Azərbaycanın astanası -Astara
Astara respublikamızın dilbər guşəsində, cənub nöqtəsində yerləşir. Xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyev Astaraya səfərlərindən birində demişdir: ”Astara müstəqil Azərbaycanın cənubunda qapısıdır, Azərbaycanın dayaq nöqtəsidir. Azərbaycanın sütunlarından biridir.” Astaranın gözəl təbiəti, əlverişli iqlim şəraiti, münbit torpaqları iqtisadiyyatın əsas sahəsi olan kənd təsərrüfatının inkişafına çox əhəmiyyətli təsir göstərir. Rayonun Şərqində mavi Xəzər, Qərb hissəsində əzəmətli Talış dağları bu yerlərə önəmli gözəllik bəxş edir. Astaranın sakinləri işgüzar, doğma yurdlarını ürəkdən sevən, bütün sahələrin inkişafı, bu yerlərin gözəlliyinin qat-qat artması üçün səy və bacarıqlarını daim sərf edən insanlardır. Yurdsevərliyin, təəssübkeşliyin nəticəsi göz qabağındadır. Müstəqilliyimizin bərpasından ötən 20 il ərzində Astarada qazanılan nailiyyətlər, yeniləşmə, müasirləşmə istiqamətində görülən işlər bunun əyani təcəssümüdür.
Azərbaycanın regionları, o cümlədən Astaranın yerləşdiyi cənub regionu davamlı inkişaf istiqamətində ölkəmizin tərəqqisinə layiqli töhfələr verirlər. Görülən və görüləcək işlərin təməli, qazanılan uğurlar ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilmiş iqtisadi strategiya ilə ulu öndərin siyasi kursunun layiqli varisi İlham Əliyev tərəfindən daim zənginləşdirilən inkişaf strategiyası ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla təsdiq olunmuş Dövlət Proqramları regionların dinamik inkişaflarında çox mühüm və əhəmiyyətli rol oynamışdır.
Dövlət Proqramlarının uğurlu bəhrələri Astara rayonunun timsalında da aydın görünür. Regionların sosial-iqtisadi inkişafına dair birinci (2004-2008-ci illər), ikinci (2009-2013-cü illər) Dövlət Proqramında Astara rayonuna aid tədbirlər planında nəzərdə tutulanların icrası bütün sahələrin inkişafına güclü təkan vermişdir. Aparılan tikinti, quruculuq və abadlıq işləri Astaranın simasında yeni gözəllik çalarları yaratmış, yeniləşmə və müasirləşmənin uğurla tətbiqinə səbəb olmuşdur. Yeni yük terminalı, modul tipli elektrik stansiyası, tərəvəz emalı zavodu, Qaz kompressor stansiyası, Heydər Əliyev Mərkəzi , Astara Gömrük İdarəsində yeni keçid məntəqəsi, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu anbar, DSMF rayon şöbəsi, 77 saylı Dairə seçki Komissiyası, Yanğından Mühafizə hissəsi üçün yeni inzibati binalar, şəhid ailələri və əlillər üçün 32 və 16 mənzilli yaşayış binaları çoxlu sayda fərdi evlər, “Gənclər Evi” tikilmiş, rayon mədəniyyət evi əsaslı təmir edilmiş, Astara-Bala Şahağac yolu, Astara şəhərindəki Heydər Əliyev Prospekti yenidən qurulmuş, şəhərdə ulu öndərin adını daşıyan geniş park, Dövlət bayrağı meydanı salınmışdır. Bundan başqa, şəhərin küçələri və kəndlərə gedən yollar abadlaşdırılmış və asfaltlaşdırılmışdır. Əhalinin istəyinə uyğun olaraq Artupa-İstisu, Kijəbə-Qacimardə, Kijəbə-Ojakəran yoluna asfalt döşənmişdir. Rayonda inşa olunan Olimpiya İdman Kompleksi və YAP Astara rayon təşkilatı üçün tikilmiş yeni inzibati bina istifadəyə verilməyə tam hazırdır. Şəhərin mərkəzindəki beş mərtəbəli yaşayış binasının fasadı zövq oxşayan hala salınmışdır. Hazırda Telekommunikasiya Qovşağının yerləşdiyi binanın fasadı yeniləşdirilir, rayon Mərkəzi xəstəxanasının binası əsaslı təmir edilir.
Qeyd etmək olduqca vacibdir ki, Astaranın inkişafında Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğının xüsusi rolu olmuşdur. Dövlət başçısı son 7 ildə Astaraya 4 dəfə səfər etmiş, yeni obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak etmiş, rayon sakinləri ilə səmimi görüşlər keçirmişdir. Prezident İlham Əliyev 2004-cü il noyabrın 9-da Astaraya səfəri zamanı əhali qarşısında çıxış edərkən demişdir:” Azərbaycan Respublikasının Prezidenti kimi, mən bu gün ümumi işimizə verdikləri töhfələrə görə astaralılara öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Sizi əmin etmək istəyirəm ki, bundan sonra da Astaraya böyük diqqət yetiriləcəkdir. Burada görülən işlərə, gələcəkdə görülən işlərə dəstək veriləcəkdir.” Prezident İlham Əliyevin dediyi bu sözlər daim gerçək olmuşdur. Belə ki, dövlət başçısının 2010-cu il aprelin 21-də imzaladığı sərəncamla Astara-Bala Şahağac yolunun yenidən qurulması üçün 3.5 milyon manat , 2011-ci il aprelin 19-da imzaladığı sərəncamla rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlərlə əlaqədar 2 milyon manat, 2011-ci il noyabrn 23-də imzaladığı sərəncamla Astara rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı əlavə tədbirlərlə əlaqədar 1.5 milyon manat vəsait ayrılmışdır.
Rayonda tikinti, yenidənqurma və abadlıq işləri səngimir, getdikcə yeni vüsət alır. Şəhərdə, qəsəbə və kəndlərdə aparılan abadlıq və quruculuq işləri önəmli məqsəd daşıyır-əhalinin rahatlığı, yaşayış tərzi yaxşı olsun. Sosial vəziyyətin durmadan gücləndirilməsi rayon sakinləri tərəfindən razılıqla qarşılanır. Ötən 8 il ərzində dövlət vəsaiti, Heydər Əliyev Fondunun, Yaponiyanın Azərbaycandakı səfirliyinin vəsaitləri hesabına rayonda 20-yə yaxın yeni məktəb binası tikilmiş, 5 məktəb binası əsaslı təmir edilmişdir. Hazırda Toradi, Suparıbağ və Rüdəkənar kəndlərində yeni məktəb binalarının tikintisi, şəhərdəki 2 saylı uşaq bağçasının əsaslı təmiri davam etdirilir.
Rayonda səhiyyənin və mədəniyyətin inkişafı üçün də əməli tədbirlər görülür. Üç kənddə yeni həkim məntəqəsi inşa olunmuş, bir neçə mədəniyyət evi və klub əsaslı təmir edilmişdir.
Əhalinin təbii qazla və fasiləsiz elektrik enerjisi ilə təminatı da diqqət yetirilən sahələrdir. Son 8 ildə 30-a qədər yaşayış məntəqəsinə təbii qazın verilməsi bərpa olunmuş, elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılmışdır.
Astara kənd təsərrüfatı rayonudur və əhalinin məşğulluğu əsasən bu sahə ilə bağlıdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq rayonda tərəvəzçiliyin, çayçılığın, sitrus və subtorpik meyvəçiliyin və heyvandarlığın inkişaf etdirilməsi ilə əlaqədar görülən işlər uğurlu nəticələr verir. Bu ilin 9 ayının yekunlarına görə rayonda 43.300 ton tərəvəz, 10.796 ton kartof, 8.694 ton bostan məhsulları, 303 ton yaşıl çay yarpağı istehsal edilmiş, mal-qaranın sayı 45.750 başa, xırda buynuzlu mal-qaranın sayı 29 minə çatmışdır. Mövsüm ərzində bağlardan 20 min tondan çox sitrus və suptropik meyvələr yığılmışdır.
Hər həftə Bakıda keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasında Astaradan gətirilən müxtəlif növ məhsullar alıcılar tərəfindən razılıqla qarşılanır.
Bir vaxtlar çayçılıq Astaranın şöhrət tacı olmuş, hər il rayonda plantasiyalardan üç min tondan çox yaşıl çay yarpağı yığılmışdır. Bu sahənin gəlirli və perspektiv olması nəzərə alınaraq və çayçılığın şöhrətini bərpa etmək məqsədi ilə rayonda xüsusi tədbirlər planı hazırlanmışdır. Şüvi icra nümayəndiliyi ərazisində 200 hektarda yeni çay plantasiyasının salınmasına başlanılmışdır. Bu işdən ötrü tinglik təsərrüfatında 1.5 milyon şitil yetişdirilmişdir.
Rayonda sahibkarlığın inkişafı üçün geniş imkan və şərait yaradılmışdır. Kənd təsərrüfatı məhsulları istehsalı ilə 71 fermer təsərrüfatı və 8 məhdud məsuliyyətli cəmiyyət məşğul olur. Ölkə Prezidenti İlham Əliyevin “Kənd təsrrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il tarixli sərəncamına uyğun olaraq 765 nəfərə 65 min 398 manat subsidiya verilmiş, fermer və fiziki şəxslərə 120 ton mineral gübrə güzəştli qiymətlərlə satılmışdır.
Astarada əmək qabiliyyətli əhalinin məşğulluğunun artırılması da diqqət mərkəzindədir. Son 8 ildə rayonda 4816 iş yeri açılmışdır ki, onun da 4501-i daimi iş yeri, 315-i mövsümü olmuşdur. 2011-ci ildə rayonun iqtisadi sahələrində çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14 faiz artaraq 221 manat təşkil etmişdir. Rayonda aparılan inşaat işlərinə, açılan yeni iş yerlərinə əsasən yerli mütəxəssislər, ustalar və fəhlələr cəlb olunur.
2011-ci ilin “Turizm ili” elan olunması ilə əlaqədar rayonda bir sıra turizm obyektləri yaradılmışdır. 4 ulduzlu “Şindan” oteli, “Savalan” istirahət mərkəzləri inşa edilərək turistlərin istifadəsinə verilmişdir. Astarada çoxlu sayda özündə zəngin qaynaqları əks etdirən tarixi-mədəni abidələr mövcuddur. Rayona gələn turistlər həmin abidələrə böyük maraqla baxırlar.
Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində vacib tədbir görülmüş və görülməkdədir. Rayonda əhali tərəfindən yaraşıqlı fərdi evlərin tikintisi, minik maşınlarının alınması, ən əsası isə yoxsulluq faizinin aşağı salınması, təqaüdçülərə pensiya təminatının, aztəminatlı ailələrə ünvanlı sosial yardımın verilməsi, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara maddi yardımların göstərilməsi sosial vəziyyətin və rifah halın yaxşılaşdırılmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu yaxınlarda imzaladığı sərəncamlarla dekabrn 1-dən təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman idarəsi və digər qurumların işçilərinin aylıq əmək haqqının artırılması Astarada da rəğbət və minnətdarlıq hissi ilə qarşılanmışdır.
Rayonda vətəndaşların qəbulu ərizə və şikayətlərinə baxılması işi də daim diqqətdə saxlanılır. Rayon icra hakimiyyətinin başçısı tərəfindən yerlərdə 36 səyyar qəbul keçirilmişdir. Əhali ilə görüşlər zamanı söylənilən təkliflərə, arzulara həssaslıqla yanaşılır. Vətəndaşlar rayon icra hakimiyyətinə və digər dövlət qurumlarına öz haqlı şikayətlərinin, üzləşdikləri problemlərin həll ediləcəyi ümidi ilə gedir, razılıqla qayıdırlar.
Astara rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bu ilin aprel ayından rayona rəhbərlik edir. Astarada belə fikir söyləyirlər ki, T.Qaraşovun bir rəhbər kimi zəngin təcrübəsi, qurucu olması, şəxsi keyfiyyətləri, insanlara səmimi və qayğıkeş münasibəti rayonda müsbət mənada iş qaynarlığı, işgüzarlıq, saf ab-hava yaratmışdır. Vəd edilən hər bir söz, verilən tapşırıqlar vaxtında və məsuliyyətlə icra olunur. Bütün bunlar rəhbər işçi kimi, T.Qaraşovun rayon əhalisi arasında rəğbətini və nüfuzunu qat-qat artırır, ona bəslənən ümidləri, inamları yüksəldir. Görüləcək uğurlu və astaralıları sevindirəcək işlər qabaqdadır.
Rayonda görülən işlər haqqında kimdən soruşsan razılıqla, fərəhlə deyilən sözlər eşitmək olar. Rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev deyir:
- Mən təcrübəmə əsaslanaraq deyirəm ki, rayonun dirçəldilməsində, abadlaşdırılmasında əhalinin xoş güzəran yaşamasında rəhbər işçinin mühüm rolu vardır. T.Qaraşov artıq 8 aydır ki, rayona rəhbərlik edir. Bu az müddətdə rayon üçün, əhali üçün çox iş görüb. O, qurucu, işgüzar fəaliyyət göstərən icra başçısıdır. Bizimlə, rayonun ağsaqqalları ilə görüşündə söylədiyi fikirlər əməli fəaliyyəti əks etdirirdi, reallığa söykənirdi, inandırıcı idi. Yaxın vaxtlarda Astaranın daha abad və daha yaraşıqlı olacağına, iqtisadi yüksəlişinin təmin ediləcəyinə tam əminik.
Qocaman müəllim Qürbət İbarhimovun ürək sözləri belədir:
- Rayon icra hakimiyyətinin başçısı bizim Kijəbə qəsəbəsində əhali ilə görüşə gəlmişdir. Görüşdə mən də çıxış etdim və bildirdim ki, qəsəbədən Qacimardə və Ojəkəran kəndlərinə gedən yollar bərbad haldadır, əhalinin və avtomobillərin hərəkəti üçün çox çətinliklər yaranır. Təklif verdim ki, həmin yollar təmir edilsin, mümkünsə asfaltlaşdırılsın. T.Qaraşov təklifimi həssaslıqla qəbul etdi və bildirdi ki, bu məsələ tezliklə həll olunacaq. Az vaxt keçdikdən sonra həmin kəndlərə gedən yollara asfalt döşəndi. İndi həmin yoldan rahatlıqla istifadə edirik.
Deyilən sözlər, söylənilən fikirlər yalnız tərif üçün deyil həm də reallığı əks etdirir.
Astara ölkəmizin elə bir nöqtəsində yerləşir ki, hər gün buraya qonşu ölkələrdən, xüsusilə İran İslam Respublikasından və Türkiyədən yüzlərlə insan gəlir və geri qayıdır. Gələn qonaqlar ölkəmiz haqqında ilk təəssüratlarını Astaraya qədəm qoyduqları məqamda alırlar. Ona görə də Astaranın gözəlliyinə, abad və yaraşıqlı olmasına onun sakinləri, rəhbər şəxsləri daha çox diqqət göstərir, məsuliyyəti aydın dərk edirlər.
Astaranın gündüzü də gecələri də füsunkardır. Axşamlar şəhərin mərkəzindəki Heydər Əliyev parkına gələn çoxlu sayda insanlar-ahıllar, gənclər, qadınlar burada istirahət etməyə gəlir, uşaqlar buradakı Əyləncə Mərkəzində əylənir, şənlənirlər.
Astara öz gözəlliyi ilə yaradıcı insanları da valeh edib. Astarada olan görkəmli şairlər ülvi duyğularını sətirlərə, rəssamlar kətanlara köçürüblər, bəstəkarlar mahnılar bəstələyiblər. Unudulmaz şair Maqsud Şeyxzadənin yazdığı “ Astaranı bir görən onu heç vaxt unutmaz” misraları Astaranın gözəlliyinə verilən ən dəyərli qiymətdir.
Astara müstəqilliyimizin bərpasının 20 illik şanlı yolunu təcəssüm etdirən ölkəmizin gözəl bir guşəsidir. Astaranın inkişafı, qazanılan uğurlar bu günün reallığıdır, sabahının daha gözəl olacağına, böyük nailiyyətlər əldə edəcəyinə inam yaradır.