Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Respublikanın ali məktəblərinə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş

26 avqust 2014 | 15:00

26 avqust tarixində rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin respublikanın ali məktəblərinə qəbul imtahanlarında yüksək bal toplamış, eyni zamanda ayrı-ayrı ali hərbi məktəblərə qəbul olunmuş tələbələrlə görüşü keçirilmişdir. Görüşdə rayonun ümumtəhsil məktəblərinin direktorları, tələbə adını qazanmış gənclər və valideynlər iştirak etmişlər.
Rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova təhsil göstəriciləri barədə statistikanı iştirakçıların nəzərinə çatdırmışdır.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev tələbə adını qazanmış gəncləri, onların valideynləri və müəllimlərini təbrik edərək qeyd etmişdir ki, rayonumuzda ali məktəblərə daxil olan gənclərin sıralarının ildən-ilə artması həm də elmə, biliyə olan marağın artması deməkdir.  Respublikamızda təhsilə və onun inkişafına hələ Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi dövründə xüsusi diqqət yetirilmişdir. Bu ənənə ölkə prezidenti cənab İlham Əliyevin fəaliyyəti ilə müvəffəqiyyətlə davam etdirilir. Ölkə rəhbəri tərəfindən təhsilin inkişafı üçün mühüm tədbirlər həyata keçirilmiş, təhsil islahatlarının, təhsil haqqında qanunun və təhsilin inkişafı ilə əlaqədar Dövlət Proqramlarının hazırlanması və yerinə yetirilməsi daim diqqətdə saxlanılmışdır. Bütün respublikada olduğu kimi rayonumuzda da təhsilin inkişafı ilə bağlı görülən işlər göz qabağındadır. Son illər rayonumuzda 40-dan çox məktəb binası yeni tikilmiş və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Yeni dərs ilində daha 2 məktəb binası istifadəyə veriləcəkdir.
Bu diqqətin nəticəsidir ki, rayonumuzda təhsilin inkişafında uğurlu nəticələr qazanılır. Bunu bu gün görüşünə toplaşdığımız tələbə gənclərin nailiyyətləri bir daha sübut edir. Bu il rayonumuzun orta məktəblərini bitirən məzunlardan 162 nəfər tələbə adını qazanmışdır ki, bunlardan 14 nəfər 500-dən, 5 nəfər 600-dən yuxarı bal toplayaraq ali məktəblərə daxil olmuşlar. Mən tələbə adını qazanmaq şərəfinə nail olduğunuza görə hər birinizi ürəkdən təbrik edirəm. Eyni zamanda sizin yüksək hazırlığınızda əməyi olan müəllimlərinizi və valideynlərinizi təbrik edirəm. Arzu edirəm ki, siz ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanımızın inkişafı, tərəqqisi naminə görülən işlərə layiqli töhfələr verəsiniz.
Ölkəmizdə bütün sahələrdə olduğu kimi ordu quruculuğunda da böyük irəliləyişlər vardır. Hazırda Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Bu gün hərbiçilərimizin beynəlxalq sülhməramlı silahlı qüvvələrin tərkibində dünyanın ən qaynar ocaqlarında xidmət etməsi bizdə böyük fərəh hissi doğurur. Torpaqlarımızın iyirmi faizinin işğal altında olduğu bir dövrdə gənc müstəqil Azərbaycan dövlətinin daha yüksək  ixtisaslı hərbi kadrlara ehtiyacı vardır. Bu il 11 nəfər məzunumuzun Respublikanın ayrı-ayrı ali hərbi məktəblərinə, o cümlədən iki nəfərin C.Naxçıvanski adına hərbi liseyə qəbul olunması bizi hədsiz sevindirir. Bu gənclərimizdə Vətən məhəbbətinin, Vətənə, xalqa və dövlətə sədaqətlə xidmət etmək həvəsinin, ordumuza olan böyük inamın bariz nümunəsidir. Mən onları təbrik edir, təhsildə uğurlar arzulayıram.  
Müstəqil dövlətimiz bu gün yüksək inkişafı, tərəqqisi ilə dünyada tanınır. Siz belə bir ölkənin vətəndaşı olmağınızla qürur hissi keçirməli, əməli fəaliyyətinizlə ölkəmizin daha da çiçəklənməsi üçün əlinizdən gələni etməlisiniz. Buna isə yüksək təhsil və böyük vətənpərvərlik mövqeyinizlə nail ola bilərsiniz.
Tələbə adı şərəfli, tələbəlik illəri isə insan ömrünün ən gözəl çağlarıdır. İnanıram ki, siz bu adı şərəflə daşıyacaq, elinizə, obanıza, sizə dərs deyən müəllimlərə və valideynlərinizə daim başucalığı və şöhrət gətirəcəksiniz. Bu yolda hamınıza uğurlar arzulayıram.
Tədbirdə Pensər kənd 2 saylı məktəb-liseyin direktoru Asif Əsədullayev, valideynlərdən Zeynal Kişiyev, Firudin Quliyev, Əziz Dadaşov və başqaları çıxış edərək gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılıqlarını bildirərək ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə və tələbələrlə görüşə görə İcra başçısı Qəzənfər Ağayevə minnətdarlıq etmişlər. Tələbə adını qazanmış Kijəbə qəsəbə tam orta məktəbin məzunu, 681 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuş Quliyev Fuad Firudin oğlu, Astara şəhər 7 saylı tam orta məktəbin məzunu, 673 balla ATU-ya qəbul olunmuş Muradzadə Vaqif Asif oğlu, Siyaku kənd tam orta məktəbin məzunu, 558 balla Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olunmuş Hacıquluzadə Ülvi Mübariz oğlu və Dövlət  Sərhəd Xidməti Akademiyasına qəbul olunmuş Astara şəhər 7 saylı tam orta məktəbin məzunu Novruzov Rəfi Azər oğlu çıxışlarında dövlətin gənclərə bu cür diqqət və qayğısına mükəmməl təhsilləri və gələcəkdə yüksək vətəndaşlıq mövqeyi ilə cavab verəcəklərini söyləmişlər. 
Yekunda ali məktəblərə qəbulda yüksək bal toplamış tələbələrə rayon İcra hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərman və pul mükafatı  verilmiş, xatirə şəkli çəkilmişdir.

Keçidlər