Rayonumuzda 2014-cü ilin 9 ayı uğurlu olub
15 oktyabr 2014-cü il tarixdə rayon İcra Hakimiyyətində Şura iclası keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Şura iclasında məruzə ilə çıxış edərək qeyd etmişdir ki, oktyabrın 8-də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Dövlət başçısı iclasda 2014-cü ilin doqquz ayında da ölkənin iqtisadi göstəricilərinin inkişaf edərək artdığını göstərmişdir. Bu ilin doqquz ayında ümumi daxili məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artmışdır. Qeyri neft sektoru isə 6 faiz artmışdır. İnflyasiya çox aşağı səviyyədə olmuş, cəmi 1,5 faiz təşkil etmişdir. Əhalinin pul gəlirləri isə 5,4 faiz artmışdır. Doqquz ayda 19 milyard dollar investisiya qoyulmuş, bunun da 11 milyard dolları daxili sərmayədir. İlin əvvəlindən maliyyə resurslarımız 3 milyard 600 milyon dollar artmışdır. Ölkəmizin iqtisadiyyatı dünyanın ən mötəbər iqtisadi qurumları tərəfindən yüksək qiymətləndirilmişdir. Davos Dünya İqtisadi Forumu 144 dövlət arasında Azərbaycanı rəqabət qabiliyyətinə görə 38-ci yerə layiq görmüşdür. Ölkədə doqquz ayda bütün infrastruktur layihələr uğurla icra edilmişdir. 100 mindən çox yeni iş yeri açılmışdır. Onlardan 80 mini daimi iş yerləridir. 2004-cü ildən indiyədək Azərbaycanda 1 milyon 300 min yeni iş yeri yaradılmışdır. Sosial proqramlar və layihələr də müvəffəqiyyətlə icra edilir.
Bu ilin sentyabr ayının 20-də Azərbaycan qazının Avropa bazarlarına çatdırılmasını təmin edəcək “Cənub” qaz dəhlizi layihəsinin Bakıda təməlinin qoyulması ən əlamətdar hadisə kimi tarixə düşmüşdür.
2014-cü ilin doqquz ayında rayonda da xeyli iş görülmüş, uğurlu nəticələr qazanılmışdır. Yerli gəlirlər 4 milyon 22 min manata qarşı 4 milyon 478 min manat icra olunmuş, bu da 111,3% təşkil edir. Yerli xərclər isə 15 milyon 566 min manata qarşı 14 milyon 106 min manat icra olunmuş, bu da 90,6 %-ə bərabərdir. Ümumi məhsul buraxılışı 111,3 milyon manat olmuşdur. Bunun 7,8 %-i sənaye sahələrində, 46,7 %-i kənd təsərrüfatında, 1.8 %-i nəqliyyatda, 24,9 %-i ticarət və pullu xidmət sahələrində, 18,3 %-i tikintidə, 0,5 %-i isə rabitədə olmuşdur. Orta hesabla bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi 1075 manat təşkil etmişdir.
2014-cü ilin 9 ayında rayonda tikinti-abadlıq və quruculuq sahəsində də xeyli işlər görülmüşdür. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevinin 12 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə 12 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi başa çatdırılmış və əhalinin istifadəsinə verilmişdir.
Rayon ərazisindəki magistral və yerli əhəmiyyətli yolların təmiri, abadlaşdırılması sahəsində də müəyyən işlər görülmüşdür. Ələt-Astara magistral yolunun rayon ərazisindəki hissəsi, yerli əhəmiyyətli Pensər – Qamışovka, Pensər-Şahağacı yolları asfalt-betonla təmir edilmiş, eyni zamanda Astara şəhərinin küçələrində 11.000 kv.m, Kijəbə qəsəbəsində 1200 kv.m və Ərçivan qəsəbəsində 1800 kv.m təmir işləri yerinə yetirilmişdir. Siyaku - Şağlazüzə, Siyaku - Marzəsəy avtomobil yollarında 4 körpü tikilmişdir.
