Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir.

11 may 2014 | 15:00

 

Xalqımızın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə astaralılar daim hörmət və ehtiram bəsləyirlər. Ulu Öndərin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Astarada silsilə tədbirlər keçirilmişdir. Mayın 10-da ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda minlərlə astaralı toplaşmışdır.

Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyevin abidəsi önünə əklillər və tər gül dəstələri qoymuşlar.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin şərəfli ömür yolunun, görkəmli siyasi və dövlət xadimi kimi möhtəşəm fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən eksponatlara baxmışlar.

YAP Astara rayon təşkilatının inzibati binasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş elmi praktiki konfrans keçirilmişdir. Burada Ulu Öndərin həyatından bəhs edən “Əbədiyyət yolu” videofilmi nümayiş olunmuşdur.

Konfransı giriş sözü ilə Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev açaraq qeyd etmişdir ki, bu günlər ölkəmizin hər yerində, azərbaycanlıların  yaşadıqları və fəaliyyət göstərdikləri bütün dünya ölkələrində Ümummilli Liderimiz Heydər Əliyevin doğum günü böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, ümumbəşəri fəaliyyətindən geniş söhbət açılır, xatirəsi ehtiramla yad edilir.

Rayonumuzda hazırlanan geniş tədbirlər planına uyğun olaraq bütün idarə, müəssisə və təşkilatlarda, mədəni-maarif müəssisələrində ümummilli lider Heydər Əliyevin 91-ci ildönümü münasibəti ilə geniş tədbirlərin keçirilməsi ümumxalq məhəbbətinin təzahürüdür. 

Heydər Əlirza oğlu Əliyev 1923-cü ildə Naxçıvan şəhərində dünyaya göz açmışdır. Xatırlatmaq istəyirəm ki, ötən əsrin qırxıncı illərindən respublika hüquq mühafizə orqanlarında fəaliyyətə başlamış, Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə yüksəlmiş, 1969-cu ilə qədər bu vəzifədə çalışmışdır.

1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə rəhbərlik edən Heydər Əliyev Azərbaycanı geridə qalmış aqrar respublikadan çiçəklənən, yüksək inkişaf edən bir diyara çevirmişdir. Həmin dövrdə ölkəmiz sənaye, kənd təsərrüfatı, milli kadr potensialının formalaşdırılması, Azərbaycan dilinin Konstitusiyada təsbit olunması və başqa mühüm istiqamətlərdə böyük nailiyyətlər qazanmışdır.

1982-1987-ci illərdə Heydər Əliyev Sovetlər birliyində Siyasi Büronun üzvü olmaqla SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə yüksəlmiş, o dövrdə ölkənin ən mühüm sahələrinə rəhbərlik ona etibar edilmişdir.

1988-ci ildə Azərbaycana qarşı bədxah niyyətlərini həyata keçirmək üçün Heydər Əliyevin xalq arasında böyük nüfuzundan xoflanan qüvvələr onu müxtəlif bəhanələrlə sovet idarəçiliyindən uzaqlaşdırmağa nail oldular. Bu böyük insan 1990-cı ildə xalqının başına gətirilən müsibətlərə dözməyərək siyasi səhnəyə qayıtmağa məcbur oldu. Qanlı 20 yanvar faciəsi törədilən zaman  Moskvada yaşayan Heydər Əliyev özünün və doğmalarının həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın orada fəaliyyət göstərən daimi nümayəndəliyinə gəldi və siyasi bəyanatla çıxış etdi.    

Heydər Əliyev 1990-cı ilin sentyabrında Naxçıvan Muxtar Respublikası və Azərbaycan Respublikasının Xalq Deputatı seçilməklə həyatının daha gərgin, məsuliyyətli və şərəfli dövrü başlandı. O, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respubilikası Ali Məclisinin sədri vəzifəsində işlədiyi dövrdə respublikadan təcrid olunmuş, blokada şəraitində yaşayan Naxçıvana yeni ümüd və həyat vermişdir. Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvanda Azərbaycanın üçrəngli  bayrağı dövlət bayrağı kimi qəbul edilmişdir.

