Astarada Novruz bayramı təntənəsi.
Artıq bahar yurdumuza xoş qədəmlə gəlir. Hər yanda Novruz bayramının sevinci yaşanır. Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin və rayon ictimaiyyətinin iştirakı ilə martın 15-də Astara rayonunda da Novruz bayramı şənliyi geniş şəkildə qeyd olundu.
Astara şəhəri Heydər Əliyev adına parkda şənliyə toplaşanların çöhrəsində sevinc aydın duyulurdu. Şəhər mədəniyyət evinin xalq çalğı alətləri ansamblı, folklor və rəqs qrupları, müğənnilər şən mahnılar, milli rəqslər ifa etdilər. İdmançıların meydana daxil olması daha böyük coşqu yaradaraq çıxışları alqışlarla qarşılandı.
Milli bayramımızın əsas siması olan Bahar qızının gəlişi ilə Novruz tonqalı yandırıldı.
Xalqımızın qədim adət-ənənələrini, sənətkarlıq nümunələrini nümayiş etdirən sərgi və Novruz personajları olan xalq oyunları da bayram iştirakçılarında böyük maraq doğurdu.
Rayon sakinləri ölkədə yaradılan əmin-amanlığa, firavan, xoş günlərə görə möhtərəm cənab Prezident İlham Əliyevə minnnətdarlıq edərək dövlətimizin inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü böyük işlərdə uğurlar arzuladılar.
Keçirilən Novruz şənliyi hamıda xoş və unudulmaz təəssürat oyatdı.