Astarada ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir
Xalqımızın Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə astaralılar daim hörmət və ehtiram bəsləyirlər. 11 dekabr 2014-cü il tarixdə Ulu Öndərin anım günü ilə əlaqədar Astarada “Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin yolu ilə irəliləyir” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoymuşlar. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin şərəfli ömür yolunun, görkəmli siyasi və dövlət xadimi kimi möhtəşəm fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən eksponatlara baxmışlar.
Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfransı icra başçısı Qəzənfər Ağayev açaraq qeyd etmişdir ki, bu günlər ölkəmizin hər yerində, azərbaycanlıların yaşadıqları və fəaliyyət göstərdikləri bütün dünya ölkələrində Ümummilli Liderimiz Heydər Əliyevin anım günü qeyd edilir. Keçirilən tədbirlərdə Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, ümumbəşəri fəaliyyətindən geniş söhbət açılır, xatirəsi ehtiramla yad edilir.
Heydər Əlirza oğlu Əliyev 1923-cü ildə Naxçıvan şəhərində dünyaya göz açmışdır. Xatırlatmaq istəyirəm ki, ötən əsrin qırxıncı illərindən respublika hüquq mühafizə orqanlarında fəaliyyətə başlamış, Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə kimi yüksəlmiş, 1969-cu ilə qədər bu vəzifədə çalışmışdır.
1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə rəhbərlik edən Heydər Əliyev Azərbaycanı geridə qalmış aqrar respublikadan çiçəklənən, yüksək inkişaf edən bir diyara çevirmişdir. Həmin dövrdə ölkəmiz sənaye, kənd təsərrüfatı, milli kadr potensialının formalaşdırılması, Azərbaycan dilinin Konstitusiyada təsbit olunması və başqa mühüm istiqamətlərdə böyük nailiyyətlər qazanmışdır.
1982-1987-ci illərdə Heydər Əliyev Sovetlər birliyində Siyasi Büronun üzvü olmaqla SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə yüksəlmiş, o dövrdə ölkənin ən mühüm sahələrinə rəhbərlik ona etibar edilmişdir.
Azərbaycana qarşı bədxah niyyətlərini həyata keçirmək üçün Heydər Əliyevin xalq arasında böyük nüfuzundan xoflanan qüvvələr onu müxtəlif bəhanələrlə sovet idarəçiliyindən uzaqlaşdırmağa nail oldular. Bu böyük insan bir də 1990-cı ildə xalqının başına gətirilən müsibətlərə dözməyərək siyasi səhnəyə qayıtmağa məcbur oldu. Qanlı 20 yanvar faciəsi törədilən zaman Moskvada yaşayan Heydər Əliyev özünün və doğmalarının həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın burada fəaliyyət göstərən daimi nümayəndəliyinə gəldi və dünyanı silkələyən siyasi bəyanatla çıxış etdi.
Ulu Öndərin xalqın təkidi ilə ikinci dəfə siyasi səhnəyə qayıdışına diqqəti çəkən natiq qeyd etmişdir ki, Heydər Əliyev 1990-cı ilin sentyabrında Naxçıvan Muxtar Respublikası və Azərbaycan Respublikasının Xalq Deputatı seçilməklə həyatının daha gərgin, məsuliyyətli və şərəfli dövrü başlandı. O, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işlədiyi dövrdə respublikadan təcrid olunmuş, blokada şəraitində yaşayan Naxçıvana yeni ümid və həyat vermişdir. Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvanda Azərbaycanın üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edilmişdir.
Həmin illər Azərbaycan Respublikası öz çətin günlərini yaşayırdı. Ölkəmiz elan olunmamış müharibəyə cəlb edilmiş, Dağlıq Qarabağ və bir sıra ətraf rayonlar düşmən tərəfindən işğal edilmişdi. Soydaşlarımız doğma yurd-yuvalarından didərgin düşmüş, ölkədə xaos, hərc-mərclik, vətəndaş müharibəsi şəraiti yaranmışdı. Xalqın yeganə ümidi Naxçıvana dikilmişdi. Xilas yolunu Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışında görən Azərbaycan xalqı təkidlə onu xilaskarlıq missiyasını yerinə yetirməyə dəvət etdi. Beləliklə, Ulu Öndər 1993-cü ildən ömrünün sonuna qədər, yəni 2003-cü ilədək memarı və qurucusu olduğu Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etmişdir.
Təcrübəli dövlət xadimi, bütün zamanların görkəmli siyasətçisi, dünya şöhrətli ümumbəşəri insan olan Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək Böyük Xilaskar rolunu oynamış, bizim üçün bugünkü Müstəqil Azərbaycanımızı yaratmışdır. Bu gün Azərbaycanımızın yüksək inkişafı və tərəqqisinə görə, dünya ölkələri arasında hörmətlə qəbul edilməsi və qazandığı nailiyyətlərinə görə Heydər Əliyev dühası qarşısında baş əyirik. Ulu Öndərimizin varisçilik ənənələrinə daim sadiq olan ölkə Prezidentimiz möhtərəm cənab İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirir. Bu gün Azərbaycanın dövlət büdcəsi 20 milyard manatdır. Ölkəmizin illik hərbi xərcləri 5 milyard manat təşkil edir ki, bu da Ermənistanın dövlət büdcəsindən 1,5 dəfə çoxdur. Fəzaya özünün ilk süni peykini buraxan Azərbaycan adını kosmik ölkələr sırasına daxil etmiş, xüsusən son on ildə bütün sahələrdə yüksək inkişafa nail olaraq dünya ölkələrinin etibarlı tərəfdaşına çevrilmişdir. Müxtəlif mövzularda mühüm beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi, 2015-ci il ilk Avropa idman oyunlarının ölkəmizdə planlaşdırılması dediklərimizə bariz nümunədir. Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini nəzərə alaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Heydər Əliyevin müəyyən etdiyi siyasi yolla inkişaf edən Müstəqil Azərbaycanımız inanırıq ki, daha böyük nailiyyətlər əldə edəcəkdir.
Mən Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə təşkil olunmuş elmi-praktiki konfransı açıq elan edir, Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyinizi xahiş edirəm.
Elmi-praktiki konfransda rayon İcra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulovanın “Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin yolu ilə irəliləyir” mövzusunda məruzəsi dinlənilmişdir.
Rayon Təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, Astara Pedaqoji Kollecin direktoru Əlihəsən Həmzəyev, Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Astara Poçtamtının rəisi Aqil Əhmədov, rayon Mərkəzi Kitabxanasının müdiri Tural Eyvazov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev və başqaları çıxışlarında dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycanın inkişafı, Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu, ölkədə iqtisadiyyatın, elm və mədəniyyətin yüksək səviyyəyə qaldırılması, əldə edilmiş müstəqilliyin möhkəmləndirilməsi, xalqlar arasında qarşılıqlı əlaqələrin və dostluğun gücləndirilməsi sahəsində əvəzsiz xidmətlərindən danışmış, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın dünya birliyində özünə layiqli yer tutmasını xüsusilə vurğulamışlar.