Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayonunun tibb işçiləri ucqar dağ kəndində

31 oktyabr 2014 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, ayrı-ayrı xidmət sahələrinin rəhbərləri və kollektivləri bölgələrdə, hətta ən ucqar dağlıq ərazidə yerləşən yaşayış məntəqələrində vətəndaşları qəbul edir, onların qarşılaşdıqları problemlərin həllinə köməklik göstərirlər. Bu cür görüşlər Astara rayonunda da ənənə halına çevrilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin il ərzində yerlərdə - 50-60 görüşü keçirilir bu isə hər həftəyə azı bir görüş deməkdir. Hər il belə tədbirlərə on mindən çox vətəndaş qatılır, müxtəlif məsələlər qaldırılır  və əksərən də həllini tapır.

Çox diqqətə layiq haldır ki, rayonun bir sıra xidmət sahələrinin rəhbərləri və kollektivləri də ayrı-ayrı yaşayış məntəqələrində olmağa üstünlük verir, yerlərdə əhalinin arzu və istəklərinə uyğun olaraq konkret və əməli tədbirlər həyata keçirirlər. Aydın həqiqətdir ki, ucqar dağlıq ərazidə yerləşən kənd sakinlərinin əksər hissəsi tibbi müayinə və müalicə məqsədilə rayon mərkəzində və paytaxtda yerləşən xəstəxanalara gəlməyə də çətinlik çəkir. Bu günlərdə rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş kəndində səyyar qəbul keçirərkən kənd sakinləri müayinə və müayinə məqsədilə əraziyə peşəkar həkim briqadasının göndərilməsi barədə təklif irəli sürmüşlər. Bütün bunları nəzərə alaraq rayon İcra Hakimiyyətinin və Mərkəzi Xəstəxananın rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı ilə peşəkar həkim və tibb işçilərindən ibarət geniş tərkibli briqada oktyabrın 31-də rayon mərkəzindən 40 kilometr uzaqlıqda, ucqar dağlıq ərazidə yerləşən Pəlikəş kəndində olmuş, yüzlərlə kənd sakininin müasir tibbi avadanlıqlarla müayinəsini təşkil etmiş, müalicə məqsədilə konkret və əməli tədbirlər həyata keçirmişlər.

Mərkəzi Xəstəxananın baş həkimi, tibb üzrə fəlsəfə doktoru, Tibb Universitetinin dosenti Əlövsət Əliyevin rəhbərlik etdiyi səyyar tibb briqadası Pəlikəş kəndində böyük coşqu ilə qarşılandı. Rayon Mərkəzi Xəstəxanasına yenicə təyinat almış baş həkim Ə.Əliyev əvvəlcə Pəlikəş kənd sahə xəstəxanasının həyətinə toplaşmış kənd sakinləri ilə səmimi və işgüzar apararaq bildirdi ki, bizim sizinlə bu görüşümüz ölkə Prezidenti möhtərəm İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin bariz nümunəsidir. Rayon rəhbərliyinin qayğısı və təşkilatçılığı ilə keçirilən bu tədbir vətəndaşlarımızın sağlamlığının qorunmasına layiqli töhfədir. Biz də yüksək peşəkarlığa malik tibb işçisi kimi ən ucqar dağlıq ərazidə yerləşən kəndlərin sakinlərini müalicə və müayinə etmək üçün var qüvvəmizi sərf etməyə çalışırıq. Bu gün bizimlə birlikdə baş həkimin müavini, təcrübəli mütəxəssis Kərim Nəzərov, cərrah Etibar Cəlilov, terapevt Surxay Məmmədov, pediatr Orxan Əmənullayev, müasir tibb avadanlıqları (UZİ) üzrə mütəxəssis Arif Novruzov, mama-ginekoloq Ülviyyə Nəhmətova, kardioloq Barat Sadıxov, laborant Layiq Veysəlov, tibb bacısı Aybəniz Əhədova, Qızıl Aypara Cəmiyyəti Astara rayon bölməsinin sədri Asif Hüseynquliyev sizinlə görüşə gəlmişlər. Xəstəxanada bütün xəstələrin aidiyyəti üzrə həkimlər tərəfindən qəbulu üçün normal şərait yaradılmışdır.

Gün ərzində Pəlikəş inzibati ərazi nümayəndəliyinə daxil olan kəndlərin onlarla sakini baş həkim, yüksək ixtisaslı cərrah Əlövsət Əliyevin və digər həkim və tibb işçilərinin qəbulunda olmuş, müayinə və müalicə edilmiş, müasir tibb avadanlıqlarının (UZİ) xidmətindən istifadə etmişlər.

QAC rayon bölməsinin sədri A.Hüseynquliyev dağ kəndlərinin sakinlərinin böyük bir qrupu ilə ətraflı söhbət aparmış, onları narahat edən problemlərlə maraqlanmışdır.

Rayonun yüksək peşəkarlığa malik həkim və tibb işçilərindən ibarət səyyar briqadanın xidmətindən istifadə edən kənd sakinləri uzaq və çətin relyefə malik dağlıq əraziyə gəlib yüksək səviyyəli nümunəvi səhiyyə xidməti göstərdiklərinə görə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.

Düriyyə kənd sakini, Böyük Vətən Müharibəsinin veteranı Ataxan Sovqatov: -  Möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində Azərbaycan misilsiz inkişaf yolu keçir. Biz bu inkişafı rayonumuzun timsalında da aydın görürük. İllərdən bəri həsrətində olduğumuz  Deqədi-Pəlikəş avtomobil yolu qısa müddətdə yenidən qurulub asfaltlaşdırılmışdır. İcra başçımız Qəzənfər Ağayev tez-tez ən ucqar dağ kəndlərində əhali ilə görüşlərə gəlir, qaldırılan məsələlərə həssaslıqla yanaşır. Bu gün kəndlərimizdə gedən sürətli tikinti-quruculuq işləri dediklərimizə sübutdur. Peşəkar tibb işçilərindən ibarət səyyar briqadanın kəndimizə - bizim görüşümüzə gəlməsi rayon rəhbərliyi tərəfindən bizə göstərilən qayğının parlaq təzahürüdür. Mən neçə vaxt idi ki, xəstəliklərdən əziyyət çəkirdim. Surxay həkim məni diqqətlə müayinə etdi, müalicə məqsədilə lazımi tövsiyələrini verdi. Bir daha həkimlərimizə təşəkkürümü bildirirəm.

Pəlikəş kənd sakini Nəzakət Eyvazova: - Yaxşı bilirsiniz ki, evdar qadınların işi çox olur, öz səhhətlərinə vaxt ayırmırlar. Eşidəndə ki, rayon mərkəzindən peşəkar tibb işçilərindən ibarət briqada gəlib çox sevindik. Öz evimizin içində həkimlərlə görüşmək imkanı olduğuna görə çox razıyıq. Bu işə kömək edənlərin hamısına təşəkkürümü bildirirəm.

Pəlikəş kənd sakinləri Zöhrə Babayeva, Nurəddin Həsənov, Sım kənd sakini Rakif İdrisov və onlarla başqaları uzaq yol gəlib ucqar dağlıq ərazidə yerləşən sakinlərin müayinə və müalicəsi ilə məşğul olduqlarına görə bütün tibb işçilərinə minnətdarlıqlarını ifadə etdilər və bir daha vətəndaşların rifah halının yaxşılaşdırılması üçün konkret və əməli tədbirlər həyata keçirən ölkə başçısı İlham Əliyevə, rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevə hədsiz məhəbbətlərini bildirdilər.   

Keçidlər