Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

20 yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir

20 yanvar 2023 | 12:35

Çağdaş Azərbaycan tarixinin ən dəhşətli məqamlarından biri olan qanlı yanvar faciəsindən bizi 33 illik bir zaman fasiləsi ayırır. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə çoxminli imperiya ordusu ölkənin paytaxtı Bakı şəhərinə soxularaq heç bir xəbərdarlıq etmədən dinc əhalini gülləboran etdilər. Mixail Qorbaçov başda olmaqla sovet imperiya rəhbərliyi Bakıda erməni kartından məharətlə istifadə etdi. O qanlı gecədə 147 nəfər əliyalın, günahsız insan amansızcasına qətlə yetirildi, 800-ə qədər adam yaralandı.

Həmin dəhşətli qanlı terror gecəsində cəlladlar qarşılarına çıxan uşağa, qocaya, qadına belə rəhm etmədilər. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, evlərində belə qətlə yetirildi, yaralıları aparmağa gələn təcili yardım maşınları gülləyə tuş gəldi.  

O çətin günlərdə qüdrətli liderin yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. 20 yanvar günündə xalqının səsinə hər kəsdən əvvəl səs verən Azərbaycanın qeyrətli, dahi oğlu Heydər Əliyev oldu. Ümummilli Liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, yanvarın 21-də oğlu, silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, qanlı təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən Mixail Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.  

Yanvar qırğını nə qədər faciəli olsa da azadlıq mübarizəsinə qalxmış Azərbaycan xalqının iradəsini, əzmini qıra bilmədi. Həmin faciədə həlak olan Vətən övladları şəhidliyi ilə Azərbaycan tarixinə parlaq səhifə yazdılar. Şəhid məzarları hər bir Azərbaycan vətəndaşının müqəddəs and yeridir.  

Yanvarın 20-də rayon rəhbərliyi, icra hakimiyyətinin işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri Astara şəhərində Şəhidlərin Xatirə Kompleksini ziyarət edərək Vətənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsini böyük hörmət və ehtiramla yad etmiş, xatirə lövfələrinin önünə qərənfillər düzmüşlər. 

Saat 12 : 00-da rayon ərazisində bayraqlar endirilmiş, nəqliyyatın hərəkəti dayandırılaraq şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Keçidlər