Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Ərçivan qəsəbəsində səyyar qəbul və görüş keçirmişdir

06 dekabr 2013 | 16:00

Dekabrın 5-də Ərçivan qəsəbəsində icra başçısı Qəzənfər Ağayevin yerli sakinlərlə səyyar qəbul və görüşü keçirilmişdir. Görüşdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər. Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azad Əzizov çıxış edərək sakinlərlə növbəti görüşə gəldiyinə görə icra başçısına minnətdarlığını bildirmiş, ötən görüşdən sonra ərazidə görülən işlər barədə ətraflı məlumat vermişdir. Rayonun ən iri yaşayış məntəqəsi olan Ərçivan qəsəbəsində on minə yaxın əhali, 2220 təsərrüfat vardır.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Astara rayonunun Ərçivan kəndinə qəsəbə statusunun verilməsi haqqında” 27 dekabr 2012-ci il tarixli Sərəncamı rayon ictimaiyyətinin, xüsusilə Ərçivan qəsəbə sakinlərinin böyük sevincinə səbəb olmuşdur. Son aylarda Ərçivan qəsəbəsində geniş quruculuq və abadlıq işləri aparılmışdır. Ərçivan-Şuvi-Qapıçıməhəllə avtomobil yolu asfaltlaşdırılmış, Boks Mərkəzi istifadəyə verilmişdir. Ərçivan 1 və 3 saylı məktəblərinə gedən yollar asfaltlaşdırılmış, 4 saylı məktəbə gedən yol təmir edilmişdir. Ərçivan qəsəbəsinin ərazisindən keçən çayda dərinləşdirmə və təmizlənmə, aparılmış, suötürücü kanallarda qazıntı işləri aparılmışdır. Bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcəkdir.
Qəsəbə sakinlərindən Nəsir Süleymanov, İsa Həşimov, Məmmədağa Əliyev, Əliağa Ələkbərov, Məmməd Abdullayev, İltifat Ağayev, qəsəbə bələdiyyəsinin sədri İradə Ağayeva və başqaları çıxış edərək ərazidə elektrik təsərrüfatında təmir işlərinin aparılması, istifadəyə yararsız dirək və naqillərin dəyişdirilməsi, yeni məhəllədə elektrik transformatorunun qoyulması, pay torpaqlarında kənd təsərrüfatı əkinlərinin aparılması üçün texnikanın gətirilməsi, Ərçivan qəsəbə 3 saylı tam orta məktəbinin istilik sisteminin bərpa edilməsi, 2 saylı tam orta məktəbə gedən yolun təmiri, suötürücü kanalların dərinləşdirilməsi və təmizlətdirilməsi işinin davamı, qəsəbədə yeni avtobus dayanacaqlarının qurulması, qəsəbə ərazisindən keçən nəqliyyatın sürətinin məhdudlaşdırılması, qəsəbənin mərkəzinin işıqlandırılması, Ərçivan çayının üstündəki piyada körpüsünün genişləndirilməsi barədə təkliflər vermişlər.
Rayon Elektrik Şəbəkəsinin rəisi Azad Hüseynov qəsəbədə elektrik təsərrüfatı ilə bağlı mövcud problemlərin aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlər görüləcəyini, qəsəbəyə müstəqil elektrik xəttinin çəkilməsindən ötrü aidiyyəti təşkilatlara müraciət edildiyini bildirmişdir.
İcra başçısı Q.Ağayev çıxış edərək, ilk növbədə, bütün qəsəbə sakinlərinin 9 oktyabr Prezident seçkilərində mütəşəkkil iştirak etdiklərinə və ən layiqli namizəd olan İlham Əliyevə səs verdiklərinə görə onlara təşəkkür etmiş, Ərçivan qəsəbəsində sakinlərlə dəfələrlə görüş keçirdiyini, qaldırılan məsələlərin operativ həllindən ötrü imkan daxilində müvafiq tədbirlər görüldüyünü bildirmişdir. İcra başçısı ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə respublikamızda, o cümlədən rayonumuzda son illər genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparıldığını, xüsusən Ərçivan qəsəbəsinin simasının gözəlləşdirilməsi məqsədilə geniş tədbirlər görüldüyünü diqqətə çatdırmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin sentyabrın 4-də rayonumuza tarixi səfəri zamanı Ərçivan-Şuvi-Qapıçıməhəllə avtomobil yolunun və qəsəbədə yerləşən Astara Boks Mərkəzinin açılışında şəxsən iştirak etməsi onun Astaraya göstərdiyi hədsiz qayğı və diqqətin parlaq sübutudur. Regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar Dövlət Proqramlarının yerinə yetirilməsi şəhər, qəsəbə və kənlərimizin gündən-günə abadlaşdırılmasına səbəb olmuşdur. Bu istiqamətdə işlər daha sürətlə davam etdiriləcəkdir. Burada qaldırılan təkliflərin hər biri qeydiyyata götürülmüş, icrası üçün müvafiq tədbirlər görüləcəkdir. Xüsusən, Ərçivan çayında, suötürücü kanallarda təmizlənmə işləri davam etdiriləcək, məhəlləarası yolların təmiri məqsədilə əməli tədbirlər görüləcək, eyni zamanda qəsəbənin avtomobil yolu və əsas küçələrinin işıqlandırılmasına başlanılacaqdır. Bütün bunlarla birlikdə yerli sakinlər kanalların ətrafında qanunsuz tikililər aparılmasına qarşı mübarizə aparmalı, abadlıq və quruculuq işlərində aidiyyəti təşkilatlara yaxından köməklik göstərməlidirlər. Bu işdə sizin hər birinizə uğurlar arzulayıram.

Keçidlər