“Bilik günü bayramı”nda Astara rayonunda 3 yeni məktəb binasının açılışı oldu
Son 10 ildə Astara rayonunda 40-dan çox yeni məktəb binası tikilmiş, yaxud əsaslı təmir olunmuşdur. 15 sentyabr tarixində respublikanın bütün məktəblərində olduğu kimi Astara rayonunun məktəblərində də bir qələbəlik var idi. Suparibağ kənd tam orta, Anboba və Əzərüd kənd ibtidai məktəbinin kollektivləri isə daha çox sevinirdilər. Həmin kəndlərdə uzun müddətdən sonra yeni məktəb binaları tikilərək istifadəyə verilirdi.
220 şagird yerlik Suparibağ kənd tam orta məktəbin açılışına məktəbin pedaqoji və şagird kollektivi, valideynlər, kənd ictimaiyyətinin nümayəndələri toplaşmışdı.
Məktəblilər yeni məktəb binasının açılışına gələn rayon İcra hakimiyyətinin başçısı Q.Ağayevi və qonaqları gül-çiçəklə, hörmət və ehtiramla qarşıladılar.
Tədbiri rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova açdı. O, çıxışında son illər rayonda təhsilin inkişafında qazanılan uğurlardan söhbət açdı. Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən genişmiqyaslı işlərə görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə pedaqoji ictimaiyyət adından dərin təşəkkürünü və minnətdarlığını bildirdi.
Tədbirdə çıxış edən Şuparibağ kənd tam orta məktəbinin müəllimi Eynulla Qulamov, ağsaqqal Saleh Abbasov və başqaları ən müasir arxitekturaya uyğun tikilmiş, təlim və tədris üçün hər cür şəraiti olan iki mərtəbəli məktəb binasını yetişməkdə olan gənc nəslə hədiyyə etdiyinə görə ölkə prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıq etmiş, dərin hörmət və ehtiramlarını bildirmişlər. Qeyd olunmuşdur ki, bu diqqət və qayğıya əməli fəaliyyətləri ilə cavab verəcək, daha bilikli, savadlı, vətənə və xalqa layiqli vətəndaşların yetişdirlməsi üçün bütün imkanlardan maksimum istifadə edəcəklər.
Məktəblilər Ulu Öndər Heydər Əliyevə və ölkə başçısı İlham Əliyevə həsr olunmuş şeirlər söyləmişlər.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək kənd sakinlərini salamlamış, yeni məktəbin açılışı münasibətilə onları təbrik etmişdir. İcra başçısı müstəqil Azərbaycan Respublikasında təhsilə və onun inkişafına Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə böyük diqqət və qayğının olduğunu, bu siyasəti uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də ölkəmizdə təhsilin inkişafı üçün bütün imkanların yaradıldığını, təhsilin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində işlərin yüksək sürətlə davam etdirildiyini diqqətə çatdırmışdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının yerinə yetirilməsi ilə əlaqədar respublikanın hər yerində olduğu kimi, rayonumuzda da geniş tikinti və quruculuq işləri mütəşəkkilliklə davam etdirilir. Xüsusən təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzindədir. Bu gün rayonda 3 yeni məktəbin açılışı olacaqdır. Bütün bunlar təhsilin daha yüksək keyfiyyətlə inkişaf etdirilməsi üçün əlverişli zəmin yaratmışdır. Yeni, müasir tələblərə cavab verən, informasiya və kommunikasiya vasitələri ilə zənginləşdirilən təhsil müəssisələrində müəllimlər var qüvvələrini sərf etməli, Vətənimiz, xalqımız üçün bilikli, savadlı, vətənpərvər gənclərin yetişdirilməsinə nail olmalıdırlar.
Sonra rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev Suparibağ kənd tam orta məktəbi üçün tikilmiş yeni binanın açılış lentini kəsmişdir.
Mərasim iştirakçıları sinif otaqları, fənn kabinetləri, idman zalı və kitabxanada şagird və müəllimlər üçün yaradılmış şəraitlə tanış olmuşlar.
Asxanakarən kənd inzibati ərazi dairəsi nümayəndəliyinin Əzərüd və Anboba kənd ibtidai məktəbləri üçün inşa edilmiş, hər biri 80 şagird yerlik olan yeni binaların açılışı da eyni qaydada davam etmişdir.