Astaralılar Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad etdilər
Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin xatirəsi astaralılar üçün çox əzizdir. Qədirbilən Astara əhalisi Ulu Öndərin Respublikaya rəhbərliyi dövründə rayona 11 dəfə səfər etməsini, göstərdiyi diqqət və qayğını heç vaxt unutmur, Astara haqqında dediyi xoş sözləri bu gün də qürur və minnətdarlıq hissi ilə xatırlayırlar. Ulu Öndərin anım günü ilə əlaqədar rayonda silsilə tədbirlər keçirilmişdir.
Dekabrın 12-də Astara şəhərindəki Heydər Əliyev adına meydana 10 mindən çox rayon sakini toplaşmışdı. Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqqallar, gənclər, rayon ərazisindəki hərbi hissələrin əsgər və zabit heyəti, məktəblilər Ulu Öndər Heydər Əliyevin meydandakı abidəsi önünə əklillər, tər gül dəstələri qoyaraq sonsuz ehtiramlarını bir daha nümayiş etdirmişlər.
Sonra mərasimdə iştirak edənlər Heydər Əliyev Mərkəzində olmuş, Ümummilli Liderin şanlı həyat yolunu, siyasi və dövlət xadimi kimi müdrik fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən eksponatlara baxmış, Astara rayonuna səfərindən bəhs edən video filmə tamaşa etmişlər.