Birinci yarımilin nəticələri müzakirə olunmuşdur
İyulun 17-də rayon İcra hakimiyyətində keçirilən Şura iclasında 2014-cü ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Rayon İcra hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, idarə və təşkilat rəhbərləri, ərazi inzibati dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri yığıncaqda iştirak etmişlər.
Yığıncağı giriş sözü ilə açan Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev iyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunmuş, ölkəmizin sosial-iqtisadi mənzərəsinin əks etdirən konkret rəqəmləri bir daha diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, bütün Respublikada olduğu kimi Astara rayonunda da cari ilin birinci yarısında müəyyən işlər görülmüşdür. 2014-cü ilin birinci yarımilində rayonda bütün sahələrdə uğurlu nəticələr qazanılmışdır. Yerli gəlirlər 2 milyon 568 min manata qarşı 2 milyon 970 min manat icra olunmuş, bu da 115,7% təşkil edir. Yerli xərclər isə 10 milyon 340 min manata qarşı 9 milyon 926 min manat icra olunmuş, bu da 96,0 %-ə bərabərdir. Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzi büdcədən 7 milyon 608 min manat dotasiya alınmışdır.
2014-cü ilin birinci yarısında ümumi məhsul buraxılışı 59,7 milyon manat olmuşdur. Bunun 10,2 %-i sənaye sahələrində, 43,1 %-i kənd təsərrüfatında, 2,2 %-i nəqliyyatda, 33,6 %-i ticarət və pullu xidmət sahələrində, 10,3 %-i tikintidə, 0,6 %-i isə rabitədə olmuşdur. Orta hesabla bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi 579 manat təşkil etmişdir.
2014-cü ilin 6 ayında rayonda tikinti-abadlıq və quruculuq sahəsində də xeyli işlər görülmüşdür. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevinin 12 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə 12 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikeş avtomobil yolunun tikintisi və asfaltlaşdırılmasına 2014-cü ilin mart ayında başlanmışdır. 21 km məsafədə Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi ilə əlaqədar torpaq işləri yekunlaşmış, yolun 13,5 kilometri asfaltlaşdırılmışdır və hazırda yol tikintisi işləri davam etdirilir.
Kakalos-Kolatan kəndlərarası 1,1 km, Suparibağ-Seləkəran kəndlərarası 1,5 km yol asfaltlaşdırılmışdır. Bundan əlavə Pensər-Şahağacı, Astara-Qamişovka, və Astara-Alaşa avtomobil yolunda asfaltbeton qarışığından təmir işləri yerinə yetirilmiş, ayrı-ayrı kəndlərarası yollar avtoqreyderlə hamarlanmışdır. Siyaku-Marzəsə avtomobil yolunda uzunluğu 14 m və 12 m olan və Siyaku-Şəmətük avtomobil yolunda uzunluğu 8 m və 12 m olan 4 ədəd körpü tikilmişdir.
Astara şəhərinin Azərbaycan küçəsində 22 saylı, S.Vurğun küçəsindəki 1, 1 A, 15, 15 A və 16 saylı ictimai yaşayış binalarının fəsadları əsaslı təmir edilmişdir. Füzuli, M.Hüseynzadə, R.Axundov, H.Aslanov, C.Cabbarlı, R.Məmmədov, Nizami, və Qum küçələrində abadlıq işləri görülmüş, yeni işıqlandırma sistemi quraşdırılmış, kuveytlər təmizlənərək, betonlanmışdır. Şəhərin Gənclər küçəsi 1,3 km asfaltlaşdırılmış və bardürlər düzülmüşdür.
Şəhərinin Xəzər dənizi sahili boyu 8 hektar sahədə park-bulvarının tikintisinə başlanmasıdır. Burada bulvarın salınması üçün 200 min kub metr torpaq daşınmış, gəzinti yeri, İstirahət meydanı dəmir beton konstruksiyası ilə betonlanmışdır. Bulvar ərazisində 1400 kv.metr ölçüdə əyləncə mərkəzinin, çay evi və kafelərin, fəvvarə, karusel, mini futbol, voleybol meydançalarında tikinti-quraşdırma işləri görülür. Bundan əlavə həmin ərazidə 12 istirahət evi, 3 mərtəbəli mehmanxananın tikintisi davam etdirilir.
