Birinci rübün nəticələri müzakirə olunmuşdur
Aprelin 16-da rayon icra Hakimiyyətində keçirilən Şura iclasında 2014-cü ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, Heydər Əliyev Mərkəzində Azərbaycan tarixi dərslərinin tədrisi vəziyyəti və 2013-cü ildə və 2014-cü ilin birinci rübündə rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində, idarə, müəssisə və təşkilatlarda vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və sənədlərlə işin vəziyyəti haqqında məsələlər müzakirə olunmuşdur. Rayon İcra Hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, idarə və təşkilat rəhbərləri, ərazi inzibati dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri yığıncaqda iştirak etmişlər.
Yığıncağı giriş sözü ilə açan Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev aprel ayının 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunmuş, ölkəmizin sosial-iqtisadi mənzərəsinin əks etdirən konkret rəqəmləri bir daha diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, bütün Respublikada olduğu kimi Astara rayonunda da cari ilin birinci rübündə müəyyən işlər görülmüşdür. Yerli gəlirlər 1 milyon 174,7 min manata qarşı 1 milyon 424,3 min manat icra olunmuş, yerli xərclər isə 4 milyon 891,6 min manata qarşı 4 milyon 298,1 min manat icra olunmuşdur ki, bu da 87,9%-ə bərabərdir. Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzi büdcədən 3 milyon 605 min manat dotasiya alınmışdır.
2014-cü ilin birinci rübündə ümumi məhsul buraxılışı 25,5 milyon manat olmuşdur. Bunun 13,2%-i sənaye sahələrində, 26,2%-i kənd təsərrüfatında, 2,7%-i nəqliyyatda, 41,7%-i ticarət və pullu xidmət sahələrində, 15,5%-i tikintidə, 0,7%-i isə rabitədə olmuşdur. Orta hesabla bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi 249 manat təşkil etmişdir.
Hesabat dövrü ərzində rayonda tikinti-abadlıq və quruculuq sahəsində xeyli işlər görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2013-cü il tarixli sərəncamı ilə 12 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi və asfaltlaşdırılmasına başlanmışdır. Astara şəhərinin Azərbaycan küçəsində 1, S.Vurğun küçəsində 5 ictimai yaşayış binasının fəsadları əsaslı təmir edilmiş, Füzuli, M.Hüseynzadə, R.Axundov, H.Aslanov, C.Cabbarlı, R.Məmmədov və Nizami küçələrində abadlıq, işıqlandırma işləri aparılmış, küvetlər betonlanmışdır. Mərkəzi meydanda yaşıllaşdırma işləri aparılmışdır. Qum küçəsində məscid və qəbiristanlığın çəpəri travertinlə üzlənmişdir. Şəhərin Xəzər dənizi sahili boyu 8 hektar ərazidə geniş bulvar tipli parkın salınmasına başlanmışdır.
Rayonda inşaat işlərinin aparılması üçün 2014-cü ilin birinci rübündə bütün maliyyə mənbələrindən əsas kapitala 4,1 milyon manat məbləğində vəsait yönəldilmişdir. İnvestisiyanın 1,7 milyon manatı istehsal təyinatlı obyektlərin, 2,4 milyon manatı isə qeyri-istehsal təyinatlı obyektlərin inşasında istifadə edilmişdir. Tikinti quraşdırma işlərində istifadə edilmiş vəsaitin həcmi ümumi tikinti işlərində istifadə edilmiş vəsaitin 95,3%-ni təşkil edərək 3,9 milyon manat olmuşdur. Əsas kapitala yönəldilmiş investisiyanın hamısını daxili investisiyalar təşkil edir.
Son dövrdə rayonda 6025 iş yeri açılmış, bunun da 5616-sı daimi iş yeridir. Rüb ərzində rayonda 152 yeni iş yeri açılmışdır.
2014-cü ilin birinci rübündə əhalinin qaz təchizatının daha da yaxşılaşdırılması məqsədi ilə Astara Qaz İstismarı Sahəsi tərəfindən rayonda xeyli iş görülmüşdür. Ötən müddətdə 246 evin qazlaşdırılması həyata keçirilmiş, 4205 p/m müxtəlif diametrli qaz xətlərində təmir bərpa işləri aparılmış, qaz tənzimləyici şkaflar təmir olunaraq saz vəziyyətə gətirilmişdir. Əhali abunəçiləri üçün 246 ədəd qaz sayğacı quraşdırılaraq istifadəyə verilmiş, rayon üzrə quraşdırılmış sayğacların ümumi sayı 14347-yə çatdırılmışdır.
