Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Gündən-günə gözəlləşən ASTARA

31 yanvar 2014 | 16:00

Astara rayonunda şəhər, qəsəbə və kənd ərazi nümayəndəliklərində 2013-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları yüksək mütəşəkkillik və siyasi fəallıq şəraitində keçirilir. Yığıncaqlarda ötən ildə görülmüş işlərə yekun vurulur, 2014-cü il üçün yeni vəzifələr müəyyənləşdirilir.
Yanvarın 30-da Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2013-cü ilin yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilmişdir. Ərazi nümayəndəsi Şahverən Cavadov hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, xalqımız üçün əlamətdar olan 2013-cü il artıq tarixə çevrilmiş, yeni uğurlardan soraq verən 2014-cü il ölkəmizə qədəm qoymuşdur. 
Məruzəçi bildirmişdir ki,  Astara şəhərinin, ümumilikdə 1765 ha ərazisi vardır. Bu ərazinin 153 ha dövlət mülkiyyətinə, 564 ha bələdiyyə mülkiyyətinə, 1048 ha xüsusi mülkiyyətə aiddir. Şəhər əhalisi 17060 nəfər, təsərrüfatların sayı 5386-dır.
İlbəil öz simasını dəyişən Astara şəhərində ötən il xeyli tikinti, quruculuq və abadlıq işləri aparılmışdır.
  Bu bir həqiqətdir ki, Astaranın inkişafında ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğının xüsusi rolu olmuşdur. Dövlət başçısı son 10 ildə 6 dəfə Astarada olmuş, yeni obyektlərin təməl qoyma və açılış mərasimlərində iştirak etmiş, şəhər sakinləri ilə görüşlər keçirmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2013-cü il sentyabrın 4-də rayonumuza səfəri və Astara şəhərində bir sıra mühüm əhəmiyyətli sosial mədəni obyektlərin, rayon Mərkəzi Xəstəxanasının 2- ci korpusunun, Astara dövlət sərhədində buraxılış məntəqəsinin sərhəd komendantlığının və sərhəd zastavasının şəxsi heyəti üçün inşa olunan yaşayış şəhərciyinin açılışında iştirak etmişdir. Astara və astaralılar haqqında səsləndirdiyi fikirlər bu gün də hamımızın qəlbində sonsuz fərəh hisləri yaratmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyev demişdir: “Mənim Astaraya səfərlərim çox olmuşdur. Son 10 il ərzində bu 6-cı səfərimdir. Hər dəfə açılışlarda iştirak edirəm, hər dəfə yenilikləri görürəm. Şəhər gözəlləşir. İndi Astara müasir şəhərə çevrilibdir, gözəl binalar tikilir, parklar, xiyabanlar salınır. İnsanların rahatlığı üçün şərait yaradılır. Astaraya bundan sonra da diqqət artırılacaqdır.”   
Möhtərəm cənab Prezident İlham Əliyevin Astara və astaralılara diqqət və qayğısının nəticəsidir ki, şəhərimiz daha da inkişaf etmiş, abad və yaraşıqlı məkana çevrilmişdir. Cənab Prezidentin imzaladığı sərəncamlara əsasən ayrılan vəsaitlər hesabına şəhərdə böyük tikinti, quruculuq və abadlıq işləri görülmüşdür.
Hesabat yığıncağında şəhər 1 saylı tam orta məktəbin direktoru Həliməxatun Qurbanova, rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri Lalə Səmədova, rayon Veteranlar şurasının sədri Rafiq Əliyev, rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi, 16 dəfə Azərbaycan çempionu Fikrət Qafarov çıxış edərək yola saldığımız ildə respublikamızın hər yerində olduğu kimi, Astara rayonunda, o cümlədən rayon mərkəzində geniş quruculuq və tikinti işlərinin aparıldığını, vətəndaşların qaldırdıqları təkliflərə həssaslıqla yanaşıldığını, əvvəlki hesabat yığıncağında qaldırılan məsələlərin yerinə yetirilməsi istiqamətində əməli tədbirlər görüldüyünü diqqətə çatdırmış, göstərilən bu qayğı və diqqətə görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə, rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.
Hesabat yığıncağında şəhər sakinləri Heydər Dadaşov, Süleyman Əhədov, Ülviyyə Əliyeva, Heybət Hüseynov və başqaları yola saldığımız ildə şəhər icra nümayəndəliyinin ərazisində aparılan abadlıq və quruculuq işlərindən razılıqlarını diqqətə çatdırmış, şəhər 2 saylı tam orta məktəbin, 3, 4 saylı körpələr evi – uşaq bağçalarının əsaslı təmirə ehtiyacı olması, veteranlar evinin tikilməsi, çoxmərtəbəli yaşayış binaları üçün istilik sisteminin yaradılması, dənizkənarı parkda yenidənqurma işlərinin aparılması, Əhəd Muxtar küçəsində yeni yaşayış massivində su xətlərinin çəkilməsi, ara yolların təmiri, şəhərdə idman meydançasının yaradılması və digər vacib məsələlər barədə təkliflər irəli sürmüşlər.
Hesabat yığıncağında Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqının həyatında tarixi və əlamətdar hadisələrlə zəngin olan 2013-cü il hər birimizin yaddaşında əbədi iz qoymuşdur. 9 oktyabrda keçirilən Azərbaycan Respublikasının Prezidenti seçkilərində seçicilərimiz bu mötəbər kürsüyə ən layiqli namizəd olan İlham Əliyevə yekdilliklə səs vermişlər. Yola saldığımız il respublikamızın sosial-iqtisadi inkişafında yüksəliş dövrü olmuşdur. Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli forumlara və tədbirlərə ev sahibliyi etmişdir. DAVOS iqtisadi forumu kimi mötəbər tədbiri, II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və digər zirvə görüşlərinin respublikamızda keçirilməsi hamımızı sevindirir. 2013-cü il fevralın 8-də “Azerspace-1” kosmik peyki orbitə buraxılmışdır. Azərbaycan kosmik dövlət kimi dünyada tanınır. 2013-cü ilin ən əlamətdar hadisəsi XXI Əsrin Müqaviləsi adlanan “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması olmuşdur.
İcra başçısı qeyd etmişdir ki, yola saldığımız il rayonumuzun bütün sakinlərinin, eləcə də şəhər əhalisinin həyatında əlamətdar hadisələrlə, yeniliklər və nailiyyətlərlə zəngin olmuşdur. Möhtərəm Prezidentimiz İlham Əliyevin sentyabrın 4-də rayonumuza səfəri və bir sıra mühüm əhəmiyyətli obyektlərin açılışlarında iştirak etməsi hər bir astaralının qəlbində sonsuz iftixar hisləri yaratmışdır. Astaraya səfərindən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 12 sentyabr 2013-cü il tarixli Sərəncamları ilə Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi məqsədi ilə maliyyə vəsaiti ayırmışdır. Bu gün Astaraya gələn qonaqlar bu gözəl və yaraşıqlı diyara heyran qaldıqlarını etiraf edirlər. Astara şəhərinin daha gözəl və füsunkar olması üçün bundan sonra da hamılıqla var qüvvəmizi sərf etməliyik. 2014-cü ildə qarşıda bizi daha mühüm, daha şərəfli vəzifələr gözləyir. Bugünkü yığıncaqda qaldırılan təkliflərin bir çoxu Dövlət Proqramında nəzərdə tutulmuşdur. Digər təkliflərin icrası ilə əlaqədar aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlər görüləcəkdir. Bu yolda hər birinizə uğurlar arzulayıram.

Keçidlər