Dağ kəndlərində əhali ilə görüş
İsti yay günündə aranın istisindən ayrılıb qısa bir müddətə dağların qoynuna səfər etmək, dağ havasında sərinlənmək insanın bütün əhval-ruhiyyəsinə müsbət təsirini göstərir. Kənd yaşayış məntəqələrinin bəzi xırda çətinlikləri nəzərə alınmasa ömrü-günü səfalı dağların, yaşıl ormanların qoynunda keçən kənd camaatı doğrudan da xoşbəxt insanlardır. Burada hər şey təbiidir. Elə sakinlərin rayon rəhbərliyini sevinclə, ürəkaçıqlığı ilə qarşılaması da.
8000 nəfər əhalisi, 2000 təsərrüfatı olan, 24 para kənddən ibarət Siyaku inzibati ərazi dairəsi nümayəndəliyi geniş bir dağlıq ərazini əhatə edir.
Rayon İcra hakimiyyəti başçısı Qəzənfər Ağayevin bu ərazi nümayəndəliyin əksər kəndlərindən sonra 4 sentyabr tarixində növbəti dəfə Həsın, Siyakeş, Şağlazüzə və Şıxəməhəllə kənd sakinləri ilə görüşü əhali tərəfindən hərarətlə qarşılandı. Bu dörd kənddə ümumilikdə 275 təsərrüfatda 1500 nəfər əhali yaşayır. Üzündən nur yağan fədakar, zəhmətkeş sakinlərinin əsas məşğuliyyəti, heyvandarlıq, sitrusçuluq, arıçılıqdır.
Kəndlərin ümumi mənzərəsi, görülən işlər, əhalini narahat edən məsələlər barədə Siyaku inzibati ərazi dairəsi üzrə nümayəndə Xanəhməd Zahirov məlumat verdi. Kənd sakinlərindən Zülfüqar Kitabov, Mirzəqulu Mahmudov, Hacağa Həbibov, Aqil Həbibov, Hacıkişi Fətəliyev, Cavanşir Kamalov, Naibulla Kamalov son illər respublikada və rayonumuzda görülən geniş quruculuq-abadlıq işlərinə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər. Qeyd olundu ki, ölkəmizin və rayonumuzun günbəgün inkişafı, abadlaşması, gözəlləşməsi gözümüzün qabağında baş verir. Sevindirici haldır ki, bütün görülən işlər insanlarımızın rifah halının yaxşılaşmasına, daha rahat yaşamasına xidmət edir. Sakinlər kənddə mövcud problemlər – kəndlərin təbii qazla tam təminatının başa çatdırılması, elektrik xətt təsərrüfatının yeniləşdirilməsi, Pensər çayının Siyakeş kəndi ərazisindən keçən hissəsində çay üzərində avtomobil körpüsünün salınması və digər məsələlər barədə təkliflərini bildirdilər.
Rayon Elektrik şəbəkəsinin rəisi Azad Hüseynov, Qaz İstismar Sahəsinin rəis əvəzi Fizuli Məmmədov görüşdə qaldırılan məsələlərlə əlaqədar görüləcək tədbirlər barədə məlumat verdilər.
Rayon icra hakimiyyətinin başçısı Q.Ağayev çıxış edərək kənd sakinləri tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində konkret və əməli tədbirlərin görüləcəyini bildirmişdir. Qeyd olunmuşdur ki, son dövrdə ölkənin hər yerində olduğu kimi rayonumuzun ən ucqar yaşayış məntəqələrində belə quruculuq və abadlıq işləri geniş vüsət almışdır. Küçə və parkların abadlaşdırılması, əhalinin normal istirahəti üçün dənizkənarı çimərlik və park-bulvarın salınması, Deqədi-Pəlikəş ucqar dağ kəndlərinin yollarının asfaltlaşdırılması, təbii qaz xətlərinin əsaslı təmiri və çəkilişi istiqamətində aparılan işlər əhalinin xoş güzəranının təmin edilməsi, rifah halının yaxşılaşdırılmasına xidmət edir. Siyaku kənd ərazi nümayəndəliyində artıq bütün məktəblər üçün yeni binalar tikilmiş, müasir avadanlıqlarla təmin olunmuşdur. Sevindirici haldır ki, bu məktəbləri bitirən məzunlardan test imtahanlarında yüksək nəticə göstərərək respublikanın alı məktəblərinə qəbul olunanların sayı ildən-ilə artır. Həyətinə toplaşdığımız Şağlazüzə kənd tam orta məktəbin 9 nəfər məzununun bu il müxtəlif ali məktəblərin tələbəsi adını qazanması buna bariz nümunədir. Çox da böyük olmayan, ucqar bir dağ kəndi üçün bu böyük nailiyyətdir. Mən bu vətənpərvər gənclərimizi, onların müəllim və valideynlərini təbrik edirəm. Arzu edirəm ki, bu gənclər təhsillərini başa vurub müxtəlif sahələrdə müstəqil dövlətimizin inkişafına layiqli töhfələrini versinlər.
Kəndlərimizin elektrik xətt təsərrüfatının köhnə olması, istismar müddətini başa vurması haqqında ətraflı məlumatımız vardır. Bu təsərrüfatın bütövlükdə yeniləşməsi barədə ölkə miqyasında tədbirlər hazırlanır. Buna baxmayaraq cari təmir işləri aparmaqla əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatına nail olmuşuq. Kəndlərimizə təbii qazın verilməsi istiqamətində də işlər davam etdirilir. 2015-ci ildə ucqar ərazidə yerləşən yaşayış məntəqələrinə, o cümlədən bu dağ kəndlərinə də təbii qazın verilməsi təmin ediləcəkdir.
Bütün bu uğurlar ilk növbədə Ulu Öndərimizin siyasi varisi ölkə Prezidenti Möhtərəm cənab İlham Əliyevin gərgin və səmərəli fəaliyyətinin ürəkaçan bəhrələridir. İldən-ilə inkişaf edən, güclənən müstəqil dövlətimiz tərəfindən gələcəkdə də əhalinin sosial-rifah halının yaxşılaşdırılması ilə əlaqədar mühüm tədbirlərin həyata keçiriləcəyini, rahat yaşayışın təmini üçün yeni layihələrin reallaşdırılacağını vurğulayan icra başçısı bu işlərdə hər zaman ölkə rəhbərinə dəstək olmağı, birlik nümayiş etdirməyi arzulamışdır.
Sonda Q.Ağayev Şağlazüzə kənd tam orta məktəbinin tədris binasında olmuş, məktəbin yeni dərs ilinə hazırlığının vəziyyəti ilə maraqlanmış, tövsiyə və tapşırıqlarını vermişdir.