Astaralı məktəblilər ölkəmizin qərb bölgəsinə yola düşdülər
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində məktəblilərin respublikamızın ayrı-ayrı bölgələrinə ekskursiyaları müvəffəqiyyətlə davam edir.
19 avqustda Astara rayonunun ümumtəhsil məktəblərində oxuyan 40 nəfər əlaçı IX-XI sinif şagirdi bu layihə üzrə Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola düşmək üçün Heydər Əliyev Mərkəzinin önünə yığışmışdılar.
Burada xatirə şəkli çəkən şagirdlər ilk dəfə belə bir layihədə iştirak etdiklərini sevinclə söyləyərək ölkəmizin coğrafiyası və tarixinin, etnoqrafiyası, tarixi abidələrinin öyrənilməsində, dünyagörüşlərinin artırılmasında bu turun mühüm əhəmiyyət daşıdığını vurğuladılar. Qrup rəhbəri Azərbaycanın Əməkdar Müəllimi Azər Kişiyev, Kijəbə qəsəbə tam orta məktəbin XI sinif şagirdi Rafət Hacızadə, Pensər kənd I saylı tam orta məktəbin X sinif şagirdi Elnurə Həsənova, valideynlərdən Rasim Əliyev məktəbli gənclərin elmi biliklərinin, dünyagörüşünün, intellektual səviyyəsinin artırılmasında böyük əhəmiyyət kəsb edən belə ekskursiya turlarının təşkilinə Sərəncam verdiyinə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Saat 9.00-da rayon İcra hakimiyyəti və təhsil şöbəsinin əməkdaşları, ictimaiyyətin nümayəndələri tərəfindən tur-aksiya iştirakçıları onlar üçün ayrılmış xüsusi avtobusla yol polisinin müşayiəti ilə müəyyən edilmiş marşrut üzrə yola salındılar.