Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Dövlət Bayrağı günü münasibətilə Astara rayonunda silsilə tədbirlər keçirilmişdir.

09 noyabr 2013 | 16:00

Dövlət Bayrağı günü ilə əlaqədar Astara rayonunda keçirilən tədbirlər yaddaqalan olmuşdur. Heydər Əliyev Mərkəzində, rayon tarix-diyarşünaslıq muzeyində, Mərkəzi kitabxanada, Astara Pedaqoji Kollecində sərgi və konfranslar, ümumtəhsil məktəblərində rəsm və inşa müsabiqələri, məktəblilər və gənclər arasında kross, sərbəst güləş, şahmat idman növləri üzrə yarışlar, Kijəbə qəsəbəsində və Astara şəhərindəki Dövlət Bayrağı Meydanlarında ictimaiyyətin iştirakı ilə bayram tədbiri keçirilmişdir. 8 noyabr tarixində rayonun bütün ümumtəhsil məktəblərində və Astara Pedaqoji Kollecində ilk dərslər Dövlət Bayrağına həsr olunmuşdur.

Bundan başqa Astara rayon İcra hakimiyyətində Dövlət Bayrağı gününə həsr olunmuş “9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü xalqımızın tarixi nailiyyətidir” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Konfransı rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev açaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının prezidenti möhtərəm cənab İlham Əliyevin Sərəncamı ilə noyabrın 9-u ölkəmizdə hər il Azərbaycan Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Bu bayraq 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət Bayrağı elan etmişdir. 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında”           2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir. 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində Azərbaycan Respublikasının prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən  Dövlət Bayrağı Meydanının təməli  qoyulmuş, 2010-cu il sentyabrın 1-də təntənəli açılışı olmuşdur. Bu meydanda dalğalanan Azərbaycan Bayrağı dünyada ən böyük və ən uca bayraq kimi Ginnesin rekordlar kitabına salınmışdır. Meydanda qurulmuş Azərbaycan Respublikasının Gerbi, Dövlət himninin mətni və Dövlət Bayrağı Muzeyi Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırmış, onu daha da baxımlı etmişdir.  

Rayonumuzda da iki yerdə - Astara şəhərində və Kijəbə qəsəbəsində salınan Bayraq meydanlarında əzəmətli Dövlət bayrağının ucaldıldığını qeyd edən icra başçısı, hər iki Bayraq Meydanının açılışında ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin iştirak etməsinin əlamətdar bir hadisə kimi heç vaxt unudulmayacağını və astaralıalrın bununla qürur duyduğunu diqqətə çatdırmışdır. Rayonumuzun giriş qapısı olan Telman kəndində dalğalanan Dövlət Bayrağımız isə bu məkana qədəm qoyan hər kəsi heyran edir.

 Ölkə rəhbərinin apardığı məqsədyönlü siyasəti ilə tezliklə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağını, milli dövlət bayrağımızın ölkəmizin hər yerində olduğu kimi  Dağlıq Qarabağda da dalğalanacağını inamla söyləyən Q.Ağayev rayon ictimaiyyətini 9 noyabr Dövlət Bayrağı Günü, 12 noyabr Konstitusiya günü və 17 noyabr Milli Dirçəliş günü bayramları münasibəti ilə təbrik etmiş, xoş arzularını bildirmişdir.

Konfransda rayon İcra Hakimiyyətinin məsul işçisi Mərasim Hacıyevin “9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü xalqımızın tarixi nailiyyətidir” mövzusunda məruzəsi dinlənilmiş, rayon təhsil şöbəsi müdirinin müavini Faiq Həsənov, İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə  nümayəndəsi Şahverən Cavadov, Astara Pedaqoji Kollecin direktoru Əlihəsən Həmzəyev çıxış etmişlər.

Konfransda rayon İcra Hakimiyyətinin məsul işçisi Mərasim Hacıyevin “9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü xalqımızın tarixi nailiyyətidir” mövzusunda məruzəsi dinlənilmiş, rayon təhsil şöbəsi müdirinin müavini Faiq Həsənov, İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə  nümayəndəsi Şahverən Cavadov, Astara Pedaqoji Kollecin direktoru Əlihəsən Həmzəyev çıxış etmişlər.

Sonda Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2013-cü il tarixli Sərəncamı ilə “Dövlət Qulluğunda Fərqlənməyə Görə” medalı ilə təltif olunmuş rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mərasim Əliağa oğlu Hacıyevə,   Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycanın Əməkdar Müəllimi” fəxri adına layiq görülmüş Astara şəhər 2 saylı tam orta məktəbin direktoru Maya Əliməmməd qızı Həsənovaya və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə qalib olduğuna görə diplomla təltif olunmuş, “Astara” qəzetinin baş redaktoru Azər Ağadadaş oğlu Abdullayevə təltiflər təqdim olunmuşdur.

Keçidlər