Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayonunda keçirilən 2011-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı haqqında qısa məlumat

14 fevral 2012 | 16:00

14 fevral 2012-ci il tarixdə Astara rayon icra hakimiyyəti başçısının 2011-ci ilin yekunlarına dair hesabatı və 2012-ci ildə qarşıda duran vəzifələr geniş müzakirə edilmişdir. Yığıncağda 300 nəfər iştirak etmişdir. Tədbir iştirakçıları əvvəlcə Astara şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsinin və rayon İcra Hakimiyyətinin binasının foyesində Heydər Əliyevin büstünün önünə gül-çiçək dəstələri qoymuş, Ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Astara Rayon İcra Hakimiyyətindəki geniş iclas zalının qarşısındakı foyedə hesabat yığıncağının iştirakçıları 2011-ci ildə rayonun sosial-iqtisadi inkişafını müqayisəli şəkildə əks etdirən diaqramlarla, rayonda istehsal olunmuş sənaye və kənd təsərrüfatı məhsullarının sərgisi ilə tanış olmuşlar. Astara kərpic, asfalt və çınqıl zavodlarının, Astara 2 saylı çay fabrikinin məhsulları yığıncaq iştirakçılarının böyük marağına səbəb olmuşdur.
Hesabat yığıncağı iştirakçılarının hər birinə Astara Rayon İcra Hakimiyyətinin başçısı cənab T.A.Qaraşovun 2011-ci ilin yekunları və 2012-ci ildə qarşıda duran vəzifələr barədə hesabat məruzəsinin geniş mətni dərc olunmuş “Astara” qəzetinin xüsusi buraxılışı paylanmışdır.
2011-ci ildə Astara rayonunun sosial-iqtisadi inkişafını, aparılan tikinti-abadlıq və geniş quruculuq işlərini tam şəkildə əks etdirən 15 dəqiqəlik film nümayiş etdirilmişdir.
Astara Rayon İcra Hakimiyyətinin başçısı cənab T.A.Qaraşov 2011-ci ilin yekunları və 2012-ci ildə qarşıda duran vəzifələrlə əlaqədar hesabat məruzəsi ilə çıxış etmişdir. O, 2011-ci ildə rayonun sosial-iqtisadi inkişafı sahəsində qazanılmış uğurlardan, şəhər, qəsəbə və kəndlərdə görülmüş işlərdən, mövcud problemlərdən və bu il qarşıda duran vəzifələrdən danışmışdır.
Məruzəçi qeyd etmişdir ki, 15 aprel 2011-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rayonumuza tarixi səfərindən ötən müddət ərzində Prezidentin ehtiyat fondundan ayrılmış vəsait hesabına quruculuq-abadlıq işlərinin görülməsi daha geniş vüsət almışdır.
Rayonda inşaat işlərinin aparılması üçün 2011-ci ildə bütün maliyyə mənbələrindən əsas kapitala 46 milyon 837,2 min manat məbləğində vəsait yönəldilmişdir. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 36,3 faiz çoxdur. İnvestisiyanın 29 milyon 235 min manatı, yaxud 62,4 %-i istehsal təyinatlı obyektlərin, 17 milyon 602,2 min manatı, yaxud 37,6 %-i isə qeyri-istehsal təyinatlı obyektlərin inşasında istifadə edilmişdir. Tikinti quraşdırma işlərində istifadə edilmiş vəsaitin həcmi ümumi tikinti işlərində istifadə edilmiş vəsaitin 40,6%-ni təşkil edərək 19 milyon 29,6 min manat olmuşdur. Əsas kapitala yönəldilmiş investisiyanın hamısını daxili investisiyalar təşkil edir.
