Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Vaqo kəndində səyyar qəbul və görüş keçirmişdir
Dekabrın 10-da Vaqo kəndində icra başçısı Qəzənfər Ağayevin yerli sakinlərlə səyyar qəbul və görüşü keçirilmişdir. Görüşdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər. Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xanəhməd Zahirov çıxış edərək sakinlərlə ikinci dəfə görüşə gəldiyinə görə icra başçısına minnətdarlığını bildirmiş, ötən görüşdən sonra ərazidə görülən işlər barədə ətraflı məlumat vermişdir. Lələkəpeştə və Ləzi yaşayış məntəqələrini özündə birləşdirən Vaqo kəndində iki minə yaxın əhali, 365 təsərrüfat vardır. Əhalinin əsas məşğuliyyəti sitrusçuluq, heyvandarlıq, arıçılıqdır.
İcra başçısının kənd sakinləri ilə ilk görüşündən sonra Siyaku İcra nümayəndəliyinin Vaqo kəndində geniş quruculuq və abadlıq işləri aparılmışdır. Siyaku-Rinə avtomobil yolu asfaltlaşdırılmış, Vaqo kənd məktəbi üçün yeni bina tikilib istifadəyə verilmişdir.
Kənd sakinlərindən Zaur Abbasov, Rakif Abidinov, Murtuza Ağamalıyev, Əsabəli Xankişiyev, Valeh Ağamalıyev və başqaları çıxış edərək son dövrdə rayonumuzun hər yerində, o cümlədən Siyaku icra nümayəndəliyinin ərazisində olan kəndlərdə yeni məktəb binalarının tikilməsi, avtomobil yollarının asfaltlaşdırılması və digər abadlıq işlərinin görülməsi məqsədi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərə görə ölkə başçısı İlham Əliyevə, rayon rəhbərliyinə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər. Çıxış edənlər görülən işlərlə yanaşı, mövcud problemlər barədə təkliflərini bildirmişlər. Son günlər havaların əlverişsiz keçməsi, xüsusən güclü küləklər nəticəsində ötən əsrin 60-cı illərində istifadəyə verilmiş mövcud elektrik təsərrüfatında ciddi problemlərin yarandığı, son günlərdə əhalinin elektrik enerjisi ilə təminatında fasilələrə yol verildiyi diqqətə çatdırılmışdır. Bir sıra yaşayış məntəqələrinə enerjinin gərginliyi həddindən artıq zəif olduğundan sakinlər ciddi çətinliklərlə üzləşirlər. Kənd sakinləri elektrik təsərrüfatında təmir işlərinin aparılması, istifadəyə yararsız dirək və naqillərin dəyişdirilməsi, yeni məhəllələrdə elektrik transformatorunun qoyulması, qaz xəttinin çəkilməsi, Vaqo kənd tam orta məktəbinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, qəbiristanlığa gedən yolun təmiri, məktəbin qarşısındakı ərazidə nəqliyyatın sürətinin məhdudlaşdırılması məqsədi ilə işarələrin qoyulması barədə təkliflər vermişlər.
Rayon Elektrik Şəbəkəsinin rəisi Azad Hüseynov, Qaz İstismar Sahəsinin rəisi Zahir Rzayev kənddə elektrik və qaz təsərrüfatı ilə bağlı mövcud problemlərin aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlər görüləcəyi barədə məlumat vermişlər.
İcra başçısı Q.Ağayev çıxış edərək, ilk növbədə, bütün kənd sakinlərinin 9 oktyabr Prezident seçkilərində mütəşəkkil iştirak etdiklərinə və ən layiqli namizəd olan İlham Əliyevə səs verdiklərinə görə onlara təşəkkür etmiş, kənddə sakinlərlə ilk görüşdən sonra qaldırılan məsələlərin operativ həllindən ötrü imkan daxilində müvafiq tədbirlər görüldüyünü bildirmişdir. İcra başçısı ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə respublikamızın regionlarında sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə əlaqədar qəbul edilən Dövlət Proqramlarının yerinə yetirilməsi, şəhər, qəsəbə və kənlərimizin gündən-günə abadlaşdırılmasına səbəb olmuşdur. Bunu Siyaku ərazi nümayəndəliyində yerləşən kəndlərin timsalında da aydın görmək olar. Son aylarda Siyaku, Şağlazüzə, Rinə və Vaqo kəndlərində yeni məktəb binalarının tikilməsi, ərazidən keçən avtomobil yolunun asfaltlaşdırılması dediklərimizə aydın sübutdur. Bundan sonra Rinə-Təxtənəkəran-Miki avtomobil yolunun asfaltlaşdırılması, Rinə-Toradi avtomobil yolunun əsaslı təmiri məqsədilə konkret tədbirlər həyata keçiriləcəkdir. Burada qaldırılan təkliflərin hər biri qeydiyyata götürülmüş, icrası üçün müvafiq tədbirlər görüləcəkdir. Xüsusən, kənd qəbiristanlığına gedən yolun təmiri diqqət mərkəzində saxlanılacaqdır.
İcra başçısı məhəllə yollarının təmiri ilə əlaqədar görülən işlərdə kənd sakinlərinin özlərinin də yaxından iştirak etmələrini, bu işdə onlara hər cür dəstək göstəriləcəyini diqqətə çatdırmışdır.