28 May Respublika günü təntənə ilə qeyd edilmişdir.
Mayın 27-də Astara rayonunda Respublika günü münasibəti ilə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda təntənəli bayram tədbiri keçirilmişdir.
Tədbirdə rayon rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak etmişdir.
1918-ci il mayın 28-də müsəlman şərqində ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü kimi xalqımızın həyatında ən unudulmaz günlərdən biri olduğu tədbirin aparıcısı tərəfindən qeyd olunmuşdur. Yaşadığı 23 ay ərzində Demokratik Respublikanın gördüyü işlər, yaradılan təsisatlar, qəbul edilən dövlət rəmzləri tariximizin ən yaddaqalan səhifələridir. Həmin qısa dövr ərzində Demokratik Respublikanın şərəfli fəaliyyəti Azərbaycan xalqının arzu və istəklərini müstəqillik şəraitində həyata keçirmək iqtidarında olduğunu əyani nümayiş etdirmişdir. Təəssüflər olsun ki, yaradılan ilk müstəqil dövlətimizin ömrü az olmuşdur. 1920-ci il aprelin 28-də bolşevik qoşunları tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradılmışdır. Lakin xalqımızın qəlbində azadlıq arzusu, məşəli heç vaxt sönməmişdir. 70 ildən sonra, 1990-cı ilin əvvəllərində xalqımızın yenidən müstəqil olmaq uğrundakı mübarizəsi öz bəhrəsini vermiş, Azərbaycan 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir. Yenidən qazanılmış müstəqilliyin ilk illərində ölkəmiz ağır günlər yaşamış, hətta müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdir. Belə bir çətin və sınaqlı günlərdə xalqımızın təkidli tələbi və xahişi ilə yenidən respublikaya rəhbərliyə qayıdan xalqımızın ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin apardığı müdrik və qətiyyətli siyasət nəticəsində müstəqilliyimizin əbədiliyi və sarsılmazlığı təmin olunmuş, Azərbaycan özünün hərtərəfli inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Çox fərəhli haldır ki, bu müdrik siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda müstəqil Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə birlikdə mötəbər Beynəlxalq təşkilatların tam hüquqlu üzvüdür. Azərbaycan xalqı, o cümlədən, astaralılar cənab prezidentimizin apardığı müdrik siyasəti ürəkdən bəyənir, ətrafında sıx birləşirlər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevin 28 May Respublika günü münasibəti ilə rayon əhalisinə təbriki oxunmuş, bayram konserti nümayiş etdirilmişdir.