İlin əvvəlindən rayonda ümumi sahəsi 7254 kv.m olan 56 fərdi yaşayış evi istifadəyə verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2011-ci il tarixli Sərəncamı ilə Prezidentin ehtiyat fondundan ayrılmış 2,0 milyon manat vəsait hesabına şəhərin H.Əliyev prospekti, Azərbaycan, Nizami və A.Heydərov küçələrində abadlıq və təmir işləri aparılmış, yeni hasarlar salınmış, səkilərə tamet döşənmiş, bardür düzülmüş və yeni işıqlandırma sistemləri quraşdırılmışdır. Kijəbə qəsəbəsində ümumi uzunluğu 8 km olan Kijəbə-Qəcimardə, Kijəbə-Ojakəran və Kijəbə-Maşxan yolları əsaslı təmir edilərək asfaltlaşdırılmışdır.
Ərçivan-İstisu avtomobil yolunun 9 km məsafəsi, Siyaku-Şağlazüzə istiqamətində 2 km yol əsaslı təmir olunaraq asfaltlaşdırılmışdır.
Şəhərdaxili yollara 9000 kvm asfalt döşənmişdir. Şəhərin bütün küçələrində təmizlik, abadlıq və yenidənqurma işləri aparılmışdır.
Ötən müddət ərzində Astara-Ələt magistral yolunun Astara rayonu ərazisində, yolun hər iki tərəfində geniş abadlıq işləri aparılmış, daş hasarlar suvaqlanmış, yeni hasarlar çəkilmiş, köhnə dəmir torlar yenisi ilə əvəz edilmiş, Ərçivan kəndindəki “Yanar bulaq” kompleksi əsaslı təmir olunmuşdur. Kijəbə qəsəbəsində abadlıq işləri aparılmaqla mərkəzdə “Bayraq Meydanı” kompleksi inşa edilmiş, qəsəbəyə gedən yolun hər iki tərəfi yenidən qurulmuş, kommersiya obyektləri müasir üslubda estetik vəziyyətə gətirilmişdir.
Astara Olimpiya İdman Kompleksinin, Heydər Əliyev parkında YAP Astara rayon təşkilatı üçün müasir memarlıq üslubunda hazırlanmış layihə əsasında iki mərtəbəli inzibati binanın tikintisi başa çatdırılmış, Heydər Əliyev prospektində Vergilər Nazirliyinin sifarişi ilə Astara Vergi Terminalı üçün inzibati binanın tikintisi aparılır. Heydər Əliyev parkının genişləndirilməsi ilə əlaqədar xeyli iş görülmüş, burada yerləşən beşmərtəbəli ictimai yaşayış binasının fasadı müasir tələblərə uyğun əsaslı təmir edilmişdir. Ötən ilin aprel ayında Ulu Öndər Heydər Əliyevin adını daşıyan mərkəz və Gənclər evi, mühüm strateji obyekt olan Astara Gömrük keçid məntəqəsi beynəlxalq standartlara uyğun olaraq yenidən qurulmuş istifadəyə verilmişdir.
Sərhəd Qoşunları işçiləri üçün çoxmərtəbəli yaşayış binasının tikintisi, hərbi şəhərciyin və Astara Telekommunikasiya Qovşağının inzibati binasının əsaslı təmiri davam etdirilir.
Rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 16 mənzilli yaşayış evi və Vaqo kəndində Qarabağ müharibəsi əlili üçün fərdi yaşayış evi edilmiş, Astara bələdiyyəsi tərəfindən “Xeyr-şər evi”nin tikintisinə başlanılmışdır.
Kənd təsərrüfatı məhsullarının saxlanılması üçün əlverişli şəraitin yaradılması məqsədilə Astara şəhərində 3000 tonluq taxıl anbarı, 2500 tonluq meyvə-tərəvəz və Siyakü kəndində 350 tonluq sitrus meyvələrinin saxlanması üçün soyuducu kameranın tikintisi başa çatdırılmışdır.