Şəhərin Əhəd Muxtar və Səməd Vurğun küçələrində tikinti-abadlıq işləri davam etdirilir. Bu küçələrdə yeni işıqlandırıcılar quraşdırılmışdır. H.Əliyev prospektində, Nizami, R.Məmmədov, Azərbaycan, Füzuli, C. Cabbarlı küçələrində cəmi 4230 metr uzunluğunda küveytlər məişət tullantılarından təmizlənmiş, H.Aslanov, Z.Bünyadov, C.Cabbarlı, Nizami və S.Vurğun küçələrində işıqlandırıcılar quraşdırılmışdır. Şəhərin S.Vurğun küçəsi 1, 1A, 15, 15A, 16 saylı və Azərbaycan küçəsindəki 22 saylı ictimai yaşayış binalarının fasad hissəsi əsaslı təmir olunmuşdur.
Şəhərin Xəzər dənizi sahili boyu 8 hektar sahədə park-bulvarın tikintisinə başlanmışdır. Burada bulvarın salınması üçün 250 min kub metrə yaxın torpaq daşınmış, sahilboyu 600 metr məsafədə mühafizə bəndi, gəzinti yeri, İstirahət meydanı dəmir beton konstruksiyası ilə betonlanmışdır. Bulvarda 7000 kv metr travertin materialı düzülmüş, işıqlandırılma sistemi quraşdırılmış və hazırda 2 ədəd su fontanın tikintisi aparılır. Bulvar ərazisində 1400 m2 ölçüdə əyləncə mərkəzinin, çay evi və kafenin, uşaqların əylənməsi üçün atraksionların quraşdırılması, mini futbol və voleybol meydançalarının tikintisi nəzərdə tutulmuşdur. Hazırda burada tikinti-quraşdırma işləri davam etdirilir.
Telman kəndində yeni çay emalı fabrikinin və Züngüləş kəndi ərazisində 0.3 mvt gücü olan “Astara-1” kiçik su elektrik stansiyasının tikintisi davam etdirilir. Astara şəhərində Maliyyə İdarəsi üçün yeni ikimərtəbəli müasir tipli inzibati bina tikilib istifadəyə verilmişdir.
Son dövrdə rayonda 6476 iş yeri açılmış, bunun da 6046 daimi iş yeridir. İlin doqquz ayında rayonda 603 yeni iş yeri açılmışdır.
2014-cü ilin 9 ayında əhalinin qaz təchizatının daha da yaxşılaşdırılması məqsədi ilə Astara Qaz İstismarı Sahəsi tərəfindən rayonda xeyli iş görülmüşdür. Ötən müddətdə 439 evin qazlaşdırılması həyata keçirilmiş, 17 min 538 p.m müxtəlif diametrli qaz xətlərində təmir-bərpa işləri aparılmış, 52 ədəd qaz tənzimləyici şkaf təmir edilərək işlək vəziyyətə gətirilmiş, 3 ədəd yenisi quraşdırılmışdır. 19 ədəd yeni siyirtmə quraşdırılıb istifadəyə verilmişdir. Əhali abunəçiləri üçün 439 ədəd qaz sayğacı quraşdırılmışdır. Rayon üzrə quraşdırılmış sayğacların ümumi sayı 14 min 636-ya çatdırılmışdır.
2014-cü ilin doqquz ayında 18 milyon 336,7 min kub metr həcmində, 1 milyon 833,7 min manat məbləğində təbii qaz satılmış, 1 milyon 843,1 min manat vəsait yığılmışdır ki, bu da satılan qazın dəyərinin 100,5 %-ni təşkil edir.
Elektrik Şəbəkəsi tərəfindən ilin 9 ayında rayonun Səncərədi, Alaşa, Şiyəkəran, Siyaku, Ojakəran kəndlərində əhalinin keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdən ötrü 11,5 km məsafədə 10 kv-luq hava xətləri təmir olunmuşdur. Şəhərin Əhəd Muxtar, Nizami küçələrində, H.Əliyev prospektində və rayonun Maşxan, Şahağac, Daşəndə, Geşəvi, Şəvqo kəndlərində, Lovayın yaşayış məntəqəsində cəmi 9 müxtəlif gücdə yeni transformator quraşdırılmışdır. Şəhərin Nizami, S.Vurğun küçələrində və Şahağac kəndində, Ərçivan qəsəbəsində 4 ədəd müxtəlif gücdə transformatorlar əsaslı təmir olunaraq istismara verilmişdir.