Suparibağ kəndində 220 şagird yerlik tam orta məktəbi üçün yeni binanın tikintisində tamamlanma işləri aparılır. Asxanakəran ərazi nümayəndəliyinin Anboba və Əzərud kəndlərində 80 şagird yerlik ibtidai məktəblər üçün yeni binalarının tikintisi isə davam etdirilir.
Astara şəhərində Maliyyə İdarəsi üçün ikimərtəbəli müasir tipli inzibati binası tikilmiş, Telman kəndində yeni çay emalı fabrikinin tikintisinə başlanmışdır. Züngüləş kəndi ərazisində 0.3 mvt gücü olan “Astara-1” kiçik su elektrik stansiyasında tikinti işləri davam etdirilir.
Rayonda inşaat işlərinin aparılması üçün 2014-cü ilin birinci yarısında bütün maliyyə mənbələrindən əsas kapitala 7,0 milyon manat məbləğində vəsait yönəldilmişdir. İnvestisiyanın 3,3 milyon manatı istehsal təyinatlı obyektlərin, 3,7 milyon manatı isə xidmət sahələri üzrə obyektlərin inşasında istifadə edilmişdir. Tikinti quraşdırma işlərində istifadə edilmiş vəsaitin həcmi ümumi tikinti işlərində istifadə edilmiş vəsaitin 88,3 %-ni təşkil edərək 6,2 milyon manat olmuşdur. Əsas kapitala yönəldilmiş investisiyanın hamısını daxili investisiyalar təşkil edir.
Son dövrdə rayonda 6276 iş yeri açılmış, bunun da 5860 daimi iş yeridir. Birinci yarımillikdə rayonda 403 yeni iş yeri açılmışdır.
Əhalinin qaz təchizatının daha da yaxşılaşdırılması məqsədi ilə Astara Qaz İstismarı Sahəsi tərəfindən rayonda xeyli iş görülmüşdür. Ötən müddətdə 376 evin qazlaşdırılması həyata keçirilmiş, 15021 p.m müxtəlif diametrli qaz xətlərində təmir-bərpa işləri aparılmış, 33 ədəd qaz tənzimləyici şkaf təmir edilərək saz hala gətirilmiş, 3 ədəd yenisi quraşdırılmışdır. 13 ədəd yeni siyirtmə quraşdırılıb istifadəyə verilmişdir. Əhali abunəçiləri üçün 376 ədəd qaz sayğacı quraşdırılaraq istifadəyə verilmiş və rayon üzrə quraşdırılmış sayğacların ümumi sayı 14 min 412-yə çatdırılmışdır.
Telman kəndində 300 nəfər abonent üçün paylayıcı qaz xətləri çəkilmişdir. Qazlaşdırılmış yaşayış məntəqələrində yeni yaşayış massivlərinin qazlaşdırılması istiqamətində işlər görülür. Təngərüd kəndində 80, Pensər kəndində 54, Kakalos kəndində 35, Balaca Şahağac kəndində 19 evin qazlaşdırılması həyata keçirilmişdir.
Rayonda 2014-cü ilin birinci yarısında 16 milyon 271,4 min kub metr həcmində, 1 milyon 626,0 min manat məbləğində təbii qaz satılmış, 1 milyon 555,9 min manat vəsait yığılmışdır ki, bu da satılan qazın dəyərinin 95,7 %-ni təşkil edir.
Astara Elektrik Şəbəkəsi tərəfindən birinci yarımillikdə Astara şəhər mərkəzində, Ərçivan və Kijəbə qəsəbələrində, Kakalos, Maşxan, Şahağac, Vaqo və Lovayın kəndlərində əhalinin keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdən ötrü 11.2 km məsafədə yeni 10 kv-luq hava xətləri çəkilmiş, 8 ədəd müxtəlif gücdə transformator yarımstansiyası quraşdırılaraq istifadəyə verilmiş, əhalinin enerjiyə olan təminatını yaxşılaşdırmaq məqsədi ilə 3,9 km məsafədə SİP kabel çəkilmişdir.