Dövlət Proqramının icrası ilə əlaqədar ucqar dağ ərazisində 180 şagird yerlik Toradi kənd tam orta məktəbi üçün yeni bina tikilib istifadəyə verilmiş, hazırda rayonun 220 yerlik Suparibağ kənd, 360 yerlik Astara şəhər 7 saylı tam orta və 180 yerlik Rudəkənar kənd ümumi orta məktəb binalarının tikintisi, şəhər 2 saylı uşaq bağçasında əsaslı təmir işləri davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2011-ci il tarixli və 23 noyabr 2011-ci il tarixli Sərəncamları ilə ayrılmış vəsait hesabına rayon mərkəzi xəstəxanasının əsaslı təmiri və yenidən qurulması, Kijəbə qəsəbəsində abadlıq işləri başa çatdırılmışdır. Eyni zamanda ayrılmış vəsait hesabına xəstəxana ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş, ərazisində yaşıllıqlar salınmış, abadlıq işləri görülmüşdür.
Şəhərin Heydər Əliyev prospektində 65 metr hündürlüyündə Dövlət Bayrağı meydanı salınmışdır. Azərbaycan və Ruhulla Axundov küçələrində yolun hər iki tərəfinə səki daşları düzülmüş, yaşıllaşdırılma işləri aparılmış, işıqlandırma sistemi yenidən qurulmuşdur. Azərbaycan küçəsində Astara Gömrükxanasının ətrafındakı ticarət və iaşə obyektləri müasir tələblərə uyğun yenidən qurulmuş, fasad hissələri alkoponla üzlənmiş, yolun asfaltlaşması başa çatdırılmışdır.
Rayonda qaz xətlərinin yenidən qurulması və əhalinin qaz təminatının daha da yaxşılaşdırılması məqsədi ilə 2011-ci ildə 730 evə yeni qaz xətti çəkilməklə sayğaclaşdırılmışdır.
Rayonun Pensər, Kakalos, Ojəkəran, Kolatan, Şiyəkəran kəndlərinin qaz təchizatı bərpa edilmişdir. Sərək, Şüvi, Siyatük kəndlərinin qazlaşdırılması üçün yeni aparıcı qaz xətləri çəkilmiş, Şahağacı, Bala Şahağacı kəndlərinin qaz xətlərinin bərpası üçün hazırlıq işləri davam etdirilir. Rayon üzrə quraşdırılmış sayğacların ümumi sayı 10 min 602-yə çatdırılmışdır.
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq rayonda kənd təsərrüfatının inkişafı sahəsində mühüm tədbirlər görülmüşdür.
Çayçılığı inkişaf etdirmək məqsədilə çay plantasiyalarında 190 ha sahədə aqrotexniki qulluq işləri həyata keçirilmiş, çay plantasiyalarından 363,2 ton yaşıl çay yarpağı yığılmışdır. Çayçılıq üçün əlverişli şəraiti olan Şüvi ərazi nümayəndəliyində 111 hektar yeni çay plantasiyası salınmışdır.
İl ərzində 1600 hektar sitrus və meyvə bağlarından 23 min 220 ton məhsul yığılmışdır.
Sahibkarlarımız Bakı şəhərinin ayrı-ayrı rayonlarındakı satış yarmarkalarında fəal iştirak etmiş, il ərzində istehsal etdikləri 826 ton müxtəlif kənd təsərrüfatı məhsullarını yarmarkalarda satışa çıxarmışlar.
Bakı şəhərində keçirilən “Arıçılıq məhsullarının sərgi-satış yarmarkası”nda rayonumuzun 125 nəfər arıçısı iştirak etmiş, 36 ton bal və digər arıçılıq məhsulları satılmışdır.
Rayonun mədəniyyət müəssisələri rayon və yerli əhəmiyyətli mədəni-kütləvi tədbirlərin hazırlanıb həyata keçirilməsinə diqqəti artırmışlar.
