Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri
20 noyabr 2013-cü il tarixdə Astara rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, müavinlər, şura üzvləri, partiya fəalları əvvəlcə Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında partiyanın banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin önünə tər gül dəstələri düzərək, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri rayon İcra hakimiyyətinin başçısı Q.Ağayev açaraq qeyd etmişdir ki, bu günlər müstəqil Azərbaycanımızın tərəqqisi və inkişafında əvəzsiz rolu olan Yeni Azərbaycan Partiyasının yaranmasının ildönümü ölkəmizin hər yerində təntənə ilə qeyd olunur.
Partiyanın yaranma tarixinin Azərbaycanımızın ən çətin siyasi sınaqlar qarşısında olduğu illərə təsadüf edildiyini, həmin illərdə Azərbaycan Respublikasının ağır günlərini yaşadığını qeyd edən natiq, ölkəmizin elan olunmamış müharibəyə cəlb edilərək torpaqlarımızın 20 faizinin erməni işğalçıları tərəfindən işğal edildiyini, soydaşlarımızın doğma yurd-yuvalarından didərgin düşdüyünü, ölkədə xaos, hərc-mərclik, vətəndaş müharibəsi şəraiti yarandığını diqqətə çatdırmışdır. Ölkəni müharibə alovunun bürüdüyü həmin illərdə Naxçıvan Muxtar Respubilikası Ali Sovetinin sədri vəzifəsində işləyən Heydər Əliyev muxtar respublikanın blokada şəraitində yaşamasına baxmayaraq əhalini aclıq təhlükəsindən xilas etmiş, bir qarış torpağın da işğalına imkan verməmişdir. Şəxsi nüfuzu, siyasi uzaqgörənliyi ilə dünya ölkələrinin diqqətini Azərbaycana və Naxçıvana yönəldə bilən bu böyük siyasi xadim, qonşu Türkiyə və İranla isti münasibətlər yaradaraq Naxçıvan əhalisini hər cür təhlükədən xilas edə bildi.
Yaranmış ağır vəziyyəti düzgün qiymətləndirməyi bacaran 91 nəfərdən ibarət ziyalı dəstə Azərbaycan xalqı adından ölkəmizi mövcud fəlakətdən qurtarmaq üçün Naxçıvan Muxtar Respubilikası Ali Sovetinin sədri vəzifəsində işləyən Heydər Əliyevə müraciət etdilər.
Görkəmli və mahir siyasətçi olan Heydər Əliyev alim və ziyalıların müraciətini müsbət cavablandıraraq yeni siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının yaradılmasına və bu partiyaya rəhbərlik etməyə razılıq verdi. 1992-ci ilin noyabrında təsis olunan Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasi hakimiyyətə gələndən sonra Azərbaycanda ən böyük siyasi qüvvəyə çevrildi.
İcra başçısı daha sonra qeyd etmişdir ki, biz Azərbaycanımızın bu günkü yüksək inkişafı və tərəqqisinə, aparıcı dünya ölkələri arasında hörmətlə qəbul edilməsinə görə Heydər Əliyev uzaqgörənıliyinə minnətdar olmalıyıq. Ulu öndərimizin varisçilik ənənələrinə daim sadiq qalan ölkə Prezidentimiz möhtərəm cənab İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirir.
Sıralarında yarım milyondan çox insanı birləşdirən Yeni Azərbaycan Partiyası ölkənin ən nüfuzlu və ən güclü siyasi qüvvəsi kimi ölkəmizin siyasi həyatında mühüm yer tutmaqla, fəaliyyətini uğurla davam etdirir, xalqın inamını və ümidlərini ləyaqətlə doğruldur.
Q.Ağayev qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev ölkəyə rəhbərliyi dövründə Astaraya altı dəfə səfər edərək, bir sıra mühüm obyektlərin açılışında iştirak etmiş, rayonun sosial-iqtisadi məsələlərinin həlli üçün çox önəmli Sərəncamlar imzalamışdır. Təkcə son iki ildə üç dəfə rayonumuza səfər edən ölkə başçısının bu ilin sentyabrında növbəti səfəri zamanı əsaslı təmir olunaraq yenidən qurulmuş Mərkəzi Xəstəxananın ikinci korpusunun, Astara Boks Mərkəzinin, Ərçivan-Şuvi-Qapıçıməhəllə avtomobil yolunun, sərhədçilər üçün inşa edilmiş çoxmərtəbəli ictimai yaşayış binasının açılışında iştirak etməsi, rayon ictimaiyyətinin nümayəndələri ilıə görüşməsi Astaraya və astaralılara böyük diqqət və qayğının təzahürü olduğunu vurğulamışdır.
Bizim üçün bu günkü gün bir də onunla əlamətdardır ki, partiyanın yaranmasının 21-ci ildönümünü ölkə rəhbəri, Yeni Azərbaycan Partiyasının sədri möhtərəm cənab İlham Əliyevin açılışını etdiyi rayon təşkilatının hazırkı bu gözəl binasında qeyd edirik. Bu hamımız üçün böyük sevinc və böyük bayramdır. Mən bu münasibətlə sizi bir daha təbrik edir, hər birinizə bol-bol sevinc, ölkəmizin inkişafındakı fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Tədbirdə Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Firudiin Əhmədovun partiyanın yaranma tarixi, keçdiyi şərəfli yolu barədə məruzəsi dinlənilmiş, rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, Heydər Əliyev Mərkəzinin direktoru Gülnarə Məcidova, YAP rayon Qadınlar Şurasının sədri Ağgül Məmmədova və başqaları çıxış etmişlər.
Sonda YAP sıralarına yeni daxil olanlara partiyanın üzvlük biletləri təqdim olunmuşdur.