Qaldırılan təkliflər operativ şəkildə yerinə yetirilir.
Astara rayonunda icra hakimiyyəti başçısının hər bir yaşayış məntəqəsində əhali ilə keçirdiyi səyyar qəbul və görüşlərinin ənənəvi xarakter alması vətəndaşları narahat edən problem və məsələlərin vaxtında həllini təmin etməklə, onların hədsiz razılığına səbəb olmuşdur. Görüşlər zamanı icra başçısı tərəfindən vətəndaşların arzu və təklifləri dinlənərək həlli üçün tapşırıqlar verilir, icrası nəzarətə götürülür. Vətəndaşlarla hər bir görüşdən sonra qaldırılan təkliflərin operativ şəkildə yerinə yetirilməsi yerlərdə razılıqla qarşılanır.
Astara rayon icra hakimiyyətinin başçısı Q.Ağayevin əhali ilə növbəti səyyar qəbul və görüşü 24 oktyabr 2014-cü il tarixdə Səncərədi kəndində olmuşdur. Nümayəndəlik 5 kənddən ibarətdir. 1075 hektar ərazisi, 1564 təsərrüfatı, 5470 nəfər əhalisi olan kənddə 2 tam orta , 2 ümumi orta məktəb, mədəniyyət evi, klub, 3 məscid, 4 kitabxana, 2 səhiyyə obyekti, poçt vardır. Əhalinin əsas məşğuliyyəti sitrusçuluq, çəltikçilik, arıçılıq və maldarlıqdır.
Səncərədi İƏD-si üzrə nümayəndə Zaur Həsənov çıxış edərək İcra Hakimiyyəti başçısının əhali ilə əvvəlki səyyar qəbulundan sonra vətəndaşlar tərəfindən qaldırılan təkliflərin və mövcud problemlərin icrası ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat vermişdir. Ötən müddət ərzində Gəzəndaş-Alaşa, Alaşa-Qapıçıməhəllə yolları asfaltlaşdırılmış, Səncərədi və Artupa kəndlərində bir neçə elektrik dirəyi yenisi ilə əvəz olunmuş, Artupa kənd həkim məntəqəsində təmir işləri aparılmış, Səncərədi poçtunda bankomat aparatı quraşdırılmışdır. Artupa kənd sakinlərinin xahişi nəzərə alınaraq kənd tam orta məktəbi üçün yeni binanın tikintisindən ötrü hazırlıq işlərinə başlanılmışdır. İstisu çayı üzərindəki “Astara -1” kiçik su elektrik stansiyasının tikintisi davam etdirilir. Artupa kəndində 87 hektar çəltik sahəsindən 500 tona yaxın məhsul tədarük edilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev səyyar qəbula gələn kənd sakinlərini salamlayaraq onlarla hər görüşdən məmnun qaldığını, qaldırılan problemlərin həlli ilə əlaqədar görülən işlərlə müntəzəm maraqlandığını diqqətə çatdırmışdır.
Kənd sakinlərindən Qarakişi Əsədullayev, Əhmədağa Nəzərov, Fərəhnisa Rüstəmova, Gülqayıt Məmmədova, Nigar Rüstəmova, Təvəkkül Ağayev, Emin Hacıyev və başqaları çıxış edərək ölkə Prezidentinin diqqət və qayğısı ilə ölkəmizdə, o cümlədən rayonumuzda görülən genişmiqyaslı işlərdən razılıqla danışmışlar. Əhali ilə mütəmadi görüşlərinə görə İcra Hakimiyyətinin başçısı Q.Ağayevə minnətdarlıq edən sakinlər Səncərədi kəndində uşaq bağçasının əsaslı təmiri və ya tikintisi, kənddəki suötürücü kanalların, xüsusən kəndin mərkəzindən keçən kanalın qazılıb təmizlənməsi, Artupa və Səncərədi kəndlərində ara yolların təmiri, elektrik xətlərinin təmir edilməsi, yararsız elektrik dirəklərinin dəyişdirilməsi barədə arzu və təkliflərini vermişlər.
Rayon Paylayıcı Elektrik Şəbəkəsinin rəisi Azad Hüseynov, Səncərədi bələdiyyəsinin sədri Firdovsi Mahmudov çıxış edərək sakinlər tərəfindən onlara aid olan məsələlərin yerinə yetirilməsi ilə əlaqədar konkret tədbirlər görüləcəyini bildirmişlər.
İcra başçısı kənd sakinlərinin qaldırdıqları məsələlərə münasibət bildirərək kəndin əsas suötürücü kanallarının təmizlənməsi üçün tapşırıqlarını vermiş, Artupa kənd tam orta məktəbi üçün yeni binanın tikiləcəyini, elektrik xətt təsərrüfatının da tədricən yeniləşəcəyini diqqətə çatdırmışdır.
Q.Ağayev son illərdə respublikada, eləcə də rayonumuzda aparılan geniş abadlıq və quruculuq işləri, həyata keçirilən layihələr barədə məlumat vermiş, quruculuq-abadlıq işlərinin gələcəkdə də davam edəcəyini vurğulamışdır. İcra başçısı qeyd etmişdir ki, ölkəmizin sürətli inkişafının əsasını ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin xalqın rifahının yaxşılaşdırılması üçün həyata keçirdiyi tədbirlər təşkil edir. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan dünyanın aparıcı dövlətlərindən biri kimi tanınır. Son illərdə Azərbaycanda çox mühüm əhəmiyyətə malik beynəlxalq tədbirlərin keçirilməsi ənənə halını almışdır. Bütün sahələrdə Azərbaycan inkişaf yolundadır.