Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Kakalos kəndində əhali ilə görüşü.
Kakalos kəndi Astara rayonunun qədim yaşayış məntəqələrindən biridir. Ərazi icra nümayəndəliyinə Kakalos kəndindən əlavə Bala Şahağac, Kolatan və Qamışlı məntəqələri daxildir. Nümayəndəliyin ərazisində 3 tam orta məktəb, mədəniyyət evi və klub, xəstəxana, digər sosial obyektlər fəaliyyət göstərir.
Mayın 6-da Kakalos kəndinin mərkəzində salınmış mədəniyyət və istirahət parkında rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Kakalos kənd sakinləri ilə görüşü keçirilmişdir.
İcra hakimiyyətinin başçısı Q.Ağayev əvvəlcə Ümummilli lider Heydər Əliyevin büstü önünə tər gül qoymuş, tədbir iştirakçılarını salamlamış, görüşə gələnləri Ulu öndər H.Əliyevin anadan olmasının 91-ci ildönümünü və faşizm üzərində qələbənin 69-cu ildönümü münasibətilə səmimi qəlbdən təbrik etmiş, xoş arzularını çatdırmışdır.
RİHB-nın Kakalos kəndi üzrə İƏD üzrə nümayəndəsi Cəfər Əhmədov kənd sakinləri ilə görüşə gəldiyinə görə icra başçısına minnətdarlığını bildirmiş, əvvəlki görüşdən sonra ərazidə görülən işlər barədə məlumat vermişdir.
Kakalos bələdiyyəsinin sədri Bəhram Əliyev çıxış edərək kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlərdən, 220 ha ərazidə tərəvəz əkinləri aparılmasından, yol-abadlıqla əlaqədar görülən işlərdən söhbət açmışdır.
Kənd sakinlərindən Qurban Məmmədov, Hacıhüseyn Əliyev, Nazim Rzayev, Paşa Əkbərov, Sultan İsgəndərov və başqaları çıxış edərək son illərdə respublikamızda və rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində əldə olunan yüksək nailiyyətlərdən ətraflı söhbət açmış, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik fəaliyyətini dəstəklədiklərini bildirmişlər. Görüş iştirakçıları razılıqla qeyd etmişlər ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları Astara rayonunda uğurla həyata keçirilir. Son illərdə Astara şəhəri, qəsəbə və kəndlər öz simasını tamamilə dəyişmiş, yeni-yeni sosial obyektlər, səhiyyə, mədəni-maarif müəssisələri tikilib istifadəyə verilmiş, yolların təmirinə diqqət artırılmışdır.
Rayonda görülən geniş abadlıq və quruculuq işlərinə görə Cənab Prezident İlham Əliyevə və rayon rəhbərliyinə dərin təşəkkür və minnətdarlıqlarını bildirən kənd sakinləri Kakalos kənd 2 saylı və Bala Şahağac kənd tam orta məktəbləri üçün yeni binaların tikilməsi, elektrik xətlərinin təmiri, Kakalos-Kolatan yolunun asfaltlaşdırılması, ərazidə kəndarası yolların təmiri, pay torpaqlarından daha səmərəli istifadə olunması və digər məsələlərin həlli ilə əlaqədar təkliflər vermişlər.
Astara rayon İcra hakimiyyətinin başçısı Q.Ağayev çıxış edərək görüş iştirakçıları tərəfindən qaldırılan bütün məsələlərə həssaslıqla yanaşılacağını, onların həlli ilə əlaqədar aidiyyəti təşkilatlara tapşırıqlar veriləcəyini bildirmişdir. İcra başçısı qeyd etmişdir ki, bu günlər hər yerdə dahi şəxsiyyət, görkəmli dövlət xadimi, Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilir. Çox fərəhlidir ki, bu görüşümüz Ulu öndərin büstü qoyulmuş mədəniyyət və istirahət parkında təşkil olunmuşdur. Ulu öndər Heydər Əliyevin müdrik rəhbərliyi ilə respublikamız ötən əsrin 90-cı illərindəki ağır, böhranlı vəziyyətdən çıxaraq bugünkü qüdrətli dövlətə çevrilmişdir. Dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyev Azərbaycan müstəqilliyinin qorunması üçün yorulmaz fəaliyyət göstərmişdir. Bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın beynəlxalq nüfuzu daha da artmışdır. Bu gün Azərbaycan dünya siyasətində layiqli yeri və nüfuzu olan ölkələrdən sayılır.
Sön dövrdə rayonumuzda sosial-iqtisadi inkişaf sayəsində hamını sevindirən nailiyyətlər qazanılmışdır. Möhtərəm prezidentimizin sərəncamları əsasında Astara şəhərinin abadlaşdırılması, Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi-asfaltlaşdırılması işləri sürətlə aparılır. Astaralıların illərdən bəri arzuladıqları dənizkənarı park və çimərlik salınması məqsədilə geniş miqyaslı işlər görülür.
Rayonumuzda əhali fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunur. Əhalinin içməli su ilə təmin olunması məqsədilə Xanbulandan rayon mərkəzinə qədər su xətti çəkiləcəkdir.
İcra başçısı tədbirin sonunda Kakalos kənd mədəniyyət evində yeni yaradılmış Astara Tarix-Diyarşünaslıq muzeyinin Kakalos filialında olmuş, burada toplanan nadir eksponatlarla maraqlanmışdır. Qocaman mədəniyyət işçisi, “Tərəqqi” medallı Fərbiyyə Şabanova muzeyin yaranması, toplanılan eksponatlar barədə geniş məlumat vermişdir.