Həmin illər Azərbaycan Respublikası öz çətin günlərini yaşayırdı. Ölkəmiz elan olunmamış müharibəyə cəlb edilmiş, Dağlıq Qarabağ və bir sıra ətraf rayonlar düşmən tərəfindən işğal edilmişdi. Soydaşlarımız doğma yurd-yuvalarından didərgin düşmüş, ölkədə xaos, hərc-mərclik, vətəndaş müharibəsi şəraiti yaranmışdı.  Xalqın yeganə ümidi Naxçıvana dikilmişdi. Xilas yolunu Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışında görən Azərbaycan xalqı təkidlə onu xilaskarlıq missiyasını yerinə yetirməyə dəvət etdi. Beləliklə, Ulu Öndər 1993-cü ildən ömrünün sonuna qədər,  yəni 2003-cü ilədək memarı və qurucusu olduğu Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etmişdir.

Təcrübəli dövlət xadimi, bütün zamanların görkəmli siyasətçisi, dünya şöhrətli ümumbəşəri insan olan Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək Böyük Xilaskar rolunu oynamış, bizim üçün bugünkü Müstəqil Azərbaycanımızı yaratmışdır. Bu gün Azərbaycanımızın yüksək inkişafı və tərəqqisinə görə, dünya ölkələri arasında hörmətlə qəbul edilməsi və qazandığı nailiyyətlərinə görə Heydər Əliyev dühası qarşısında baş əyirik. Ulu öndərimizin varisçilik ənənələrinə daim sadiq olan ölkə Prezidentimiz Möhtərəm cənab İlham Əliyev onun arzu və ideyalarını bu gün də müvəffəqiyyətlə həyata keçirir.

Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ad günü  hamımız üçün böyük sevinc və böyük bayramdır. Bu münasibətlə mən hamınızı ürəkdən təbrik edirəm.

Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videfilm nümayiş etdiriləndən sonra YAP Astara rayon təşkilatının sədri, rayon İcra hakimiyyəti başçısının müavini Firudin Əhmədovun “Müstəqilliyə doğru böyük dönüş və milli oyanışın başlanması” mövzusunda məruzəsi dinlənilmişdir.

Astara Pedaqoji Kollecin direktoru, fəlsəfə doktoru Əlihəsən Həmzəyev, rayon Ağsaqqallar Şurası sədrinin müavini Ağagül Qasımov,  Heydər Əliyev Mərkəzinin direktor əvəzi Elza Kazımova, rayon İcra hakimiyyətinin məsul işçisi Emin Fətəliyev, Astara şəhər 3 saylı tam orta məktəbin tarix müəllimi İlhamə Məmmədova çıxış edərək Ulu Öndər Heydər Əliyevin ölkəmiz üçün möhtəşəm işlər gördüyünü, Astaraya və astaralılara daim diqqət və qayğı göstərdiyini söyləmişlər.

Astara rayon icra hakimiyyətinin başçısı Q.Ağayev Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən respublika inşa müsabiqəsinin qalibi Kijəbə qəsəbə tam orta məktəbin şagirdi Rafət Hacızadəyə Fəxri Fərman təqdim etmiş, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Azərbaycan beynəlxalq münasibətlər sistemində” mövzusundakı müsabiqədə fərqləndiyinə görə Azərbaycan Mətbuat Şurasının diplomuna və pul mükafatına layiq görülmüş “Astara” qəzetinin baş redaktoru Azər Abdullayevi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Heydər Əliyev zirvəsinə (3751 m) müvəffəqiyyətlə yürüş etdiyinə görə sertifikata layiq görülmüş rayon Meşələrin Mühafizəsi və Bərpası İdarəsinin müdiri Azər Mirzəyevi təbrik etmişdir.

Tədbir axşam saatlarında respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə keçirilən geniş konsert proqramı ilə davam etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və aparat işçiləri, hüquq mühafizə orqanlarının idarə, müəssisə və təşkilatların rəhbərləri  tədbirdə iştirak etmişlər. Böyük izdihamla müşayiət olunan konsert rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanmış, atəşfəşanlıqla başa çatmışdır. 

Keçidlər