Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Maşxan kəndində səyyar qəbul və görüş keçirmişdir

22 noyabr 2013 | 16:00

Noyabrın 21-də rayonumuzun iri yaşayış məntəqələrindən olan Maşxan kəndində rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev sakinlərlə səyyar qəbul və görüş keçirmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyəti başçısının Təngərüd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Süleyman Ağacanov nümayəndəliyə daxil olan Maşxan kəndində son dövrdə görülən işlər, mövcud problemlər barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, Maşxan kəndində 795 təsərrüfat, 3120 nəfər əhali vardır. Burada tam orta məktəb, mədəniyyət evi, feldşer-mama məntəqəsi, poçt, çay fabriki, kərpic sexi, fermer təsərrüfatları fəaliyyət göstərir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, sitrusçuluq və tərəvəzçilikdir. İcra nümayəndəsi ötən aylar ərzində kəndin uşaq bağçasının təmir olunub qaydaya salındığını, uşaqlar üçün normal şərait yarandığını, suötürücü kanalların bir hissəsinin təmizləndiyini, yeni salınmış məhəllədə yeni elektrik transformatorunun qoyulduğunu və digər işlərin görüldüyünü diqqətə çatdırmışdır. Bütün bunlarla birlikdə kənddə ara yolların təmiri, elektrik təsərrüfatının yenidən qurulması və digər problemlərin olduğunu bildirmişdir.
Kənd sakinlərindən Qadir Məmmədov, Hüseynağa Əliyev, Cəmil Şükürov, Əlibaba Məmmədov, İsa Qəmbərov, Qəhrəman Əkbərov, Orxan Rzayev və başqaları çıxış edərək vətəndaşlarla görüşə gəldiyinə görə icra başçısına dərin minnətdarlıqlarını bildirmiş, ulu öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən ölkə başçısı İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə və rayonumuzda həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində əhalinin maddi rifah halının xeyli yaxşılaşdığını diqqətə çatdırmışlar. 9 oktyabr seçkilərində kənd sakinləri mütəşəkkillik nümayiş etdirmiş, ən layiqli namizəd olan İlham Əliyevə yekdilliklə səs vermişlər. çıxış edənlər kənddə əhalinin yuxarı dağlıq hissədən gələn sel-sularından mühafizə edilməsi, suötürücü kanalların dərinləşdirilməsi işlərinin başa çatdırılması, məhəllə yollarının təmiri, elektrik dirəklərinin dəyişdirilməsi, yay fəslində kənd təsərrüfatı bitkilərinin suvarılması üçün əməli tədbirlərin görülməsi, Lovayın su anbarından kəndə su çəkilməsi, Maşxan kənd tam orta məktəbinin istilik sisteminin yaxşılaşdırılması və digər məsələlərin həlli ilə əlaqədar təkliflər irəli sürmüşlər.
Rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev çıxış edərək kənd sakinlərinə bu ilin oktyabr ayında keçirilən prezident seçkilərində fəal iştirak etdiklərinə görə dərin təşəkkür və minnətdarlığını bildirmişdir. İcra başçısı son illər ölkəmizin bütün bölgələrində sosial-iqtisadi inkişaf sahəsində yüksək nailiyyətlər əldə edildiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirildiyini, ən ucqar əyalətlərdə belə əhalinin elektrik enerjisi və təbii qazla təminatının xeyli yaxşılaşdığını, infrastruktur layihələrin uğurla yerinə yetirildiyini və qarşıdakı illərdə bu istiqamətdə işlərin daha sürətlə davam etdiriləcəyini bildirmişdir.
İcra başçısı bugünkü səyyar qəbul və görüşdə vətəndaşların qaldırdıqları bütün məsələlərin aidiyyəti qurumların rəhbərləri tərəfindən nəzarətə götürüldüyünü, bununla əlaqədar lazımi tədbirlərin görüləcəyini qeyd etmişdir. Lovayın su anbarından Maşxan kəndinə su çəkilişi ilə əlaqədar aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılacaq, suötürücü kanalların təmizlənməsi istiqamətində işlər davam etdiriləcək, məktəb və uşaq bağçasında əsaslı təmir işləri başa çatdırılacaq, yaxın gələcəkdə Təngərüd avtomobil yolunun asfaltlaşdırılmasına başlanılacaqdır.
Görüşün sonunda icra başçısı Maşxan kəndində suötürücü kanalların, məhəlləarası yolların vəziyyəti və görüş zamanı qaldırılan məsələlərlə yerində tanış olmaq üçün əraziyə baxış keçirmişdir.   

Keçidlər