Astaranın dağ kəndində yeni məktəb binasının açılışı olmuşdur
Toradi kəndi Talış dağlarının qoynunda, rayon mərkəzindən 35 km aralıda yerləşir. Bura ucqar yer olsa da, lakin necə deyərlər, könüldən iraq deyil. Rayon rəhbərliyi dağ kəndlərinin, o cümlədən Toradi kəndinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində lazımi tədbirlər görür. Kəndin sakinləri, müəllim və şagirdlər 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində gözəl hədiyyə almışlar. Kənddə 180 yerlik yeni məktəb binası tikilib istifadəyə verilmişdir.
Dekabrın 27-də kənddə bayram əhval-ruhiyyəsi var. Gunəşli bir gün idi. Bu gün kənddə yeni məktəb binasının açılışı mərasimi keçirildi. Məktəbin həyətinə toplaşanların üzündə sevinc aydın duyulurdu.
Açılış mərasimini rayon İcra Hakimiyyəti aparatının şöbə müdiri Mərasim Hacızadə açaraq dağ kəndində belə bir məktəb binasının tikilməsi bu kənddə yaşayanların həyatında əlamətdar hadisə olduğunu, haqlı olaraq sevinc hissi duyurduğunu bildirdi.
Rayon Təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova Toradi kənd tam orta məktəbinin direktoru Balazər Əliyev, valideyn Hacıəmin Qəribov, rayon İcra hakimiyyəti başçısının Hamoşam inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səlahəddin Əliyev, məktəbin müəllimi Nigar Hüseynova tədbirdə çıxış edərək Prezident İlham Əliyevə, rayon rəhbrəliyinə minnətdarlıqlarını bildirdilər.
Açılış mərasimində Astara rayon İcra hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına, yeni məktəb binalarının tikilməsinə göstərdiyi diqqət və qayğıdan danışmış, rayonumuzda indiyədək çoxlu sayda yeni məktəb binalarının tikilməsini və bu gün ucqar dağ kəndində belə bir məktəb binasının inşa edilməsinin göstərilən qayğıya bariz nümunə olduğunu bildirmişdir. T.Qaraşov bundan sonra da rayonda yeni məktəb binalarının tikilməsi, dağ kəndlərinə gedən yolların abadlaşdırılması sahəsində vacib tədbirlər görüləcəyini diqqətə çatdırmışdır.
T.Qaraşov birinci sinif şagirdlərinə məktəbli forması və yeni il hədiyyələri təqdim etmişdir. Sonra qırmızı lent kəsilmiş, sinif otaqlarına, idman zalına baxış olmuşdur.
T.Qaraşov həmçinin yolüstü Hamoşam və Asxanakəran kəndlərində əhali ilə görüşlər keçirmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov Toradi kəndində məktəb binasının açılışında və əhali ilə görüşlərdə iştirak etmişdir.