Park-bulvarda tikinti işləri uğurla davam edir.
Astara şəhərinin Xəzər dənizi sahilində park-bulvarın tikintisinə aprel 2014-cü ildə başlanmışdır. 8 hektar bataqlıq sahədə salınan park-bulvarın tikintisi üçün 250 min kub metrə yaxın torpaq daşınmış, sahilboyu 650 metr məsafədə mühafizə bəndi, gəzinti yeri, İstirahət meydanı dəmir beton konstruksiyası ilə betonlanmışdır. Bulvarda 7000 kv metr travertin materialı düzülmüş, sahil boyu paslanmayan borudan 600 metr məhəccər qurulmuş, müasir işıqlandırılma sistemi quraşdırılmış, 150-dən çox xançinar, dəmir ağac, palıd və müxtəlif növ dekorativ ağaclar əkilmiş, suvarma sistemi qurulmuş və 600 kv metrlik fəvvarə tikilmişdir. Hazırda 2 ədəd şəlalənin tikintisi, uşaqların əylənməsi üçün karusel və müxtəlif attraksionların quraşdırılması işləri aparılır.
Bulvar ərazisində 1550 m2 ölçüdə əyləncə mərkəzinin, çay evi və kafenin, çimərlik futbolu, çimərlik voleybolu və açıq fitnes meydançalarının yaradılması nəzərdə tutulmuşdur. Əhalinin səbirsizliklə istifadəsini gözlədikləri park-bulvarda tikinti-quraşdırma işləri böyük mütəşəkkilliklə davam etdirilir.
Bundan əlavə rayona gələn turistlərin və qonaqların maraqlı istirahət etmələrindən ötrü bulvara yaxın ərazidə mövcud bina yenidən qurularaq 3 mərtəbəli hotel və ona yanaşı 12 ədəd 2 mərtəbəli kottec inşa edilir.