Milli Qurtuluş günü və Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibəti ilə rayonun Heydər Əliyev parkında respublikanın tanınmış incəsənət ustaları 10 minə yaxın astaralı qarşısında böyük bayram konserti ilə çıxış etmişlər. Tədbirlər atəşfəşanlıqla yekunlaşdırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən 2011-ci ilin “Turizm ili” elan olunması ilə əlaqədar rayonda xeyli iş görülmüşdür. Coğrafi cəhətdən çox əlverişli ərazidə yerləşən rayonumuzda turizmin inkişafı üçün hər cür şərait vardır. Son illər rayon mərkəzində dörd ulduzlu “Şindan” hoteli, Siyaku kəndində “Abşeron” turizm istirahət mərkəzi, Xəzər dənizinin sahilində “Ailə İstirahət Mərkəzi” və digər turizm obyektləri inşa edilmişdir.
Rayon İcra hakimiyyətində fəal qadınlar, ağsaqqallar, gənclər, sahibkarlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Böyük Vətən Müharibəsinin veteranları, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri ilə görüşlər, “Ulu öndər Heydər Əliyev müstəqil dövlətimizin xilaskarıdır” mövzusunda keçirilən konfrans, böyük maraqla qarşılanmışdır.
20 yanvar faciəsinin ildönümü, Xocalı soyqırımı, Novruz bayramı, 31 mart Azərbaycanlıların soyqırımı günü, Ulu Öndər Heydər Əliyevin doğum günü, 28 may Respublika günü, 15 iyun Qurtuluş günü, Dövlət Müstəqilliyi günü, Ümummilli lider Heydər Əliyevin anım günü və digər tarixi gün və əlamətdar hadisələrin qeyd olunmasına xüsusi diqqət yetirilmişdir.
Rayonun ictimai-siyasi həyatını əks edən «Astara» qəzetinin yeni formatda tirajının 1000 nüsxəyə çatdırılması geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanmışdır.
Rayon İcra hakimiyyəti müstəqil respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi naminə mümkün olan bütün tədbirləri həyata keçirmişdir. 2011-ci ildə həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan 646 nəfər gənc hərbi xidmətə yola salınmışdır.
Rayonda fəaliyyət göstərən bələdiyyələrin ərazi nümayəndəlikləri ilə birgə əlaqəli işi təmin edilmiş, yerli əhəmiyyətli məsələlərin həlli istiqamətində tədbirlər həyata keçirilmişdir.
30 noyabr 2011-ci il tarixdə bələdiyyələrdə vakant yerlərə keçirilən seçkilərlə əlaqədar təbliğat, təşviqat işləri üçün lazımi şərait yaradılmış, seçkilərin tam demokratik şəkildə keçməsi təmin olunmuşdur. Rayonun 6 bələdiyyəsində 23 seçki məntəqəsi üzrə 7 vakant yerə seçkilər keçirilmiş, bütün məntəqələrdə layiqli namizədlər dəstəklənərək bələdiyyə üzvü seçilmişlər.
2012-ci ilin “İdman ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə rayonda görüləcək işlər barədə geniş proqram hazırlanmışdır. Yeni tikilmiş Olimpiya İdman Kompleksi “İdman ili”nə ən böyük hədiyyədir.
Ötən müddət ərzində rayonda 38 mindən çox ağac əkilmişdir. Ələt-Astara magistral yolunun və yenidən qurulmuş Astara-Bala Şahağacı avtomobil yolunun kənarlarında və Olimpiya idman kompleksinin ətrafında 6 minə yaxın ağac əkilmiş, onların mühafizəsi təmin edilmişdir.
2011-ci ildə rayon İcra hakimiyyətində 1905 ərizə və şikayət qeydə alınmış, bunlardan 1072 ərizə vətəndaşlardan, 833 ərizə yuxarı təşkilatlardan daxil olmuşdur. Daxil olmuş müraciətlərdən 1496-sı ərizə, 390-ı şikayət, 19-u isə təklif olmuşdur. Rayon üzrə hər min nəfərə 19 ərizə düşür. Bu da ümumi əhalinin 1,8 %-ni təşkil edir.
39 səyyar qəbul keçirilmiş, 224 nəfər vətəndaşın müraciətləri əsasında qaldırılan problemlər yerindəcə həll edilmişdir.
