Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Qaldırılan məsələlər vaxtında yerinə yetirilir

04 dekabr 2014 | 16:00

Yola saldığımız 2014-cü il müstəqil respublikamızın bütün bölgələrində olduğu kimi, Astara rayonunda da çox mühüm, unudulmaz tarixi hadisələrlə əlamətdar olmuşdur. Rayon mərkəzində, qəsəbə və kəndlərdə aparılan geniş abadlıq və quruculuq işləri ictimaiyyət tərəfində böyük razılıqla qarşılanmışdır. Son dövrdə inkişaf dövrü keçən yaşayış məntəqələrindən biri də, Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyidir. 24 kənddən ibarət olan Siyaku kənd İƏD-si üzrə nümayəndəliyinin əksər kəndlərində tikinti-quruculuq işləri davam etdirilmiş, yol-abadlıq işlərinə diqqət artırılmışdır. Bu gün Siyaku kəndinə yolu düşənlər buranı şəhərdən fərqləndirməkdə çətinlik çəkirlər. Geniş, rahat asfalt yollar, müasir tələblərə cavab verən şadlıq evi, market və ticarət obyektləri, yeni tikilmiş yaraşıqlı məktəb binaları uzaqdan diqqəti cəlb edir.
Son iki il ərzində rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Siyaku kənd İƏD-si üzrə nümayəndəliyinə daxil olan kəndlərdə əhali ilə səyyar qəbul və görüşlər keçirmiş, sakinləri narahat edən məsələlərlə yaxından maraqlanmış, icrası məqsədi ilə aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıqlarını vermişdir. Qaldırılan məsələlərin vaxtında və operativ şəkildə yerinə yetirilməsi əhalinin razılığına səbəb olmuşdur. Nümayəndəliyin mərkəzi Siyaku kəndi ilə yanaşı Vaqo, Sığaloni, Rinə, Marzasə, Şağlazüzə, Miki və digər kəndlərdə səmimi və işgüzar şəkildə keçən səyyar qəbul və görüşlərdə qaldırılan məsələlərin əksəriyyəti icra edilmişdir.
Dekabrın 4-də Siyaku kəndində İcra başçısı Qəzənfər Ağayevin sakinlərlə səyyar qəbul və görüşü keçirilmişdir. Yeni tikilmiş Siyaku kənd tam orta məktəbinin geniş və yaraşıqlı binasında keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri iştirak etmişlər. Siyaku kənd İƏD-si üzrə nümayəndə Xanəhməd Zahirov əvvəlki səyyar qəbul və görüşdən sonra ərazidə görülən işlər barədə ətraflı məlumat verdi. 2013-cü ildə Vaqo, Siyaku və Şağlazüzə kəndlərində müasir tipli yeni məktəb binaları inşa edilmiş, Siyaku-Rinə avtomobil yolu asfaltlaşdırılmışdır. 2014-cü ildə nümayəndəliyin ərazisində 4 yeni körpü istifadəyə verilmiş, həmin ərazidəki kəndlərin minlərlə sakinini illərdən bəri narahat edən bu problem öz həllini tapmışdır. Vaqo kəndində elektrik enerjisi verilişindəki nöqsanlar aradan qaldırılmış, transformator quraşdırılmış, 1 km məsafədə elektrik xətti çəkilmiş, 25 ədəd dirək basdırılmışdır. Şağlazüzə kəndində yeni elektron ATS quraşdırılmış, ərazidəki məktəbə telefon və internet xətti çəkilmişdir. Səyyar qəbula gələn kənd sakinlərindən İbrahim Əliyev, Fərrux Muradov, Nəriman Muradov, Osman Dədəyev və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə respublikamızda aparılan geniş quruculuq işlərindən, xüsusən Astara rayonunda son illərdə həyata keçirilən layihələrdən həvəslə söhbət açmış, ucqar ərazidə yerləşən yaşayış məntəqələrinə daim diqqət və qayğı göstərildiyini, keçilməz dağlıq ərazidə rahat asfalt yollar çəkildiyini, yeni məktəb binalarının tikildiyini diqqətə çatdırmışlar. Kənd sakinləri bütün bunlara görə ölkə başçısı cənab İlham Əliyevə və rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.
