş edilən müraciətlər əsasında qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll edilmişdir.
Şura iclasında DSMF-nun Astara rayon şöbəsinin müdir əvəzi Elbrus Abbasov, rayon Telekommunikasiya Qovşağının müdiri Ələkbər Həmzəyev, Ərçivan qəsəbə ərazi nümayəndəsi Azad Əzizov, rayon Paylayıcı Elektrik Şəbəkəsinin rəisi Azad Hüseynov, Hamoşam ərazi nümayəndəsi Səlahəddin Əliyev çıxış etmişlər.
Rayon İcra hakimiyyətinin başçısı Q.Ağayev Şura iclasına yekun vuraraq qeyd etmişdir ki, görülən işlərlə yanaşı qarşıda həlli vacib olan məsələlər də az deyildir. Elektrik xətt təsərrüfatının yenidən qurulması, qazlaşdırılmamış dağətəyi və dağlıq yaşayış məntəqələrinin qazlaşdırılması, şəhər, qəsəbə və kəndlərinin içməli su ilə təminatı, Astara şəhərinin kanalizasiya sisteminin qurulması, şəhər, qəsəbə və kəndlərdə ara yolların asfaltlaşdırılması, təhsil, səhiyyə və mədəniyyət, istirahət parkı, idman obyektlərin tikintisi və əsaslı təmiri və digər məsələlərin icrası ilə əlaqədar tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.