Astara rayonu yaşıllaşdırma marafonunda fəallıq göstərir.
Məlum olduğu kimi, “IDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən I “Ümumrespublika Yaşıllaşdırma” marafonu ölkəmizdə geniş vüsət almışdır.
“Ümumrespublika Yaşıllaşdırma” marafonunda Astara rayon icra hakimiyyətinin rəhbərliyinin təşkilatçılığı və yaxından köməkliyi ilə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri fəal iştirak edirlər. Son günlərdə Xəzər dənizi sahilində yeni salınan Park-bulvar ərazisində, Astara şəhəri Gənclər küçəsində, Astara-Qamışovka avtomobil yolunun ətrafında 2000-ə yaxın müxtəlif növlü ağac əkilmişdir. Yaşıllaşdırma marafonunda rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, Meşə mühafizəsi və bərpası müəssisəsi, Suvarma Sistemləri idarəsi, Baytarlıq idarəsi, 52 saylı Yol istismar şöbəsi, Torpaq və Xəritəçəkmə şöbəsi, Qaz İstismar sahəsi və digər idarələrin kollektivləri yaxından iştirak etməklə çinar, kiparis, eldar şamı, akasiya, dəmirağac və palıd ağaclarının əkininə üstünlük vermişlər.
Rayonda “Ümumrespublika Yaşıllaşdırma” marafonu davam etdiriləcək, rayonun digər ərazilərində yaşayış məntəqələrində 3000-ə yaxın ağac əkini aparılacaqdır.