Əhalinin tibbi müayinədən keçirilməsinin gedişi müzakirə olunmuşdur.
02 aprel 2014-cü il tarixdə Astara rayon icra hakimiyyətində idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin tapşırığına əsasən rayonda əhalinin tibbi müayinədən keçirilməsinin gedişi müzakirə olunmuşdur.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhalinin tibbi müayinədən keçirilməsinin təfərrüatı barədə məlumat verərək qeyd etmişdir ki, bütün sahələrdə dinamik inkişafı ilə diqqəti cəlb edən Azərbaycan Respublikası ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin düşünülmüş məqsədyönlü siyasəti ilə gündən-günə çiçəklənir, inkişaf edir. Bu inkişaf, bu tərəqqi ölkənin sütunlarının daha da möhkəmlənməsinə, əhalinin güzəranının, sosial rifah halının yaxşılaşmasına istiqamətlənmişdir. Ölkə əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi barədə cənab İlham Əliyevin verdiyi tapşırıq isə vətəndaşların sağlamlığına xidmət edən ən humanist bir addım kimi alqışa layiqdir. Ölkə rəhbərinin tapşırığına uyğun olaraq bütün respublikada 2014-cü il fevral ayının 17-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur.
Rayonumuzda da əhalinin tibbi müayinəsinin qrafik əsasında yüksək keyfiyyətlə və mütəşəkilliklə həyata keçirilməsi məqsədilə rayon İcra hakimiyyəti başçısının Sərəncamına əsasən komissiya yaradılmışdır. Ötən müddət ərzində bu sahədə müəyyən işlər görülmüş, komissiya üzvlərinin, inzibati ərazi dairəsi üzrə nümayəndələrin, idarə, müəssisə və təşkilat rəhbərlərinin yaxından köməkliyi ilə əhalinin müəyyən hissəsinin rayon mərkəzi xəstəxanasına gələrək tibbi müayinədən keçməsi təmin olunmuşdur.
Əhalinin tibbi müayinədən keçməsi ilə əlaqədar möhtərəm Prezidentin tapşırığından bütün vətəndaşların yararlanması üçün əlavə tədbirlərin görülməsinin vacibliyini qeyd edən İcra başçısı, görülən işlərlə əlaqədar komissiyanın sədri, rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulovanın, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseynin məlumatlarını dinləmişdir. Qeyd olunmuşdur ki, əhalinin tibbi müayinədən keçirilməsi məqsədilə rayon mərkəzi xəstəxanasında ayrı-ayrı sahələr üzrə dörd həkim briqadası təşkil edilmiş, tibbi personal təlimatlandırılmış, onlar üçün lazımi iş şəraiti yaradılmışdır.
17 fevral tarixindən 31 mart 2014-cü il tarixə kimi rayonun idarə, müəssisə və təşkilatlarından, ayrı-ayrı yaşayış məntəqələrindən 7202 nəfər rayon mərkəzi xəstəxanasına gələrək tibbi müayinədən keçmişdir.
Rayon İcra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Xanverdi Şirinov, Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahverən Cavadov və başqaları çıxış edərək müəyyən edilən vaxtda daha çox əhalinin tibbi müayinədən keçməsi ilə əlaqədar təbliğat işlərini gücləndirəcəklərini, vətəndaşların tibb müəssisələrinə gəlməsinə hər cür köməklik edəcəklərini qeyd etmişlər.
Q.Ağayev iclasa yekun vuraraq şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinə, bələdiyyələrə, idarə, müassisə rəhbərlərinə əhalinin tibbi müayinəsinin sürətləndirilməsi, mütəşəkilliyin təmin edilməsi ilə bağlı nəzərdə tutulan qrafikə ciddi əməl olunması məqsədilə əlavə tədbirlər görülməsi barədə tapşırıqlarını vermişdir.
Rayon mərkəzi xəstəxanasının rəhbərliyinə tapşırılmışdır ki, xəstəxananın bütün kollektivi əhalinin tibbi müayinədən keçirilməsinə səfərbər edilsin. Eyni zamanda səyyar həkim briqadaları təşkil edilməklə yaşayış məntəqələrində əhalinin tibbi müayinədən keçirilməsi üçün ərazi nümayəndələri ilə qarşılıqlı əlaqəli işin qurulmasına xüsusi diqqət yetirsin, müayinədən kənarda qalmış vətəndaşların müayinəyə cəlb olunmasını tam təmin etsin.