Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş kəndində səyyar qəbul və görüş keçirmişdir .

12 sentyabr 2014 | 15:00

 

Rayon mərkəzindən 40 kilometr uzaqda dağlar qoynunda yerləşən Pəlikəş kəndi son iki il ərzində, sözün həqiqi mənasında, əsrə bərabər inkişaf yolu keçmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev bu kənddə ilk dəfə səyyar qəbul keçirəndə sakinlər illərdən bəri yığılıb qalmış problemlərin həlli ilə əlaqədar çoxlu təklif və tənqidi qeydlərini bildirmişdilər. Bu problemlərdən ən əsası isə Pəlikəş kəndinə avtomobil yolunun çəkilişi və asfaltlaşdırılması barədə idi. Yollar o qədər bərbad halda idi ki, rayon mərkəzindən Pəlikəş kəndinə 4 saatdan çox vaxt sərf edilirdi.

İcra başçısı kəndə yol çəkilişinin və qaldırılan digər problemlərin həlli ilə əlaqədar konkret işlər görüləcəyini bildirəndə ucqar dağ kəndlərinin sakinləri bu sözlərə şübhə ilə yanaşdılar. Axı, onlara neçə illər idi ki, belə vədlər verilirdi, lakin icra olunmurdu.

Zaman göstərdi ki, müstəqillik yollarında inamlı addımlar atan, qısa müddətdə dünyanın inkişaf yolunda olan dövlətləri sırasına qoşulmağı bacaran Azərbaycan dövləti indi ən qlobal problemlərin həllinə qadirdir. Son illər iqtisadiyyat sahəsində rekord göstəricilər qazanan Azərbaycan Respublikasının şöhrəti dünyaya yayılıb. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində respublikamız bütün sahələrdə misilsiz inkişafa nail olub.

Respublikamızın bütün rayonlarında olduğu kimi, Astara rayonunda da sosial-iqtisadi inkişaf göz qabağındadır. Rayon mərkəzində, qəsəbə və kəndlərdə aparılan genişmiqyaslı quruculuq və abadlıq işləri gələn qonaqları heyran edir. Son illərdə ucqar dağ kəndləri daxil olmaqla bütün yaşayış məntəqələrində yeni-yeni təhsil, səhiyyə, idman obyektləri inşa edilmiş, yollar asfaltlaşdırılmışdır. Şəhərdə 8 hektar ərazini əhatə edən yeni dənizkənarı park-bulvarın tikintisi sürətlə aparılır. Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 sentyabr 2013-cü il tarixli Sərəncamı rayonumuzda böyük sevinc və ruh yüksəkliyinə səbəb olmuşdur. Qısa bir müddət ərzində keçilməz qayalıqlar keçildi, dar dağ yolları genişləndirildi, inanılmaz miqyasda tikinti işləri aparıldı və nəhayət illərdən bəri xəyallarda olan arzular həqiqətə çevrildi. O dövrün nəhəng dövlətlərindən sayılan SSRİ hökumətinin həll edə bilmədiyi problemi gənc müstəqil dövlətimiz həll etdi. Həm də çox qısa müddətdə və yüksək səviyyədə. İndi rayon mərkəzindən Pəlikəş kəndinə gedən yolu 30-35 dəqiqəyə çox rahatlıqla qət etmək olur. 21 kilometr yolun hamısı beynəlxalq standartlara uyğun olaraq asfaltlaşdırılmışdır. Ötən səyyar qəbuldan sonra kənd sakinlərinin qaldırdıqları bir sıra problemlər də öz həllini tapmışdır. İndiyədək heç vaxt elektrik enerjisi verilməyən Pəlikəş nümayəndəliyinin Doli, Şəvqə, Sibiyyət , Diqo kəndlərinə xətt çəkilmiş, maşın yolu salınmışdır.

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin sentyabrın 11-də Pəlikəş kəndində keçirdiyi səyyar-qəbula gələn sakinlərin hər birinin çöhrəsində hədsiz sevinc hiss olunurdu. Dağ kəndlərinin illərdən bəri davam edən problemlərinin ötən müddət ərzində uğurla həll edilməsi hamıda sonsuz razılıq və minnətdarlıq duyğuları yaratmışdır.

