Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Dövlət Bayrağı Günü münasibətilə bayram tədbiri keçirilmişdir.

08 noyabr 2014 | 16:00

Bu günlər ölkəmizin hər yerində 9 noyabr Dövlət Bayrağı gününə həsr olunmuş maraqlı kütləvi tədbirlər keçirirlər. Noyabrın 8-də Astara şəhərinin mərkəzi meydanı olan Heydər Əliyev adına Parkda canlanma vardı.

Rayon rəhbərliyi, idarə-müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, ağsaqqallar, veteranlar, pedaqoji kollecin tələbələri və ümumtəhsil məktəblərinin şagirdləri Dövlət Bayrağı Gününə həsr olunmuş ümumrayon tədbirində iştirak etmək üçün mərkəzi meydana toplaşmışdılar.

Bütün tədbir iştirakçılarının əllərində Azərbaycan Respublikasının Milli Bayrağı dalğalanırdı. Minlərlə bayrağın dalğalanması hamımızda qürur və fəxarət hissi  yaradırdı.

Tədbir iştirakçıları əllərində Milli Bayraqla Xəzər dənizinin sahilində salınmış park-bulvarın ərazisindən keçərək, burada görülən tikinti-abadlıq və quruculuq işləri ilə tanış olduqdan sonra rayonumuzun Dövlət Bayrağı meydanına yürüş etdilər.

Dövlət Bayrağı meydanında təşkil olunmuş bayram tədbirində YAP rayon təşkilatının sədri, rayon İcra hakimiyyətinin müavini F.Əhmədov Dövlət Bayrağı haqqında məlumat vermişdir.

Rayon Ağsaqqallar şurasının sədri H.Əliyev, Pedaqoji Kollecin direktoru Ə.Həmzəyev və başqaları çıxış etmişlər.

Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız – milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.

Müstəqil Azərbaycanın Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.

Azərbaycan Respublikasının Dövlət Bayrağından istifadə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də, həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət Bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və Əsasnamə ilə təsdiq edilmişdir.

Prezident cənab İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd ediləcək.

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.

2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının – Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olmuşdur.

Keçidlər