Ümumilikdə rayonun şəhər, qəsəbə və kəndlərində tamam yararsız olan elektrik xətlərində müxtəlif markalı 4000 metr naqil, 12.000 metr SİP kabel, 55 ədəd elektrik dirəyi dəyişdirilmişdir. Yeni abonentlər üçün 150 sayğac quraşdırılmış, ümumi abonentlər üçün yanıb sıradan çıxmış 400 ədəd sayğac yenisi ilə əvəz edilmişdir. Deqədi-Pəlikəş yolunda hava xətlərində təmir işlərinə başlanmışdır.
Astara Suvarma Sistemləri İdarəsi əkin sahələrinin, yaşayış məntəqələrinin sel-sularından mühafizəsi üçün bir sıra tədbirlər görmüşdür. Alaşa, Artupa, Ərçivan, Kakalos, Balaca Şahağacı, Şiyəkəran, Təngərüd və Pensər kəndlərində təsərrüfatların və yaşayış məntəqələrinin sel-sularından mühafizəsini təmin etmək məqsədilə ümumilikdə 611 min p.m kanal palçıq və lildən təmizlənmişdir. Bu sahədə görülən işlər qənaətbəxş olsa da mövcud çatışmazlıqlar hələ də tam aradan qaldırılmamışdır. Ayrı-ayrı təsərrüfatlarda suötürücü kanallar vətəndaşlar tərəfindən zəbt edilir, üstündə qanunsuz tikintilər aparılır, məişət tullantıları ilə doldurularaq tutulur. Nəticədə həm təsərrüfatlar, həm də yaşayış məntəqələri üçün sel təhlükəsi yaranır. Şəhər, qəsəbə və kənd ərazi nümayəndələri, bələdiyyələr belə neqativ halların qarşısını qətiyyətlə almaq üçün təsirli tədbirlər həyata keçirməlidirlər.
Rayonda sahibkarlığın inkişaf etdirilməsi məqsədilə fermer təsərrüfatlarına və fiziki şəxslərə 128 ton həcmində mineral gübrələr güzəştli şərtlərlə satılmışdır. 836 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına isə 94 min 492 manat dəyərində subsidiya verilmişdir.
Rayonun Şuvi və Ojakəran ərazisində çayçılıq təsərrüfatları yaradılmış, həmin təsərrüfatlarda 1 milyondan çox çay dibçəkləri yetişdirilmişdir. Yetişdirilmiş çay dibçəkləri 30 hektar yeni çay plantasiyaların yaradılmasına və quraqlıq səbəbindən yanmış kolların bərpasına sərf olunacaqdır.
Çəltikçiliyin inkişaf etdirilməsindən ötrü Türkiyədən yeni texnika və avadanlıqlar gətirilmişdir. 163 hektar sahədə buğda, 1 hektar sahədə arpa, 147 hektar sahədə çəltik, 512 hektar sahədə paxlalı bitkilər, 233 hektar sahədə qarğıdalı əkilmişdir. Sahələrdən 327 ton buğda, 1,5 ton arpa, 629 ton çəltik, 1299 ton dənli-paxlalı və 830 ton qarğıdalı məhsulu yığılmışdır. 1381 hektar sahədə kartof, 2 min 772 hektar sahədə tərəvəz, 569 hektar sahədə bostan bitkiləri əkilmişdir. Sahələrdən 11 min 573 ton kartof, 2 min 753 ton tərəvəz, 8 min 105 ton bostan məhsulu götürülmüşdür. Doqquz ayda iri və xırda buynuzlu mal-qaranın sayı 45 min 794 baş olmuşdur. Diri çəkidə 2584 ton ət, 15 min ton süd, 2 milyon 956 min ədəd yumurta istehsal olunmuşdur.
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi proqnoz planı 2 milyon 921,2 min manata qarşı 2 milyon 923,2 min manat və ya 100,1% icra etmişdir. Şöbədə 16 min 716 nəfər sığorta olunan qeydiyyata götürülmüşdür. Pensiya və müavinətlər 17 milyon 348,8 min manat olmaqla, tam ödənilmişdir.
Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 9 min 631 ailə üzvünü özündə birləşdirən 1930 ailəyə ÜDSY ödənilmişdir.
Rayon Dövlət Sığorta Filialı 71 min 53 manat tədiyyə toplamışdır. Yığılmış tədiyyə hesabına hərbi xidmət dövründə şəhid olanların ailələrinə və zərər çəkmiş əlillərə 20,9 min manat sığorta yardımı verilmişdir.
Rayon Məşğulluq Mərkəzinə iş üçün müraciət edənlərin 210 nəfəri müxtəlif idarə və müəssisələrdə daimi işlə təmin olunmuş, onların da 88 nəfəri qadındır.
Astara Poçtamtı 207 min 440 manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə 52% çox, Astara Telekommunikasiya Qovşağı 631 min 605 manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% çox olmaqla əhaliyə, müəssisə və təşkilatlara rabitə xidməti göstərmişdir.
Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 2014-cü ilin 9 ayı ərzində 40 ha sahədə meşə bərpa tədbirləri görülmüş, o cümlədən 10 hektar əkin və 30 hektar səpin yolu ilə meşə əkinləri aparılmışdır.
Ötən müddət rayonun təhsil işçiləri üçün də uğurlu olmuşdur. 164 məzunumuz respublikanın müxtəlif ali məktəblərinə daxil olmuşdur. Onlardan 5 nəfəri 600-dən yuxarı, 14 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. Kijəbə qəsəbə tam orta məktəbin məzunu Quliyev Fuad Firudin oğlu 681 bal toplayaraq Azərbaycan Tibb Universitetinə daxil olmuş, Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüşdür. Fərəhli haldır ki, Kijəbə qəsəbə tam orta məktəbinin tarix müəllimi Fətullayev Teymur Sabir oğlu möhtərəm prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Bütün bu uğurlar təhsilimizə göstərilən dövlət qayğısının ən gözəl nümunəsidir.
Ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində müəyyən işlər görülmüşdür. Yerli büdcə hesabına Sipiyəpard kənd tam orta məktəbi təmir edilmiş, Suparibağ kənd tam orta məktəbi üçün 220 şagird yerlik, Əzərud və Anboba kənd ibtidai məktəbləri üçün 80 şagird yerlik yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. Sım və Artupa tam orta məktəbləri üçün yeni binaların tikintisindən ötrü hazırlıq işlərinə başlanmışdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fevralın 17-dən mayın 1-dək ölkə əhalisinin icbari tibbi müayinədən keçirilməsi ilə bağlı göstərişinə əsasən rayonda da keçirilən tədbirlər rayon əhalisi tərəfindən böyük razılıqla qarşılanmışdır. Bu müddət ərzində 56 min 209 nəfər müayinəyə cəlb olunmuş, bunlardan 7 min 272 nəfərdə patologiya aşkar olunmuş, 216 nəfəri stasionar müalicəyə cəlb edilmiş, 47 nəfər respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilmişdir. Həkim briqadaları tərəfindən yaşayış məntəqələrində, dağ kəndləri də daxil olmaqla, 7 min 613 nəfər uşaq və yaşlı sakinlər müayinə edilmiş, onlara yerində tibbi yardımlar göstərilmişdir.
Rayon Mərkəzi Xəstəxanası əsaslı təmirdən sonra mərkəzləşdirilmiş qaydada istilik sistemi ilə təmin edilmişdir. Kijəbə qəsəbə xəstəxanası, Artupa həkim məntəqəsində təmir işləri aparılmış , mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilmişdir.
Rayonun mədəniyyət müəssisələri əhaliyə mədəni xidmətin göstərilməsi sahəsində bir sıra tədbirlər həyata keçirmişlər. Rayon mədəniyyət evinin “Sevinc” mahnı və rəqs ansamblı, uşaqlardan ibarət “Coşqun” rəqs kollektivi hərbi hissələrdə, yaşayış məntəqələrində çıxışlar etmiş, “Əvəsor” xalq kollektivi Bakı şəhərində Milli Parkdakı Novruz şənliyində və Masallı şəhərində Beynəlxalq Folklor festivalında iştirak etmiş, rayonun adət-ənənələrini əks etdirən etnoqrafik nümunələr nümayiş etmişlər. Sım kənd mədəniyyət evinin “Şindan” aşıqlar ansamblı Aşıq Şəmşir adına Gənc aşıqların respublika müsabiqəsinin qalibi olmuşdur.
Gənclərin hərbi vətənpərvərliyə və orduya hazırlanması məqsədilə ənənəvi olaraq “Şahin”, “Cəsurlar” hərbi idman oyunları və “Vətən sərhəddən başlayır” mövzusunda tədbirlər keçirilmişdir. İdmançılarımıza göstərilən daimi diqqət və qayğının nəticəsidir ki, onlar Respublika və Beynəlxalq yarışlardan 159 medal qazanmışlar.
Rayonda vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, onların müraciətlərində qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar müsbət nəticəsini vermişdir. Vətəndaşların müraciətlərinə yerində baxılmış, operativ zəruri tədbirlər görülmüşdür. Bu da əvvəlki dövrlə müqayisədə edilən müraciətlərin sayının azalmasına səbəb olmuşdur.
9 ayda rayon İcra hakimiyyətində 852 ərizə və şikayət qeydə alınmış, o cümlədən onlardan 403-ü vətəndaşlardan, 449 ərizə isə yuxarı təşkilatlardan daxil olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 251 ərizə azalmışdır. Bu dövrdə ayrı-ayrı yaşayış məntəqələrində 27 səyyar qəbul keçirilmiş, 128 nəfər vətəndaşın müraciətləri əsasında qaldırılan məsələlər yerində həllini tapmışdır.
Rayon İcra hakimiyyəti kadrların seçilib yerləşdirilməsi, ehtiyat kadrların hazırlanması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. İlk növbədə işgüzar, bacarıqlı, təcrübəli, tapşırılan işin öhdəsindən layiqincə gələn, dövlətçiliyə sədaqətli gənc kadrların dövlət qulluğuna qəbul olunmasına xüsusi diqqət yetirilmişdir. Ötən müddətdə 8 nəfər gənc kadr dövlət qulluğuna qəbul edilmişdir.
Rayon İcra hakimiyyəti Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı dərin məzmunlu çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlardan istifadə edəcək, əhalinin maddi rifah halının, məişət şəraitinin və güzəranının gündən-günə yaxşılaşdırılmasına nail olacaq, rayonumuzun abadlaşdırılması naminə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün bütün qüvvələrini sərf edəcəkdir.
Şurada RİH - başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İ.Malıyev, Maliyyə İdarəsinin rəisi C.Abbasov, Təhsil şöbəsinin müdiri Q.Məmmədova, Gənclər və İdman İdarəsinin rəisi Ə.Əliyev, Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru A.Mirzəyev, Paylayıcı Elektrik şəbəkəsinin baş mühəndisi V.Səfərov, Suvarma Sistemləri İdarəsinin baş mühəndisi H.Əliyev, Baytarlıq idarəsinin rəisi M.Axundov çıxış etmişlər.
Şura iclasına yekun vuran icra başçısı Q.Ağayev bu ilin 9 ayında rayonumuzda uğurlu göstəricilər qazanıldığını qeyd etməklə yanaşı, ayrı-ayrı idarə və müəssisələrdə mövcud nöqsanları ciddi tənqid etmiş, xüsusən qışa hazırlıq ilə əlaqədar daha vacib işlərin görülməsini diqqətə çatdırmışdır. Paylayıcı Elektrik Şəbəkəsinin, Qaz İstismar Sahəsinin, 52 saylı Yol İstismar İdarəsinin, Suvarma Sistemləri İdarəsinin fəaliyyətlərində çatışmazlıqların olduğunu diqqətə çatdıraraq bu sahədə qısa müddətdə təsirli tədbirlərin görülməsi barədə tapşırıq vermişdir. Son aylarda Paylayıcı Elektrik Şəbəkəsinə xeyli avadanlıqlar gətirilməsinə baxmayaraq mövcud vəziyyət yenə narahatlıq doğurur. Motlayataq və Asxanakaran kəndlərində elektrik təsərrüfatı bərbad vəziyyətdədir. Hava dəyişən kimi rayonun bir sıra kəndlərində elektrik enerjisinin verilməsində fasilələr yaranır. İki ildir ki, Telman və Züngüləş kəndlərinə qaz verilməsi işi yubadılır.
İcra başçısı rayonun bütün rəhbər işçilərinin diqqətinə çatdırdı ki, tez-tez əhali arasında olsunlar, vətəndaşların qəbuluna, onların müraciətlərinə həssaslıqla yanaşsınlar. Rəhbərlik etdikləri kollektivlərdə əmək intizamının möhkəmləndirilməsini təmin etsinlər, tələbkarlığı artırsınlar. Etik davranış qaydalarına ciddi riayət olunmasına nail olsunlar.
Gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsinə diqqət artırılmalıdır.