Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirilmişdir.
İyunun 13-də Astarada Milli Qurtuluş gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və aparat işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Q.Ağayev gündən-günə inkişaf edən, gözəlləşən, böyük tarixi inkişaf yolunda olan, doğma Vətənimizin - Azərbaycanımızın hər yerində 15 iyun “Qurtuluş günü”nün 21-ci ildönümünün böyük bayram təntənəsi ilə qeyd edildiyini bildirmişdir. O, 21 il bundan öncə baş verənlərin - 1993-cü ilin qan-qadası, ağrı acısı, qardaş qırğını, adamların günahsız ölümünün uzun müddət bu xalqın yaddaşından silinməyəcəyini, müstəqil Azərbaycanı öz mənafeyinə uyğun parçalamaq, bir dövlət kimi yox etmək istəyən qara niyyətlilərin çirkin arzusunun gözlərində qalacağını vurğulamışdır.
1993-cü ilin dəhşətli iyun günlərində, uzun sürən tərəddüdlərdən sonra ölkənin təhlükəli vəziyyətdə olduğunu, eləcə də xalqın təkidli xahişlərini nəzərə alan Heydər Əliyev iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Ulu Öndərin tarixi qayıdışı ilə ölkəni bürüyən təhlükə böyük siyasi çevikliklə aradan qaldırıldı, dövlətçiliyin və xalqın yoluna parlaq nur saçıldı. Yeni Azərbaycanın qurucusu olan Heydər Əliyev dünyanın ən qüdrətli tarixi simaları sırasına yüksəlmiş nadir şəxsiyyət, dünya tarixinin Azərbaycanlı Dahisidir.
Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışan, Ulu Öndərin şərəfli ömür yolunun bütün nəsillərə örnək olduğunu, onun adının xalqımızın mənəvi bütövlüyünün və birliyinin rəmzinə çevrildiyini, xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayan natiq bu gün Ulu Öndərimizin siyasətini uğurla həyata keçirən Heydər Əliyev siyasi məktəbinin davamçısı, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində doğma Azərbaycanımızın gündən-günə çiçəkləndiyini, inkişaf etdiyini, bütün sahələrdə dünya dövlətlərinin etibarlı tərəfdaşına çevrildiyini diqqətə çatdırmışdır.
Bu inkişafın, bu tərəqqinin təməli isə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin uğurlu fəaliyyəti ilə müvəffəqiyyətlə davam etdirilir. Bir vaxtlar ordumuzda xidmət edən əsgərləri geyimlə təmin etməkdə çətinlik çəkirdiksə, hazırda Azərbaycan ordusu Cənubi Qafqazda ən qüdrətli bir orduya çevrilmişdir. İqtisadiyyatımız dünyanın aparıcı dövlətlərinin diqqət mərkəzində durmaqla Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatının 80 faizini təşkil edir. Ölkəmizin iqtisadi gücü artdıqca vətəndaşlarımızın firavan yaşaması üçün ardıcıl olaraq yeni layihələr həyata keçirilir. Əlbəttə, böyük inkişaf və tərəqqi yolunda olan ölkəmizin daha böyük nailiyyətlərinə birliyimizlə, mətin iradəmizlə, dövlətə və dövlətçiliyimizə, Heydər Əliyev siyasətinə və bu siyasəti uğurla həyata keçirən ölkə rəhbərimizə olan sədaqətimizlə nail ola bilərik.
Xalqımız bu gün tam əmindir ki, heç bir qüvvə Ulu Öndər Heydər Əliyevin banisi və qurucusu olduğu müstəqil Azərbaycanın dövlətçiliyini sarsıda bilməz, xalqımızın azadlığını və müstəqilliyini əlindən ala bilməz. Dövlətçiliyimiz bu gün də etibarlı əllərdədir.
Rayon İcra hakimiyyəti başçısının müavini Yasəmən Rəsulovanın “Milli Qurtuluş günü müstəqil Azərbaycan tarixinin qızıl səhifəsidir” mövzusunda məruzəsi dinlənilmiş, rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, Astara Pedaqoji Kollecin müəllimi Elçin Mahmudov, rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev, Astara şəhər 7 saylı orta məktəbin müəllimi Ulduzə Bağırova, rayon Mərkəzi Xəstəxanasının həkimi, “Tərəqqi” medallı Fuad Səmədov, və Kijəbə qəsəbə tam orta məktəbin müəllimi Teymur Fətullayev tədbirdə çıxış etmişlər.