Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada keçirilən “dəyirmi masa”da tolerantlıq mövzusunda müzakirələr aparıldı

13 noyabr 2014 | 16:00

Noyabrın 13-də Astara Rayon Mərkəzi Kitabxanasında 16 noyabr-Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” mövzusunda “dəyirmi masa” keçirildi.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Astara rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun təhsil işçiləri, ərazi icra nümayəndələri, bələdiyyələrin sədrləri, din xadimləri və ictimaiyyətin nümayəndələri iştirak etdilər.
“Dəyirmi masa”da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, dinşünas alim Nəriman Qasımzadənin mövzuyla bağlı məruzəsi dinlənildi.
Qeyd olundu ki, YUNESKO tərəfindən təsis edilən Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar ölkəmizin regionlarında “dəyirmi masa”ların keçirilməsində məqsəd ölkəmizin çoxmədəniyyətli və tolerant bir ölkə olmasını, müxtəlif bölgələrdə etnik qrupların vahid Azərbaycan dövlətində bərabərhüquqlu vətəndaşlar kimi yaşamasını, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilən insan hüquq və azadlıqlarının daim qorunmasını bir daha sübuta yetirmək və bu mövzuda müzakirələr aparmaqdır.
N.Qasımzadə çıxışında ölkəmizdə yaşayan müxtəlif etnik qrupların nümayəndələrinə hələ Sovetlər dönəmində ümummilli lider Heydər Əliyev tərəfindən göstərilən diqqət və qayğıdan, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən ətraflı söhbət açdı.
Müzakirələrdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini İlqar Malıyev, Ağsaqqallar şurasının sədri Hamlet Əliyev, Astara şəhərindəki “Qum” məscidinin axundu İlqar Həsənov, Kijəbə qəsəbə ərazi nümayəndəsi Rəfael Babayev, təqaüddə olan müəllim Heybət Hüseynov mövzuyla bağlı rəy və təkliflərini bildirdilər.
Çıxışlarda qeyd olundu ki, Şərqlə-Qərbin qovşağında, tarixi “İpək yolu”nun üzərində yerləşən Azərbaycanda əsrlər boyu müsəlmanlar, xristianlar, yəhudilər və digər dinlərin nümayəndələri dostluq, qarşılıqlı etimad və sülh şəraitində yaşayıblar.
Diqqətə çatdırıldı ki, ölkəmizdə dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün dini icmaların milli-mənəvi dəyərlərinə sahib olması üçün hər cür şərait yaradılıb.
Bildirilib ki, Azərbaycanda tolerantlığın möhkəm və zəngin ənənələri, dərin tarixi kökləri vardır. Xalqımız bölgədə insanlar arasında sülh və əmin-amanlıq şəraitinin yaradılmasına önəm verərək başqa dini icmaların nümayəndələri ilə dinc yanaşı yaşamağa həmişə üstünlük verib.
“Dəyirmi masa”da iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər