Kijəbə qəsəbə sakinləri ilə səmimi və işgüzar görüş
Ötən əsrin 30-cu illərində salınmış Kijəbə qəsəbəsi indi ikinci gənclik dövrünü yaşayır. Son iki il ərzində qəsəbənin ərazisində genişmiqyaslı abadlıq və quruculuq işləri aparılmış, yeni məktəb binaları, sosial obyektlər inşa edilmiş, yollar asfaltlaşdırılmış, infrastruktur layihələr həyata keçirilmişdir. Qəsəbənin girəcəyində salınmış Bayraq meydanı ətrafa xüsusi yaraşıq verir. Sakinlərin arzusu nəzərə alınaraq qəsəbənin mərkəzində Ulu Öndər Heydər Əliyevin adını daşıyan gözəl, yaraşıqlı park istifadəyə verilmiş, Ümummilli Liderin büstü ucaldılmışdır. Əhalinin suvarma suyuna olan ehtiyacını təmin etmək üçün 1,5 km uzunluğunda su xətti çəkilmişdir. Qəsəbə əhalisinə fasiləsiz elektrik enerjisi verilməsi məqsədilə yeni transformator quraşdırılmış, elektrik dirəkləri və xətləri dəyişdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Deqədi-Pəlikəş avtomobil yolunun asfaltlaşdırılması Kijəbə qəsəbə sakinlərinin də hədsiz sevincinə və ruh yüksəkliyinə səbəb olmuşdur. İndi qəsəbə sakinləri illərdən bəri həsrətində olduqları bu rahat yolla ucqar dağ kəndlərinə həvəslə gedir və bütün bunlara görə ölkə başçısına dərin təşəkkür və minnətdarlıqlarını ifadə edirlər.
Oktyabrın 9-da Kijəbə qəsəbə mədəniyyət evinə toplaşanlar onlarla görüşə gəlmiş rayon İcra hakimiyyətinin başçısı Q.Ağayevi böyük sevinc və ruh yüksəkliyi ilə qarşıladılar. Görüşü giriş sözü ilə açan İcra başçısı qəsəbə sakinlərini salamlamış və onlarla hər bir görüşdən məmnunluğunu və razılığını bildirmişdir.
Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafael Babayev rayon İcra hakimiyyətinin başçısının əhali ilə əvvəlki görüşündən sonra ərazidə görülən abadlıq və quruculuq işlərindən, səyyar qəbul zamanı qaldırılan təkliflərin yerinə yetirilməsi ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat verdi.
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təhsilimizin inkişafında nümunəvi xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülmüş qəsəbə sakini, Kijəbə qəsəbə tam orta məktəbinin müəllimi Teymur Fətullayev çıxış edərək ona göstərilən bu qayğı və diqqətə görə ölkə rəhbərinə dərin təşəkkür və minnətdarlığını bildirdi. Qeyd etdi ki, 2013-cü ildə Respublika Prezidentinin digər Sərəncamı ilə “İlin ən yaxşı müəllimi” adına, bu il isə yüksək mükafata layiq görülməyim ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısının parlaq sübutudur. Ağsaqqal Nəsrəddin Teymurov öz çıxışında uzun illər əvvəl ulu Öndər Heydər Əliyevin Kijəbə qəsəbəsinə dəfələrlə gəlişi və əhali ilə səmimi görüşləri barədə məlumat verərək razılıqla bildirdi ki, Ümummilli Liderimizin adını daşıyan belə gözəl parkın salınması və büstünün qoyulması sakinlərimizin ürəyincə olmuşdur. Son iki ildə qəsəbədə aparılan yol-abadlıq işlərinə görə bütün sakinlərimiz ölkə başçısı İlham Əliyevə və rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə təşəkkür və xoş arzularını bildirirlər. Qəsəbə sakinlərindən Azər Kişiyev, Muradəli Ağayev, Firudin Abbasov, Hacağa Ağayev, Canşirin Gülverdiyev, Fazil Zülfüqarov, Nəci Əliyev və başqaları çıxış edərək son illər Respublikamızda və Astara rayonunda aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərinə görə ölkə başçısına minnətdarlıqlarını bildirmiş, həmişə olduğu kimi bundan sonra da dövlətçiliyin möhkəmləndirilməsi yolunda səy və bacarıqlarını əsirgəməyəcəklərini, ölkə başçısının ətrafında daha sıx birləşəcəklərini xüsusi vurğulamışlar.
Səyyar qəbulda iştirak edənlər görülən işlərlə yanaşı bir sıra problemlərin həlli üçün tədbirlər görülməsi barədə təkliflər vermişlər. Onlar Maşxan-Kijəbə, Qəcimardə-Tüləküvan-Ojəkəran avtomobil yollarının əsaslı təmiri, qəsəbədaxili avtomobil yollarının və kanalların qaydaya salınması, əhalinin içməli su və suvarma suyu ilə təmin olunması, elektrik xətlərinin təmiri və başqa problemlərin həllinə köməklik göstərilməsini xahiş etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev görüşə yekun vuraraq çıxış edənlərin hamısına xoş sözlərə görə minnətdarlığını bildirdi və qeyd etdi ki, təkcə rayonumuzda deyil bütün ölkədə aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərinə görə hamımız möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdar olmalıyıq. Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətini uğurla davam etdirən hörmətli Prezidentimizin rəhbərliyi ilə müstəqil Azərbaycan ilbəil yüksək sürətlə inkişaf edir və qüdrətli dövlətə çevrilir.
Bu gün Azərbaycan dünyada xüsusi çəkisi və nüfuzu olan bir ölkə kimi tanınır. Möhtərəm Prezidentimiz oktyabrın 8-də Nazirlər Kabinetinin bu ilin 9 ayına həsr olunmuş müşavirədəki çıxışında fərəhlə qeyd etmişdir ki, Azərbaycan iqtisadiyyatı inkişaf səviyyəsinə görə dünyada 38-ci yerdədir.
Bu bir yüksək nailiyyətdir. Biz inanırıq ki, ölkə başçısı İlham Əliyevin müdrik rəhbərliyi ilə Respublikamız daha yüksək inkişaf edəcək, daha uca zirvələr fəth edəcəkdir.
İcra başçısı səyyar qəbula gələn sakinlərin qaldıqları problemlərin həlli ilə əlaqədar imkan daxilində lazımi tədbirlərin görüləcəyini qeyd edərək onu da diqqətə çatdırdı ki, qəsəbədaxili yolların və kanalların təmizlənməsi, sanitariya qaydalarının pozulması hallarının qarşısının alınması üçün sakinlər özləri də fəallıq göstərməli, təşəbbüslər qaldırmalı, aidiyyəti təşkilatlara yaxından köməklik etməlidirlər. Maşxan-Kijəbə avtomobil yolunun təmiri, sıradan çıxmış elektrik dirəklərinin dəyişdirilməsi, suvarma xəttinin daha 300 metr artırılması məqsədilə yaxın günlərdə mütləq tədbirlər görüləcəkdir. Təkcə qəsəbənin deyil, Astara şəhərinin, ayrı-ayrı kəndlərin əhalisinin içməli su ilə təmin olunması məqsədilə yaxın zamanlarda Xanbulandan rayonumuza su xəttinin çəkilməsi nəzərdə tutulmuşdur.
İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kijəbə qəsəbə sahə xəstəxanasında aparılan əsaslı təmir işləri ilə maraqlanmış, müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.