Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Azərbaycan Prezidenti Astarada Olimpiya İdman Kompleksinin tikintisi ilə tanış olub

15 aprel 2011 | 15:00

Azərbaycan Prezidenti İlham Əliyev Astaraya səfəri çərçivəsində aprelin 15-də Olimpiya İdman Kompleksinin tikintisi ilə tanış olub.

Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, kompleksin inşasına "Azərbaycan Respublikası regionlarının, o cümlədən Lənkəran şəhəri, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Prezident İlham Əliyevin 2005-ci il 14 sentyabr tarixli sərəncamına əsasən başlanıb. Beş hektaradək ərazidə aparılan tikintiyə 2007-ci ilin yayında başlanıb. Baş plana əsasən, müasir memarlıq üslubunda, səkkizguşəli ulduz formasında inşa ediləcək kompleksdə ikimərtəbəli əsas universal idman zalı korpusu olacaq. İdman zalında min nəfərlik tribuna, trenajor və məşq zalları, foye, qarderob, məlumat stolu, yeməkxana, inzibati otaqlar, tibb, məşqçi və hakim otaqları və s. yaradılacaq.

Bildirilib ki, ikimərtəbəli üzgüçülük hovuzunun binasında 200 yerlik tribuna, uzunluğu 51 metr, eni 31 metr olan hovuz, məşqçi, hakim, inventar otaqları, yeməkxana və digər texniki otaqlar inşa ediləcək. Baş plana əsasən, ikimərtəbəli 4 kottec, futbol, basketbol, tennis və voleybol meydançaları, qaçış yolu, yerüstü avtomobil dayanacağı da inşa olunacaq. Kompleksə müstəqil qaz, su, kanalizasiya, elektrik, rabitə xətlərinin çəkilməsi və ayrılmış sahənin hasarlanması, yaşıllıqların və istirahət zolaqlarının salınması, binaların müasir avadanlıqla təchiz edilməsi, havalandırma və digər qurğuların quraşdırılması nəzərdə tutulub. Kompleks bu ilin sonunadək təhvil veriləcək.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tövsiyə və tapşırıqlarını verib.

Keçidlər