Hesabat ilində rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın iclaslarında iş planına uyğun olaraq 38 məsələ müzakirə olunmuşdur. İş planında nəzərdə tutulmuş məsələlər Azərbaycan Respublikasının qanunlarının, Prezidentin fərman və sərəncamlarının yerlərdə icrası vəziyyəti, rayonun sosial-iqtisadi inkişafı, ictimai-siyasi vəziyyəti, təhsil, səhiyyə, mədəniyyət sahəsində görülən işlər, enerji haqlarının yığılması, vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması, digər problemlərin həlli ilə bağlı olmuşdur.
Rayon icra hakimiyyətinin təsdiq etdiyi qrafik əsasında şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə, idarə, müəssisə və təşkilatlarda 2011-ci ildə görülmüş işlər və 2012-ci ildə qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncaqları keçirilmişdir. Bu yığıncaqlarda vətəndaşların rəy və təklifləri dinlənilmiş, qaldırılan məsələlərin yerində həlli üçün lazımi tədbirlər həyata keçirilmişdir. Qaldırılan problemlər əsasən kənd ara yollarının asfaltlaşdırılması, kəndlərin qazlaşdırılması, yeni iş yerlərinin açılması, elektrik xətlərinin və dirəklərinin dəyişdirilməsi, məktəb və körpülərin tikintisi və sair barədə olmuşdur. Yerlərdə həlli mümkün məsələlər barədə verilmiş təkliflərlə əlaqədar müvafiq tədbirlər müəyyənləşdirilmiş, qaldırılan digər mühüm problemlər isə ümumiləşdirilərək Azərbaycan Respublikası Prezidenti Administrasiyasına göndərilmişdir.
2011-ci ildə həyata keçirilən tədbirlər, görülmüş işlər şübhəsiz ki, bizi arxayınlaşdırmır. İndi qarşıda daha mühüm vəzifələr durur. 2012-ci ildə rayonumuzun gündən-günə abadlaşması naminə təxirəsalınmaz işlər görülməlidir.
Astara şəhərində kanalizasiya sisteminin qurulması, mərkəzləşdirilmiş istilik sisteminin yaradılması, rayonda qazlaşdırmanın başa çatdırması, elektrik təsərrüfatının yenidən qurulması, əhalinin içməli su ilə təminatı, şəhid ailələri və əlillər üçün yaşayış evinin, 8 məktəb və 5 inzibati ərazi nümayəndəliyi üçün yeni binanın, 5 piyada və avtomobil körpüsünün tikintisi, 10 ictimai yaşayış binasının və 5 məktəb, 3 uşaq bağçasının əsaslı təmiri, 93 km qəsəbə və kənd yollarının asfaltlaşdırılması, dağlıq ərazidə yerləşən kənd yollarının əsaslı təmiri ən vacib məsələ kimi gündəlikdə durur.
Hesabat məruzəsi oxunarkən RİAS xidməti vasitəsi ilə diaqramlar və foto şəkillər monitorda nümayiş etdirilmişdir.
Rayon Təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyn, rayon Maliyyə idarəsinin müdiri Cavid Abbasov, Gənclər və İdman idarəsinin rəisi Ərçə Əliyev, Telekommunikasiya Qovşağının müdiri Ələkbər Həmzəyev, “Emin” çayçılıq fermer təsərrüfatının rəhbəri Nizami Rəsulov, 52 saylı Yoli İdarəsinin müdiri Qurban Əliyev, Kijəbə qəsəbə ərazi nümayəndəsi Rəfail Babayev, rayon Suvarma Sistemləri İdarəsinin rəisi Habil Manafov, Astara Qaz İstismarı İdarəsinin müdiri Zahir Rzayev, Milli Məclisin deputatı Aslan Cəfərov, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov çıxış etmişlər.
Hesabat yığıncağının qərarı əlavələrlə birlikdə qəbul edilmişdir.
Hesabat yığıncağının sonunda Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.
 

Keçidlər