2014-cü ilin birinci yarısında rayon Suvarma Sistemləri İdarəsi tərəfindən müəyyən işlər görülmüşdür. Rayonun 2000 hektara yaxın əraziyə xidmət edən Lovayın nasos stansiyasında təmir işləri aparılmışdır. Stansiyada bir ədəd yeni nasos quraşdırılmışdır.
Əhalinin və əkin sahələrin sel sularından mühafizəsi məqsədi ilə Astaraçayda və Pensərçayda məcra təmizləmə işləri görülmüşdür. Pensərçaydan ayrılan “Şah Sarvanı” adlanan kanal işlək vəziyyətə gətirilmiş, su qəbuledici qurğuya texniki xidmət göstərilmişdir. Astaraçaydan ayrılan Axiya və Alaşa kanalların 5700 p.m hissəsi, Artupa, Səncərədi, Suparibağ, Telman-Pensər, Kakalos-Balaca Şahağac, Ərçivan, Təngərüd və Maşxan təsərrüfatlarında ümumilikdə 39 min 200 p.m kanal lil və palçıqdan təmizlənmişdir.
Bundan əlavə su itkisinin qarşısını almaq, suyu vaxtında istifadəçilərə çatdırmaq məqsədi ilə Artupa-Səncərədi zonasında 15 min 500 p.m xırda ölçülü kanal qazılmışdır
Rayonda sahibkarlığın inkişaf etdirilməsi məqsədilə fermer təsərrüfatlarına və fiziki şəxslərə 128 ton həcmində mineral gübrələr güzəştli şərtlərlə satılmışdır. 869 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına isə 97 min 564 manat dəyərində subsidiya verilmişdir.
2014-cü ilin birinci yarımilliyində Şuvi və Kijəbə nümayəndəliklərinin ərazisində 29 ha yeni çay plantasiyaları salınmış və beləliklə ümumi 533 ha çay plantasiyalarının 205 hektarı məhsuldar çay sahəsidir. 2014-2015-ci illərin əkinləri üçün 4,5 milyon ədəd stəkan dibçəklərdə çay toxumu əkilmiş və əkilmiş çay şitillərinin 700 min ədədə yaxın şitili rayonun Şuvi və Kijəbə nümayəndəliklərinin ərazisində əkilməsi nəzərdə tutulmuşdur. İlin 6 ayı ərzində çay plantasiyalarında əsasən aqrotexniki qulluq və 190 ha sahədə qış şumu işləri aparılmışdır. Çay sahələrinə mineral və üzvü gübrələr verilmiş, mövsümü yağan yağışlar nəticəsində sel sularından qurunmaq məqsədilə su arxları və sahə içi xəndəklər təmizlənmişdir. 22 ha sahədə ağır budama işləri aparılmışdır. 2014-cü ilin ilk yığım mövsümü ərzində 162 ton yaşıl çay yarpağı yığılıb emal müəssisələrinə təhvil verilmişdir.
2014-cü ilin birinci yarımilliyində 1115 ha sitrus və subtropik meyvə bağlarında aqrotexniki qulluq işləri aparılmış, kimyəvi preparatlarla ziyanverici və xəstəliklərə qarşı mübarizə tədbirləri görülmüşdür.
2014-cü ildə 147 ha çəltik və 163 ha payızlıq buğda əkini aparılmışdır.
1 iyul 2014-cü il vəziyyətinə rayonda 2772 ha tərəvəz, 823 ha dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 233 ha qarğıdalı dən üçün, 1381 ha kartof və 569 ha sahədə ərzaq üçün bostan məhsulları əkini aparmışdır. Hazırda məhsul yığımı işləri həyata keçirilir.
Diri çəkidə 1702,3 ton ət, 15 min ton süd, 2 milyon 956 min ədəd yumurta istehsal olunmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə qaramalın sayı 0,1% artaraq 45 min 794 başa, o cümlədən xırda buynuzlu mal-qaranın sayı 0,1% artaraq 29 min 081 başa çatmışdır.
Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsi proqnoz planı 1 milyon 891.2 min manata qarşı 1 milyon 967.6 min manat və ya 104,0% icra etmişdir. Şöbədə 16 min 557 nəfər sığorta olunan qeydiyyata götürülmüşdür. Onlardan 6706 hüquqi şəxs, 3336 fiziki şəxs və 6515 nəfəri torpaq mülkiyyətçiləridir. Pensiya və müavinətlər 11 milyon 650.2 min manat olmaqla, tam ödənilmişdir.
Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 10 min 402 ailə üzvünü özündə birləşdirən 2 min 81 ailəyə ÜDSY ödənilmişdir. Təkrar təyinat aparılan ailələrin sayı 1816, ailə üzvlərin sayı 10 min 379 nəfər, təyin olunan məbləğ 272 min 572 manat olmuşdur. Hər bir ailəyə düşən orta aylıq məbləğ 130 manat və hər bir ailə üzvünə düşən gəlir 26,2 manat təşkil etmişdir.
Rayon Dövlət Sığorta Filialı 46 min 158 manat tədiyyə toplamışdır. Yığılmış tədiyyə hesabına hərbi xidmət dövründə şəhid olanların ailələrinə və zərər çəkmiş əlillərə 20,9 min manat sığorta yardımı verilmişdir.
Rayon Məşğulluq Mərkəzinə iş üçün müraciət edənlərin 112 nəfəri müxtəlif idarə və müəssisələrdə daimi işlə təmin olunmuş, onların da 42 nəfəri qadındır.
Astara Poçtamtı 116 min 668 manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% çox və Astara Telekommunikasiya Qovşağı 414 min 794 manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə 22% çox olmaqla əhaliyə, müəssisə və təşkilatlara rabitə xidməti göstərmişlər.
Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 40 ha sahədə meşə bərpası tədbirləri görülmüş, yeni şitillik sahələri salınmış, tingliklər yaradılmışdır. Keçən illərdə salınmış 4 ha tinglik və böyütmə sahələrində xidməti və becərmə işləri aparılmışdır. Ötən müddət ərzində bölgü əsasında qış mövsümü üçün ümumilikdə 300 kv.metr odun məktəblərə daşınmışdır.
Ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə yeni inventar və avadanlıqlarla təmin edilmişdir. Sım, Şümrüd, Burzubənd və Artupa tam orta məktəbləri üçün yeni binaların tikintisindən ötrü hazırlıq işlərinə başlanmışdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fevralın 17-dən mayın 1-dək ölkə əhalisinin icbari tibbi müayinədən keçirilməsi ilə bağlı göstərişinə əsasən rayonda da keçirilən tədbirlər rayon əhalisi tərəfindən böyük razılıqla qarşılanmışdır. Bu müddət ərzində 56 min 209 nəfər müayinəyə tibbi müayinəyə cəlb olunmuş, bunlardan 7 min 272 nəfərdə patologiya aşkar olunmuş, 216 nəfəri stasionar müalicəyə cəlb edilmiş, 47 nəfər respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilmişdir. Həkim briqadaları tərəfindən yaşayış məntəqələrində, dağ kəndləri də daxil olmaqla, 7 min 613 nəfər uşaq və yaşlı əhali müayinə edilmiş, onlara yerində ixtisaslı tibbi yardım göstərilmişdir. Ötən müddət ərzində rayonda kəskin yoluxucu xəstəliklər qeydə alınmamış, epidemioloji vəziyyət sabit olmuşdur.
Rayonun mədəniyyət müəssisələri əhaliyə mədəni xidmətin göstərilməsi sahəsində bir sıra tədbirlər həyata keçirmişlər. Xüsusilə, tarixi, bayram və digər əlamətdar günlərlə həsr olunmuş tədbirlər əhali tərəfindən rəğbətlə qarşılanmışdır. Rayonun mədəniyyət işçiləri hərbi hissələrdə, yaşayış məntəqələrində çıxışlar etmiş, “Əvəsor” xalq kollektivi Bakı şəhərində Milli Parkdakı Novruz şənliyində və Masallı şəhərində Beynəlxalq Folklor festivalında iştirak etmiş, rayonun adət-ənənələrini əks etdirən etnoqrafik nümunələr nümayiş etmişlər.