Çıxış edənlər son iki ildə ərazidə xeyli iş görüldüyünü qeyd etməklə yanaşı bir sıra təkliflər də vermiş, tənqidi qeyd və iradlarını bildirmişlər. Qeyd olunmuşdur ki, nümayəndəliyin bir-birindən aralıda yerləşən bir çox kəndlərində elektrik xətlərinin əsaslı təmirinə, yeni elektrik dirəklərinə və transformatorlara ehtiyac vardır. Əsas məşğuliyyətini sitrusçuluq təşkil edən nümayəndəlikdə əhalinin su ilə təminatında problemlər vardır. Sığaloni, Rinə kəndlərinin təbii qazla təmin edilməsinə, əvvəlki illərdə çəkilmiş asfalt yolların təmirinə köməklik göstərilməsi xahiş edilmişdir.
Ağsaqqal Fərrux Muradov Siyaku kəndində park salınması, Bayraq meydanı yaradılması, Miki, Rinə-Təxtənəkəran-Toradi avtomobil yolunun əsaslı təmiri barədə təkliflərlə çıxış etdi.
İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev səyyar qəbulda iştirak edənlərə maraqlı, diqqəti cəlb edən fikirlərə və təkliflərə görə minnətdarlığını bildirərək qeyd etmişdir ki, müstəqilik yollarında inamlı addımlar atan doğma Azərbaycanımızın hər guşəsi Siyaku kəndi kimi füsunkardır, valehedicidir. Təbiət bu yerlərdən heç nəyini əsirgəməyib. Uca dağlar öz çoxrəngli çalarları ilə ətrafa gözəllik bəxş edir. Bu diyarda yaşayanlar da öz halal zəhmətləri ilə həmin gözəlliyi qat-qat artırmağa nail olublar. Ulu öndər Heydər Əliyev siyasətinin davamçısı olan möhtərəm cənab Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində gündən-günə inkişaf edən müstəqil dövlətimizin iqtisadi gücü artdıqca sosial layihələrin həyata keçirilməsi də sürətlənir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla icra olunur. Təkcə son iki il ərzində şəhər, qəsəbə və kəndlərimizdə həyata keçirilən geniş miqyaslı tikinti-quruculuq, abadlıq işləri, yol infrastrukturu layihələri dediklərimizə parlaq sübutdur. Möhtərəm Prezidentimiz İlham Əliyevin 13 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə Deqədi-Pəlikəş avtomobil yolunun  tikintisi ilə əlaqədar vəsait ayrılması və 2014-cü ildə 21 yaşayış məntəqəsini, 12 min əhalini əhatə edən və keçilməz dağlıq ərazidə yerləşən Deqədi kəndindən Pəlikəş və Sım kəndlərinə qədər avtomobil yolunun asfaltlaşdırılması sözün həqiqi mənasında tarixi hadisəyə çevrilmişdir. Yola saldığımız ildə rayon mərkəzində 8 hektardan çox ərazini əhatə edən dənizkənarı park-bulvarın salınması da vətəndaşlarımızın ürəyindən olmuşdur. Rayonumuzun bütün yaşayış məntəqələrində ötən il abadlıq və quruculuq işləri sürətlə davam etdirilmişdir. Şübhəsizdir ki, bütün bunlar insanların rahatlığının təmin olunması, xoş, firavan həyat sürməsinə yönəldilmişdir. Bu uğurlara görə, ilk növbədə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə minnətdar olmalıyıq. Məhz onun müdrik rəhbərliyi ilə respublikamız dünyada lider ölkələr sırasındadır. Azərbaycanda sosial-iqtisadi inkişaf daim sürətlənir. 2015-ci ilin büdcəsinə baxdıqda bu inkişafın daha sürətli olacağını görmək olar. Bu gün Azərbaycan ordusu Qafqazda ən güclü ordudur. Müdafiə xərcləri bədnam Ermənistanın büdcəsindən qat-qat çoxdur. Biz bu gün gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsinə daha ciddi diqqət yetirməliyik. Xüsusən ümumtəhsil məktəblərində bu məsələ daim diqqət mərkəzində olmalıdır.

Keçidlər