Telman kəndində 300 nəfər abonent üçün paylayıcı qaz xətləri çəkilmiş, qazlaşdırılmış yaşayış məntəqələrində yeni yaşayış massivlərinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir. Təngərüd kəndində 80, Pensər kəndində 54, Kakalos kəndində 35, Balaca Şahağac kəndində 19 evin qazlaşdırılması həyata keçirilmiş, bu dövrdə 11336,8 min kub metr həcmində, 1 milyon 134 min manat məbləğində təbii qaz satılmış, 969,5 min manat vəsait yığılmışdır ki, bu da satılan qazın dəyərinin 85,5%-ni təşkil edir.
Astara Elektrik Şəbəkəsi Ərçivan və Kijəbə qəsəbələrində, Seləkəran, Şahağac, Şüvi, Deqədi, Suparıbağ, Ojəkəran Hamoşam, Şüvi və Pəlikəş kəndlərində 10 və 10/0,4 kv-luq hava xətləri 882 metr sip kabellə və 1250 metr AS-50 tipli məftillə əvəz edilmişdir. Şəhərin Kaverin küçəsində 250 kva 10/0,4 kv-luq yarım stansiyada 3 ədəd keçid izolyatoru, Şahağac və Daşəndə-Geşəvi kəndlərində 2 ədəd yeni transformator quraşdırılmış, 24 ədəd 10 metrlik dəmir dayaq basdırılmış, 4000 metr naqıl çəkilmişdir.
2014-cü ilin birinci rübündə suvarmaya hazırlıq məqsədi ilə bir sıra işlər görülmüşdür. Lovayın nasos stansiyasında cari təmir işləri aparılmış, elektrik avadanlıqlarına texniki baxış keçirilmiş, nasazlıqlar aradan qaldırılmışdır. Şüvi-Lovayın su gətirici kanalın ətrafı kol-kosdan, içərisindəki lil və palçıq təmizlənmişdir. Kanalın Deqədi kəndi ərazisində sıradan çıxmış hissəni bərpa etmək üçün diametri 530 mm olan 24 p.m dəmir boru kanalın içərisində quraşdırılmış və kanalda suyun normal axını təmin edilmişdir. Lovayın-Şüvi magistral boru kəmərin 1,8 km hissəsində cari təmir işləri aparılmışdır. Kijəbə təsərrüfatında 60 p.m diametri 141 mm asbosement boru əvəzinə dəmir boru quraşdırılmışdır. Rayonun təsərrüfatlarında ümumilikdə 50 ədəd müxtəlif diametrli siyirtmələr bərpa edilmişdir.
1 nömrəli nasos stansiyasından Kakalos təsərrüfatına gedən diametri 700 mm dəmir-beton boru kəmərin sıradan çıxmış yerləri bərpa edilmiş və həmin yerlərdə monolit betondan tumbalar tikilmişdir.
Rayonda sahibkarlığın inkişaf etdirilməsi məqsədilə fermer təsərrüfatlarına və fiziki şəxslərə 81 ton həcmində mineral gübrələr güzəştli şərtlərlə satılmış, 869 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına 97 min 564 manat dəyərində subsidiya verilmişdir.
Rayonda kənd təsərrüfatı məhsulların istehsalı və satışı sahəsində diqqəti cəlb edən uğurlar qazanılmışdır. 2014-cü ilin birinci rübündə Şuvi və Kijəbə nümayəndəlikləri ərazisində 29 ha yeni çay plantasiyaları salınmış və beləliklə ümumi 533 ha çay plantasiyaların 205 hektarı məhsuldar çay sahəsidir.
Rayonda 973 ha sahədə tərəvəz, 131 ha sahədə dənli paxlalı, 1136 ha sahədə kartof əkini aparılmışdır. 1 aprel 2014-cü il vəziyyətinə rayonda 2332 ha sahədə yazlıq əkini keçirilmişdir.
Diri çəkidə 920,1 ton ət, 7503,2 ton süd, 1 milyon 518 min ədəd yumurta istehsal olunmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə qaramalın sayı 0,1% artaraq, 45 min 756 başa, o cümlədən xırda buynuzlu mal-qaranın sayı 0,1% artaraq 29 min 320 başa çatmışdır.
Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsi 2014-cü ilin birinci rübü üzrə proqnoz planı 885,2 min manata qarşı 886,1 min manat və ya 100,1% icra etmişdir. Şöbədə 16 min 261 nəfər sığorta olunan qeydiyyata götürülmüşdür. Pensiya və müavinətlər 5 milyon 886,4 min manat olmaqla, tam ödənilmişdir.
Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 10 min 379 ailə üzvünü özündə birləşdirən 2 min 88 ailəyə ÜDSY təyin olunmuşdur. Təkrar təyinat aparılan ailələrin sayı 1831, ailə üzvlərin sayı 10379 nəfər, təyin olunan məbləğ 269 min 580 manat olmuşdur. Hər bir ailəyə düşən orta aylıq məbləğ 129 manat və hər bir ailə üzvünə düşən məbləğ 26 manat təşkil etmişdir.
Rayon Dövlət Sığorta Filialın 2014-cü ilin 3 aylıq planı 27 min manat təşkil edir. Filial 18 min 164 manat tədiyyə toplamışdır. Yığılmış tədiyyə və baş idarədən daxil olmuş vəsait hesabına hərbi xidmət dövründə şəhid olanların ailələrinə və zərər çəkmiş əlillərə 11 min manat sığorta yardımı verilmişdir.
Rüb ərzində rayon Məşğulluq Mərkəzinə iş üçün müraciət edənlərin 38 nəfəri müxtəlif idarə və müəssisələrdə işlə təmin olunmuşdur.
Poçt və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 264 min manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 % çox rabitə xidməti göstərmişlər.
Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 40 ha sahədə meşə bərpası tədbirləri görülmüş, yeni şitillik sahələri salınmış, tingliklər yaradılmışdır. Keçən illərdə salınmış 4 ha tinglik və böyütmə sahələrində xidməti və becərmə işləri aparılmışdır.
Ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə yeni inventar və avadanlıqlar alınmışdır. 80 şagird yerlik Anboba və Əzərud kənd ibtidai məktəb binalarının tikintisi davam etdirilmiş, 220 şagird yerlik Suparıbağ kənd tam orta məktəb binasının tikintisində tamamlama işləri aparılır.
Möhtərəm prezidentimiz İlham Əliyevin fevralın 17-dən mayın 1-dək ölkə əhalisinin icbari tibbi müayinədən keçirilməsi ilə bağlı rayonda da geniş tədbirlər həyata keçirilir. Rüb ərzində 20 min nəfər tibbi müayinəyə cəlb olunmuş bunlardan 2 min nəfərə yaxın xəstə aşkar olunmuş, 100 nəfəri stansionar müalicəyə cəlb edilmiş, 120 nəfər respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilmişdir.
Rayonun mədəniyyət müəssisələri də rüb ərzində əhaliyə mədəni xidmətin göstərilməsi sahəsində bir sıra tədbirlər həyata keçirmişlər. Yeni il, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, 8 Mart Beynəlxalq qadınlar günü, Novruz bayramı və digər əlamətdar hadisələrə həsr olunmuş tədbirlər keçirilmişdir. Kakalos kənd mədəniyyət evinin “Əvəsor” xalq kollektivi Bakı şəhərində Milli Parkdakı Novruz şənliyində iştirak etmiş, rayonun adət-ənənələrini əks etdirən etnoqrafik nümunələr nümayiş etmişlər.
Rüb ərzində rayonda gənclərlə iş və idman sahəsində 29 tədbir keçirilmiş, Respublika və zona final mərhələlərində idmançılar 43 qızıl, 24 gümüş və 12 bürünc medal qazanmışlar. “Şahin”, “Cəsurlar”, “Sərhəd”, ənənəvi hərbi idman oyunlarında 1755 nəfər, o cümlədən rayon birinciliyində 785 nəfər məktəbli iştirak etmiş, qaliblər mükafatlandırılmışdır.
Vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, onların müraciətlərində qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar ictimaiyyət arasında böyük maraq doğurmuş və razılıqla qarşılanmışdır.
