Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Dağ kəndlərinin problemləri həll olunur.

06 iyun 2014 | 15:00

 

Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin

Tüləküvan kəndində səyyar qəbul və görüşü

 

Son dövrdə Astara rayonunda ucqar dağlıq ərazidə yerləşən kəndlərin mövcud problemlərinin həlli istiqamətində konkret və əməli tədbirlərin operativ şəkildə yerinə yetirilməsi sakinlərin böyük sevincinə səbəb olmuşdur. İllərdən bəri həsrətində olduqları, rayon mərkəzindən 40-50 km uzaqlıqda yerləşən 20-dən çox yaşayış məntəqəsini əhatə edən Deqədi-Pəlikəş avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması və asfaltlaşdırılması işinin sürətlə davam etdirilməsi rayon ictimaiyyətində böyük ruh yüksəkliyi yaratmışdır. Ucqar ərazidə yerləşən onlarla kəndə təbii qazın çəkilişi, Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə dairəvi avtomobil yolunun istifadəyə verilməsi, Toradi, Hamoşam, Pəlikəş, Asxanakəran, Anboba, Əzərüd kimi dağ kəndlərində yeni məktəb binalarının tikintisi və bu kimi digər faktlar dağlıq ərazidə yaşayan sakinlərin problemlərinin həlli yolunda görülən işlərin sübutudur.

İyunun 5-də Kijəbə qəsəbə inzibati ərazi dairəsi nümayəndəliyinin Tüləküvan kəndində Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev yerli əhalinin səyyar qəbulunu keçirmişdir. Bu görüşdə rayonun bir sıra idarə və müəssisələrinin, hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak etmişlər.

Görüş iştirakçılarını salamlayan icra başçısı yerlərdə əhali ilə keçirilən səyyar qəbul və görüşlərdə qaldırılan məsələlərin imkan daxilində yerinə yetirilməsi, bu istiqamətdə işlərin müntəzəm aparılması barədə fikirlərini bildirmişdir. Kənd sakinləri ilə növbəti dəfə görüşə gəldiyini qeyd edən icra başçısı sakinlərin təklif, irad və tənqidi fikirlərini dinləməyə hazır olduğunu diqqətə çatdırdı.

Kənd sakinlərindən Mirbaba Ağayev, Şahmirzə İsayev, Gülbala Hidayətov, Musadiq Hidayətov, Tahir Ağayev, Famil Əmənullayev, Xalıq Əmənullayev, Mərcan Əliyeva, bələdiyyə sədri Firudin Abbasov və başqaları çıxış edərək dağlıq ərazidə yerləşən kənd sakinləri ilə görüşə gəldiyinə görə icra başçısına minnətdarlıqlarını bildirmiş, son illərdə rayon rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı ilə yerlərdə aparılan geniş abadlıq və quruculuq işlərindən, xüsusən möhtərəm prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Deqədi-Pəlikəş avtomobil yolunun yenidən qurulması və asfaltlaşdırılmasından hədsiz razılıqlarını və minnətdarlıqlarını ifadə etmişlər. Görüş zamanı kənd sakinləri kəndə təbii qazın çəkilməsi, yol-abadlıq işlərinə, əhalinin içməli su ilə təminatına, elektrik xətlərinin təmirinə, yeni transformatorun alınmasına, yeni məktəb tikintisinə, Şəmətük kəndində çay üzərində körpü salınmasına köməklik göstərilməsi barədə təkliflərini də söyləmişlər.

Rayon İcra hakimiyyətinin başçısı Q.Ağayev görüşün sonunda çıxış edərək nəinki bu kəndin bütün dağ kəndlərinin sosial problemləri ilə yaxından tanış olduğunu, bu istiqamətdə konkret tədbirlərin tədricən həyata keçirildiyini bildirmişdir. Tüləküvan kəndinə təbii qazın verilməsinin bərpa edilməsi və yolun asfaltlaşdırılması ilə əlaqədar müvafiq layihələrin  hazırlandığını və icrasının nəzarətə götürüldüyünü diqqətə çatdıran icra başçısı elektrik enerjisi verilişini yaxşılaşdırmaq məqsədilə yeni elektrik xəttinin çəkilməsi, kənd üçün yeni elektrik transformatorunun alınması və yaxın günlərdə Şəmətük kəndində çay üzərində körpü salınması üçün lazım olan materialların ayrılması barədə yerindəcə tapşırıqlar vermişdir.

İcra başçısı ümumən respublikamızda, o cümlədən rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində əldə olunan yüksək nailiyyətlər barədə ətraflı məlumat vermiş, bütün bu uğurların təməlində Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin, bu siyasəti layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin gərgin və səmərəli fəaliyyətinin dayandığını diqqətə çatdırmışdır. Məhz bu siyasətin nəticəsidir ki, ən ucqar dağ kəndlərinin sosial problemləri həllini tapır, şəhərdə müasir tipli bulvar və park salınır.

Ucqar dağ kəndində yeniyetmə və gənclərin idmana olan böyük marağına sevindiyini qeyd edən icra başçısı ölkəmizdə idmana diqqət və qayğının yüksək olduğunu, məhz buna görə də mühüm beynəlxalq idman yarışlarının respublikamızda keçirilməsinin böyük etimad olduğunu nəzərə çatdırmış, bu gün yetişən gənc nəslin sabah dünya səviyyəli idman yarışlarında Azərbaycanın üçrəngli bayrağını yüksəklərə qaldıran qaliblər olacağını vurğulamışdır.  

İnanıram ki, ölkə rəhbərinin həyata keçirdiyi məqsədyönlü siyasəti və xalqımızın birliyi ilə daha xoş günlərə qovuşacaq, müstəqil Azərbaycanımızın bütün sahələrdə yüksək inkişafının şahidi  olacağıq.

Keçidlər