Səyyar qəbula gələn kənd sakinlərini salamlayan icra başçısı əvvəlki görüşdən sonra ərazidə görülən işlər barədə məlumat verərkən qeyd etdi ki, biz bütün bu işlərə görə, ilk növbədə, möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdar olmalıyıq. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən siyasətin nəticəsidir ki, ölkəmizin bütün bölgələri misilsiz inkişaf yolu keçməyə nail olmuşdur. Dövlətimizin iqtisadi gücü və gəlirləri artdıqca ölkədə görülən işlərin miqyası da artır. Bu cür çətin relyef şəraitinə malik olan dağ kəndinə asfalt yolun çəkilməsi ölkəmizin böyük nailiyyətidir. Yol mədəniyyətdir, inkişaf, tərəqqi, rahat yaşayışın ən birinci vasitəsidir. Vaxtilə yalnız UAZ markalı maşınların və iri yük maşınlarının gedə bildiyi Ağkörpü, Pəlikəş, Sım kəndlərinə indi rahat avtobuslar işləyir. Sakinlər rahatlıqla rayon mərkəzinə gedib gələ bilirlər. İstehsal etdikləri məhsulları bazara çıxara bilirlər. Əvvəllər dörd-beş saata getdikləri yolu indi 30-35 dəqiqəyə gedirlər. Bir sözlə rahat yaşayış təmin olunubdur. Bu bizi də hədsiz sevindirir. Bu və bu kimi digər sosial layihələrin həyata keçirilməsi ölkəmizin gündən-günə artan böyük iqtisadi gücünü göstərir. Bütün bunlar sizin normal yaşayışınızın təmin olunmasına, güzəranınızın yaxşılaşmasına xidmət edir. Hesab edirəm ki, bu yerlərin ən böyük problemi həll olunubdur. Amma qarşıda görüləcək işlər də vardır. Digər məsələlərin həlli də tədricən həyata keçiriləcəkdir.

Sım kənd tam orta məktəbin müəllimi Xaqani Xalıqov çııxşında qeyd etdi ki, hər şey bizə yuxu kimi görünür. Ancaq qüdrətli dövlətimizin gənc Prezidenti cənab İlham Əliyevin ölkə daxilində gördüyü çoxmiqyaslı işləri və ölkə sərhədindən kənarda yürütdüyü ağıllı siyasəti görəndə, fəaliyyətini izləyəndə bunların yuxu olmadığına inanırsan. Bu müstəqil dövlətimizin gücü, qüdrətini bir daha dünyaya göstərdi. 70 il hökm sürən “qüdrətli Sovet dövlətinin” mövcudluğu dövründə nəinki yol, ətraf kəndlərə heç işıq xətti də çəkilməmişdi. Yeri gəlmişkən deyim ki, Şəvqo, Diqo, Əyyərüd, Doli, Sibiyyət kəndlərinə yalnız keçən il elektrik xətti və avtomobil yolu çəkilmişdir. Qədirbilən xalqımız bütün bunları yüksək dəyərləndirir, hər zaman dövlətçiliyin keşiyində ayıq-sayıq dayanacaqlarını bəyan edir. Bütün sakinlərimiz adından ölkə rəhbərinə və onun tapşırıqlarını böyük məsuliyyətlə həyata keçirən icra başçımıza hədsiz minnətdarlığımızı bildirirəm.

Kənd sakinlərindən Zahirəddin Məmmədov, Elşad Baxşıyev, Mais Məmmədov, Talıb Salayev və başqaları çıxış edərək son iki il ərzində rayonda, xüsusən ucqar dağ kəndlərində aparılan geniş miqyaslı abadlıq və quruculuq işlərinə, xüsusən Deqədi-Pəlikəş avtomobil yolunun qısa müddətdə asfaltlaşdırılmasına görə möhtərəm Prezidentimiz İlham Əliyevə, rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, Pəlikəş ərazi nümayəndəliyini əhatə edən kəndlərin bütün sakinləri onlara göstərilən bu qayğı və diqqətə görə ölkə rəhbərinə hədsiz məhəbbətlərini, sonsuz minnətdarlıq və razılıqlarını ifadə etməklə daim möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşdiklərini, dövlətə və dövlətçiliyə sədaqətlərini əvvəllər olduğu kimi, bundan sonra da əməli fəaliyyətləri ilə sübut edəcəklər.

Səyyar qəbulda çıxış edənlər ərazidə elektrik təsərrüfatının yenidən qurulması, gələcəkdə imkan olarsa, qaz çəkilişinə kömək göstərilməsi barədə təkliflər də vermişlər.

Görüşü yekunlaşdıran icra başçısı Qəzənfər Ağayev, ölkədə, o cümlədən rayonumuzda aparılan geniş abadlıq və quruculuq işlərinin bundan sonra da uğurla davam etdiriləcəyini diqqətə çatdırmışdır.

Nümayəndəliyin ərazisində elektrik təsərrüfatının yenidən qurulması ilə əlaqədar aidiyyəti təşkilatlara tapşırıqlar verilmiş, kənddə yeni xəstəxana binasının tikintisi nəzərdə tutulmuşdur. Kənd sakinləri min bir əziyyətlə başa gələn yeni avtomobil yolunun mühafizəsi və qorunması üçün bütün qüvvələrini səfərbərliyə almalıdırlar. Biz Siyakü-Toradi avtomobil yolunun çəkilişi məqsədilə müvafiq tədbirlər görülməsi üçün səylər göstəririk. Ona nail olmağa çalışacağıq ki, ucqar dağlıq ərazidə yaşayan bütün vətəndaşlarımız daim dövlətimizin qayğısını öz üzərilərində hiss etsinlər.

İcra başçısı sonra Pəlikəş və Ağkörpü kənd tam orta məktəblərində olmuş, yeni dərs ilinə hazırlığın vəziyyəti ilə maraqlanmışdır.

 

 

Keçidlər