Rayon İcra hakimiyyətində 267 ərizə və şikayət qeydə alınmış, keçən ilin müvafiq dövrü ilə müqayisədə 110 ərizə azalmışdır. 9 səyyar qəbul keçirilmiş, 44 nəfər vətəndaşın müraciətləri əsasında qaldırılan problemlər yerində həllini tapmışdır.
Məruzə ətrafında rayon İcra hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Rəhmətulla Rufullayev, rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, Astara Paylayıcı elektrik Şəbəkəsinin müdiri Azad Hüseynov çıxış etmişlər.
Gündəlikdə duran digər məsələlər - Heydər Əliyev Mərkəzində Azərbaycan tarixi dərslərinin tədrisi vəziyyəti barədə arayışı rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulova, 2013-cü ildə və 2014-cü ilin birinci rübündə rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində, idarə, müəssisə və təşkilatlarda vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və sənədlərlə işin vəziyyəti haqqında arayışı İcra hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri üzrə iş şöbəsinin müdiri Ələsgər Əliyev təqdim etmişlər. Məsələlərlə əlaqədar İcra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Xanverdi Şirinov, Heydər Əliyev Mərkəzinin direktor əvəzi Elza Kazımova, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyn, Təngərüd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Süleyman Ağacanovun çıxış etmişlər.
Şura iclasına yekun vuran rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, doğrudan da ötən müddət ərzində rayonda xeyli iş görülmüşdür. Hazırda qlobal layihələr həyata keçirilir. Rayonda, şəhər, qəsəbə və kəndlərdə sosial-iqtisadi inkişaf və geniş tikinti-quruculuq işləri əhalinin böyük ruh yüksəkliyinə səbəb olmuşdur. Yerlərdə keçirdiyimiz səyyar qəbullarda qaldırılan məsələlərin operativ şəkildə həll olunması, mövcud problemlərin ətraflı araşdırılıb aidiyyəti üzrə istiqamətləndirilməsi öz müsbət nəticələrini göstərir. Artıq rayonda əhaliyə fasiləsiz enerji verilməsi təmin edilmiş, əsas kəndarası yollar asfaltlaşdırılmışdır.
Hazırda 12 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi və asfaltlaşdırılmasına və dənizkənarı bulvarın salınmasına başlanmışdır. Bu bütün astaralıların arzusu idi. Bu olduqca əhəmiyyətli və böyük layihələrin həyata keçirilməsi rayonumuzda turizmin inkişafına da böyük töhfə verəcəkdir. Bütün sakinlərimiz bu misilsiz inkişaf sürətinə görə xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev siyasətinə və onun işıqlı ideyalarını uğurla həyata keçirən ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
Heydər Əliyev Mərkəzində tədris olunan Azərbaycan tarixi dərslərində Ulu Öndərin zəngin irsi, şərəfli həyat yolu, müstəqil Azərbaycan dövlətini qurması, onu təhlükələrdən böyük ustalıqla və çevik siyasətlə qoruyub inkişaf yoluna çıxarması, ölkədə siyasi sabitliyi və iqtisadi dirçəlişi təmin etməsi, hüquqi və demokratik dövlət quruculuğunu həyata keçirməsi və başqa məsələlər konkret faktlar əsasında şagirdlərə aşılanmalıdır.
Rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində, idarə, müəssisə və təşkilatlarda vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işinə diqqətin artırılmasının vacibliyini vurğulayan İcra başçısı, müraciətlərin yerində obyektiv araşdırılaraq, həllinə həssaslıqla yanşılması, insanları narahat edən problemlərin həllinə maksimim köməklik göstərilməsi barədə tapşırıqlarını vermiş, işə laqeyd yanaşan, nöqsanlı fəaliyyətinə davam edən rəhbər işçilər barədə ciddi tədbirlər görüləcəyini diqqətə çatdırmışdır.
İcra başçısı rayonun bütün məsul işçilərinə, idarə, müəssisə və təşkilat rəhbərlərinə bir vəzifə olaraq tapşırmışdır ki, əhali arasında tez-tez olsunlar, onların qayğı və problemlərinə həssaslıqla yanaşsınlar, qaldırılan məsələlərin, haqlı tələblərin aidiyyəti təşkilatlara operativ çatdırılmasını təmin etsinlər.