Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

İcra başçısı Q.Ağayev Təngərüd kəndində səyyar qəbul və görüş keçirmişdir.

08 noyabr 2013 | 16:00

Rayonumuzun iri yaşayış məntəqələrindən olan Təngərüd kəndində 3710 nəfər əhali, 1015 təsərrüfat vardır. Kənddə tam orta məktəb, həkim məntəqəsi, digər mühüm sosial obyektlər və iki fermer təsərrüfatı fəaliyyət göstərir. Əhalinin əsas məşğuliyyəti sitrusçuluq, heyvandarlıq və tərəvəzçilikdir.  

Noyabrın 7-də rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Təngərüd kəndində səyyar qəbul-görüş keçirmişdir.

Rayon İcra Hakimiyyəti başçısının Təngərüd kənd inzibati  ərazi dairəsi üzrə nümayəndəsi Süleyman Ağacanov əvvəlki səyyar qəbul və görüşdən sonra kənddə bir sıra problemlərin həlli istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişdir.

Kənd sakinlərindən Mətləb Hüseynov, Rahim İsfəndiyarov, Əmrulla Nəhmətov, Teymur Ağayev, Xaqani Mahmudov və başqaları çıxış edərək növbəti dəfə sakinlərlə görüşə gəldiyinə və son dövrdə rayonda aparılan geniş abadlıq-quruculuq işlərindən razılıqlarını diqqətə çatdırmışlar. Çıxış edənlər ötən görüşdən sonra kənddə görülən işlər, xüsusən Təngərüd kənd tam orta məktəbində əsaslı təmir aparılması, istilik sisteminin yenidən qurulması, suötürücü kanalların təmizlənməsi və həyata keçirilən digər tədbirlərə görə icra başçısına minnətdarlıq etmişlər.

Səyyar qəbulda Təngərüd kəndi ərazisində bir sıra vətəndaşların evlərinə təbii qaz xəttinin çəkilməsi, kənd tam orta məktəbinə gedən yolun qaydaya salınması, kənd məktəbi üçün əlavə korpusun tikintisi, suötürücü kanalların təmizlənməsi, həkim məntəqəsi və uşaq bağçasının təmiri, kəndin yuxarı hissəsindəki təsərrüfatlara su çəkilməsi və başqa həlli vacib məsələlər barədə təkliflər verilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev görüş iştirakçılarını salamlayaraq bütün kənd sakinlərinə oktyabrın 9-da keçirilən prezident seçkilərində yüksək fəallıq və mütəşəkkillik göstərdiklərinə, xoşbəxt gələcəyə və sürətli, dinamik inkişafa səs verdiklərinə görə dərin təşəkkür və səmimi minnətdarlığını bildirmişdir. Kənd sakinləri ilə görüşün işgüzar və səmərəli şəkildə keçdiyini bildirən icra başçısı, rayonumuzun bütün yaşayış məntəqələrində olduğu kimi, bu kənddə də əhalini narahat edən məsələlərdən məlumatlı olduğunu diqqətə çatdırmışdır. Son illərdə respublikamızın hər yerində olduğu kimi, Astara rayonunda da geniş quruculuq və abadlıq işlərinin aparıldığını, əhalinin fasiləsiz elektrik enerjisi və təbii qaza olan ehtiyacının ödənildiyini, yol infrastrukturunun köklü surətdə yaxşılaşdırıldığını və bu istiqamətdə işlərin bundan sonra daha sürətlə davam etdiriləcəyini bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sentyabrın 4-də Astara rayonuna səfərindən sonra rayonumuzun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə sərəncamlar verməsi, ən başlıcası, ucqar dağlıq ərazidə yerləşən Deqədi-Pəlikəş avtomobil yolunun yenidən qurulması üçün vəsait ayırması astaralılara olan qayğı və diqqətin parlaq sübutudur. Əgər ən ucqar dağlıq ərazilərə gedən yollar asfaltlaşdırılırsa, ayrı-ayrı kəndarası yolların da əsaslı təmirindən ötrü konkret tədbirlər görüləcəkdir.

İcra başçısı məlumat üçün bildirdi ki, ümumilikdə rayonumuzun bütün yaşayış məntəqələrində həlli vacib olan məsələlər yeni hazırlanan Dövlət Proqramına salınmışdır. Bu proqrama uyğun olaraq nümayəndəlikdə əlavə yeni məktəbin tikintisi, səhiyyə və məktəbəqədər tərbiyə müəssisələrinin təmiri eyni zamanda digər məsələlərin də tədricən öz həllini tapacağını qeyd edən Q.Ağayev, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin parlaq gələcəyi naminə gördüyü möhtəşəm işlərdə  birgə fəaliyyətin vacibliyini vurğulamışdır.

 

 

 

Keçidlər