Astarada əhalinin tibbi müayinəsi uğurla davam edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən fevralın 17-dən başlayaraq respublikanın hər yerində olduğu kimi, Astarada da əhalinin tibbi müayinəsinə başlanılmışdır. Bununla əlaqədar rayon icra hakimiyyəti başçısının Sərəncamı ilə komissiya yaradılmış, əhalinin müayinəsinin səmərəli təşkilindən ötrü qrafik tərtib olunmuşdur. Müayinənin ilk günündən başlayaraq Astara rayon Mərkəzi Xəstəxanasında yaradılmış həkim briqadası tərəfindən əhali kütləvi şəkildə tibbi müayinədən keçirilir.
Müayinəyə gələn vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sərəncamları ilə əsaslı təmir edilərək yenidən qurulmuş və ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş Mərkəzi Xəstəxanada yüksək səviyyədə təşkil olunan pulsuz müayinədən razı qaldıqlarını, bu diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirirlər. Ötən dörd gün ərzində 1800 nəfərə qədər vətəndaş tibbi müayinədən keçirilmişdir. Xəstəlik müəyyən olunmuş şəxslər müalicə edilməkdən ötrü aidiyyatı üzrə istiqamətləndirilir.
Əhalinin kütləvi şəkildə tibbi müayinədən keçirilməsi may ayının 1-dək davam etdiriləcəkdir.