Rayonda gənclərlə iş və idman sahəsində 64 tədbir keçirilmiş, Respublika və zona final mərhələlərində idmançılar 58 qızıl, 43 gümüş və 79 bürünc medal qazanmışlar. “Şahin”, “Cəsurlar”, “Sərhəd”, ənənəvi hərbi idman oyunlarında 1800 nəfər, o cümlədən rayon birinciliyində 830 nəfər məktəbli iştirak etmiş, qaliblər mükafatlandırılmışdır.
Rayonda vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, onların müraciətlərində qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar müsbət nəticəsini vermişdir. Vətəndaşların müraciətlərinə yerində baxılmış, operativ lazımi tədbirlər görülmüşdür. Bu da əvvəlki dövrlə müqayisədə edilən müraciətlərin sayının azalmasına səbəb olmuşdur.
2014-cü ilin birinci yarısında rayon İcra hakimiyyətinə 524 ərizə və şikayət qeydə alınmış, o cümlədən onlardan 258-i vətəndaşlardan, 266 ərizə isə yuxarı təşkilatlardan daxil olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 159 ərizə azalmışdır. Bu dövrdə ayrı-ayrı yaşayış məntəqələrində 18 səyyar qəbul keçirilmiş, 86 nəfər vətəndaşın müraciətləri əsasında qaldırılan məsələlər yerində həllini tapmışdır.
Rayon İcra hakimiyyəti Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı dərin məzmunlu çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlardan istifadə edəcək, əhalinin maddi rifah halının, məişət şəraitinin və güzəranının gündən-günə yaxşılaşdırılmasına nail olacaq, rayonumuzun abadlaşdırılması naminə qaşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün bütün qüvvələrini sərf edəcəkdir.
Məruzə ətrafında rayon icra hakimiyyəti başçısının Aqrar məsələlər üzrə müavini Firudin Əhmədov, Əhalinin Sosial Müdafiə Mərkəzinin direktor əvəzi Gültəkin Əliyeva, Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Zakir Bunyadov, rayon Baytarlıq idarəsinin rəisi Mübariz Axundov çıxış etmişlər.
Şura iclasına yekun vuran rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, doğrudan da ötən müddət ərzində rayonda xeyli iş görülmüşdür. Hazırda qlobal layihələr həyata keçirilir. Rayonda, şəhər, qəsəbə və kəndlərdə sosial-iqtisadi inkişaf və geniş tikinti-quruculuq işləri əhalinin böyük ruh yüksəkliyinə səbəb olmuşdur.
12 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi və asfaltlaşdırılması başa çatmaq üzrədir. Dənizkənarı bulvarın tikintisi sürətlə davam edir. Bütün sakinlərimiz görülən bu işlərə görə xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev siyasətinə və bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
İcra başçısı qeyd etmişdir ki, görülən işlərlə şəhər, qəsəbə və kəndlərimizin görkəmi gündən-günə dəyişir, gözəlləşir. Ona görə də qanunsuz tikililərin qarşısı qətiyyətlə alınmalı, rayonumuzun görkəminə xələl gətirən tikililərin inşasına imkan verilməməlidir. İnşa edilən hər bir obyekt görülən işlərə uyğun olaraq, yaraşıqlı, zövqoxşayan olmalıdır.
Rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində, idarə, müəssisə və təşkilatlarda vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işinə diqqətin artırılmasının vacibliyini vurğulayan İcra başçısı, müraciətlərin yerində obyektiv araşdırılaraq, həllinə həssaslıqla yanaşılması, insanları narahat edən problemlərin həllinə maksimim köməklik göstərilməsi barədə tapşırıqlarını vermişdir.
İcra başçısı həmçinin rayonun bütün məsul işçilərinə, idarə, müəssisə və təşkilat rəhbərlərinə bir vəzifə olaraq tapşırmışdır ki, əhali arasında tez-tez olaraq maarifləndirmə işi aparmalı, salınan asfalt yolların, tikilən hər bir obyektin qorunması, mühafizəsi işini daim diqqətdə saxlamalıdırlar.
Sonda RİH başçısı aparatının Ərzi idarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Lətifov Xəlil Abuzər oğluna Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilmişdir.