Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş ümumrayon tədbiri
Şərəfli ölüm ayrılıq deyil, cismani yoxluqdur. O yoxluqdan 10 il keçsə də, milyonların isti ürəyi bu varlığı yaşadır. Bu tarixi şəxsiyyət ümummilli liderimiz, ulu öndər Heydər Əliyevdir. Heydər Əliyev tarixdə izini qoyub əbədiyyətə qovuşsa da, ideyaları ilə, əməlləri ilə, amalları ilə daim yaşayır.
Ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə rayonumuzun hər yerində, ərazi nümayəndəlikləri və bələdiyyələrdə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, idarə və təşkilatlarda maraqlı tədbirlər, mərasimlər keçirilmişdir.
Astara Pedaqoji kolleci və bütün ümumtəhsil məktəblərində dərs məşğələlərinin ilk saatları ulu öndər Heydər Əliyevin anım gününə həsr edilmişdir.
Astaralılar yaxşı bilirlər ki, ulu öndər həmişə xalqına, Vətəninə bağlı olmuş, öz cəsarəti, müdrikliyi, vətənpərvərliyi ilə xalqımızın keşiyində durmuş, ən çətin anlarda həyatını amallarına qurban verməyə hazır olduğunu dəfələrlə sübut etmişdir. Bugünkü müstəqil, demokratik Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin yaratdığı şah əsərdir. Ümummilli lider Heydər Əliyev dəfələrlə Astaraya səfər etmiş, Azərbaycanımızın dilbər guşəsi adlandırdığı rayonumuz haqqında, onun zəhmətsevər insanları barədə gözəl, səmimi və xoş sözlər söyləmişdir. Ulu öndərin dediyi “Astara Azərbaycanın cənubunda dövlətçiliyin sütunlarından biridir, astaralılar bu sütunun etibarlı keşikçiləridir, dövlətçiliyə sədaqətlidirlər” sözləri hər bir astaralının qəlbində sonsuz qürur və fərəh hisləri yaratmışdır.
Dekabrın 12-də rayonumuzun on minlərlə sakini şəhərimizin mərkəzi meydanına - Heydər Əliyev parkına ulu öndərin əzəmətli abidəsini ziyarət etməyə gəlmişdi. Ucu-bucağı görünməyən insan axını ömrünü xalqının xoşbəxtliyinə həsr etmiş böyük, dahi şəxsiyyətə göstərilən hədsiz məhəbbətin sübutu idi.
Əvvəlcə Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, icra başçısının müavinləri, YAP rayon təşkilatının idarə heyətinin üzvləri, ağsaqqallar ulu öndər Heydər Əliyevin İcra Hakimiyyəti binasında yerləşən büstünü, Mərkəzi parkdakı abidəsini ziyarət edərək, önünə əklil və gül dəstələri qoymuşlar. Sonra Astara Gömrük idarəsinin, rayonun digər inzibati orqanlarının, idarə və təşkilatların, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin kollektivləri, rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi nümayəndəlikləri və bələdiyyələrin nümayəndələri, bir sözlə bütün rayon ictimaiyyəti görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin əziz və unudulmaz xatirəsini bir daha yad edərək ulu öndərin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.
El ağsaqqalı, Azərbaycan Respublikasının çay ustası Nəsrəddin Teymurov ulu öndərlə bağlı xoş xatirələri barədə söhbət açır:
- Mən artıq 10-cu ildir ki, Heydər Əliyevin anım gününü dərin kədər və hüznlə qeyd edirəm. Ulu öndərlə hər bir görüşüm yaddaşımda əbədi izlər qoyub. İşlədiyim çayçılıq təsərrüfatı ölkədə ən qabaqcıl kollektiv olduğuna görə əziz Heydər Əliyev ötən əsrin 70-80-ci illərində hər dəfə Astaraya gələndə mütləq bizə baş çəkərdi, qayğılarımızla maraqlanardı, tövsiyə və tapşırıqlarını verərdi. Biz bu tövsiyə və tapşırıqları canla-başla yerinə yetirərdik. Onu da deyim ki, YAP rayon təşkilatının yaranmasında da ilk gündən var qüvvəmlə çalışmışam. Başa düşürdüm ki, xalqımızı həmin illərdəki ağır böhrandan yalnız bu partiyanın yaradıcısı Heydər Əliyev xilas edəcək.
Rayon ictimaiyyətinin nümayəndələri günün sonunadək ulu öndərin abidəsini ziyarət edərək ruhuna dualar oxumuşlar.
Anım mərasiminin iştirakçıları Heydər Əliyev Mərkəzində olmuş, Heydər Əliyevin büstünün önünə gül dəstələri qoymuş, burada nümayiş etdirilən tarixi sənədlər və arxiv materiallarına, ulu öndərin ömür yolundan bəhs edən fotolara və video yazılara baxmış, rəy kitabına ürək sözlərini qeyd etmişlər.
Tədbirin sonunda “Qismət” sarayında ulu öndərin xatirəsinə ehsan verilmişdir.